Eyni gündə 3 güclü zəlzələ - Azərbaycana təhlükə yaxınlaşır?
6-03-2024, 09:54

Son vaxtlar dünyada baş verən zəlzələlərin artması insanların bu mövzuya olduqca narahat və həssas yanaşması ilə müşayiət olunur. Zəlzələ təbii fəlakətlər arasında ən qorxulusu və dəhşətlisi olduğuna görə bəzən zəlzələ baş verəndə hansısa fəsadlar olmasa da bu, insanların psixologiyasına belə mənfi təsir edir. Bu mövzu xüsusilə də ötən ilin əvvəlində, fevralın 6-da qardaş Türkiyədə baş verən güclü və dağıdıcı zəlzələdən sonra daha da aktuallaşıb. Elə son günlər də dünyanın ayrı-ayrı ölkələrində maqnitudası 5 baldan yuxarı olan zəlzələlər baş verir.
Ötən gün yerli KİV-də yayılan məlumatlar insanları daha da vahiməyə salıb. Məlumata görə, Afrika fayı parçalanmağa davam edir. Bildirilir ki, Afrika fayının parçalanması dünyada, xüsusən də Avropada zəlzələlərin artmasına səbəb olacaq.
Bundan əlavə bir neçə gün əvvəl səhər saatlarında Qazaxıstan və Qırğızıstan sərhədində baş verən və əhalinin ciddi təşvişinə səbəb olan 5,4 bal gücündə zəlzələnin ardınca Türkiyədə də yeraltı təkanlar qeydə alındı. Gün ərzində qardaş ölkədə 5 zəlzələ oldu ki, bunun da ən güclüsü axsam saat 21:39-da (yerli vaxtla) Çanaqqalada (4,9 bal) baş verdi. Bu gün səhər saatlarında isə cənub qonşumuz İran 5,5 bal gücündə zəlzələ ilə silkələnib.
Qanşu ölkələrimizdə, eləcə də dünyada son günlər artan zəlzələlər Azərbaycanda da güclü zəlzələ olacağı ehtimalını artırıb.
Məsələ ilə bağlı Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin Qiymətləndirilməsi şöbəsinin müdiri Qulam Babayev Referans.az-a açıqlamasında deyib ki, ümumiyyətlə, fayların qırılması, tektonik pozulmalar və yerdəyişmələr il ərzində baş verir:
“Ümumi dünyada hərəkətlərin nəticəsində qırılmalar baş verir və zəlzələnin baş verməsi də tektonik plitələrin biri-birilə toqquşması nəticəsində seysmik dalğalar yayılır, bu da yerin titrəməsi ilə sonlanır. Bu istər Afrika, istər Avropa, istərsə də Asiya qitəsində il ərzində müşahidə olunur. Lakin 2024-cü il ərzində bu aktivləşmə davam edəcək. Bu hərəkətliliyin davam etməsi fayların qırılması, yerdəyişmələrin artması və plitələrin toqquşmasının intensivləşməsi 2024-cü ildə daha çox müşahidə olunur. 2023-cü ilin sonları Xəzər dənizində olan zəlzələlər Bakıda da hiss olunmuşdu və həmin zaman da demişdim ki, 2024-cü il seysmik və tektoniklik baxımından yadda qalacaq”.
Seysmoloq qeyd edib ki, ilin əvvəlindən dünyada və Azərbaycanda titrəşimlər artıb. Onun sözlərinə görə, bu günə qədər 1 yanvarda Yaponiyada baş verən güclü zəlzələ, daha sonra Qazaxıstan, Çin və Qırğızıstdan dəfələrlə silkənməyə məruz qalıb: “Eyni zamanda İranda, dünən isə Almatada güclü zəlzələ oldu. Biz bu dövrü yaşayırıq, kainat bir-birilə əlaqədədir. Dünən Çanaqqalada da 4,9 bal gücündə zəlzələ baş verdi, bu İstanbulda da hiss edildi. Azərbaycanda da hiss olunan zəlzələlər olacaq. Ola bilməz ki, ətraf bölgələr tektonik cəhətdən aktivləşsin, amma Azərbaycan sakitlikdə qalsın. Bu mümkün deyil, çünki qonşu plitələr bir-birlə əlaqədədir”.
Qulam Babayev əlavə edib ki, qonşu ölkələrdə aktivləşmə gedirsə, bizdə də gedəcək. Zəlzələnin yerini, zamanını və gücünü heç bir seysmoloq deyə bilməz. Amma ehtimal qiymətləndirməsi baxımından, təhlil nəticəsində deyə bilərəm ki, Azərbaycanda bu il zəlzələlər qaçınılmazdır.