Siyavuş Novruzov:“Yalandır. Belə bir fikir söyləməmişəm."

15-08-2016, 09:46           
Siyavuş Novruzov:“Yalandır. Belə bir fikir söyləməmişəm."
Deputat sosial şəbəkənin bağlanmasını istəməyib, amma özü deyir ki...
Sosial şəbəkələrdə YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovun adından açıqlama yayılıb. Açıqlama ciddi müzakirə mövzusuna çevrilib. Deputatın ölkəmizdə sosial şəbəkələrin qəti şəkildə bağlanması ilə bağlı fikirlər səsləndirdiyi deyilir.

Doğrudur, onun adından səslənən fikirlər heç bir mətbuat orqanının xəbərinə çevrilməyib. Bu da məlumatın doğruluğuna kölgə salıb. Amma bununla belə S.Novruzov ciddi tənqidlərə tuş gəlib. Onun adından yayılan açıqlamada bu fikirlər yer alır: “Düşünürəm ki, ölkəmizdə sosial şəbəkələr birmənalı olaraq qəti şəkildə bağlanmalıdır. Cavanlarımız lazımsız işlərlə məşğul olurlar. İnanıram ki, bu, yaxın zamanlarda baş tutacaq”.

Barəsində yayılan açıqlama ilə bağlı deputatın mövqeyini öyrəndik. YAP-ın icra katibinin müavini məlumatı təkzib etdi: “Yalandır. Belə bir fikir söyləməmişəm. Bir neçə dəfə sosial şəbəkələrdə adımdan məlumat yaymağa çalışıblar. Bu barədə təkziblərimi daim vermişəm. Bu məlumatı yayanlara münasibətim ondan ibarətdir ki, sosial şəbəkələrin əsas problemlərindən biri məhz budur. Başqa birisinin adından belə yalan məlumatlar dərc edirlər. Yaxud da başqa birisinin adından bəzi məsələlərə şərh yazırlar. Burada canlı ünsiyyət yoxdur. Kimin kimliyi bu prosesdə bəlli deyil. Bir neçə dəfə yarışlar keçirmişik. Bu yarışlarda sosial şəbəkələrdə qalib gələnləri mükafatlandırmışıq. Sonradan araşdırma aparanda görmüşük ki, sosial şəbəkələrdə adı olan şəxs tamam başqa birisidir. Məsələn, onu hazırlayıb verən onun valideyni, yaxud yaxın birisidir. Çox vaxt sosial şəbəkələr reallığı əks etdirmir. Bir də görürsən ki, biri xaricdə oturub müxtəlif məsələlərə şərh verir, dilimizi bilən ermənilər də bundan istifadə edirlər. Ordu, dövlət quruluşu haqqında dezinformasiyalar yayırlar. İnsanlar da bunu müzakirə etməyə başlayırlar. Sonradan məlum olur ki, bu xəbəri yayan şəxsin Azərbaycana heç bir aidiyyəti yoxdur. Qəsdən belə məsələləri ortaya atırlar. Xaricdə siyasi sığınacaq almaq istəyən, eləcə də, cinayət törətmiş şəxslər sosial şəbəkələr vasitəsilə belə məsələlərdən istifadə edirlər. Sosial şəbəkələrlə bağlı mövqeyim başqa cürdür. İndi konstitusiyada nəzərdə tutulan əlavə və dəyişiklərdə sosial şəbəkələrdən istifadə ilə bağlı bəzi maddələr salınıb. Heç bir şəxs digərinin şərəf və ləyaqətini təhqir etməməli, hüququnu pozmamalıdır. Çünki bəzən başqasını təhqir edəni tapmaq mümkün olmur. Nəticədə istədiklərini yazırlar. 3 min tirajla çıxan bir qəzetdə kimsə təhqir olunursa, məhkəməyə verilir, təhqir edənin kimliyi məlum olur. Nəticədə həmin şəxs qanun çərçivəsində cəzasını alır. Amma yarım milyondan artıq istifadəçinin olduğu sosial şəbəkədə kimsə təhqir olunur, amma onu təhqir edənləri cəzalandırmaq mümkün olmur”.

Deputat sosial şəbəkələrin Azərbaycanda fəaliyyət göstərməsinin lehinə olduğunu söylədi: “Ümumi nəzarət lazımdır. Dünyanın əksər öndə olan ölkələrində bununla bağlı qaydalar var. Şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçirsən, istənilən fikri, şərhi yaza bilirsən. Əgər kimisə təhqir edirsənsə, məhkəmədə cavab verirsən. Qanuni forma budur. Bizdə sosial şəbəkələrdə keçmişdə yazılan anonim məktublara bənzəyir. İstənilən şəxsin adından istənilən fikirləri yazırlar. Həmin şəxs də məlumatı görməyibsə, təkzib verməyibsə, müzakirə obyektinə çevrilir. Sosial şəbəkələrdən istifadə etmirəm. Kim adımdan məlumat yayırsa, indidən hər kəs bilsin ki, dezinformasiya xarakterlidir. Ancaq qanuni fəaliyyətə üstünlük verirəm”.
Qeyd edək ki, zaman-zaman Azərbaycanda sosial şəbəkələrin olub-olmaması ilə bağlı ikili mövqelər səslənib. Ən çox müxalifət düşərgəsi bunun olmasının lehinə çıxış edib. Deputatın adından yayılan bu xəbər isə, sosial şəbəkələrin fəaliyyətini yenidən gündəmə gətirib.
Sosial şəbəkələrdən aktiv iştirak edən AĞ Partiyanın sədri Tural Abbaslı hesab edir ki, bu məsələ zaman-zaman gündəmə gətirilir: “Belə fikirlər təsadüfi deyil. Hakimiyyət dəhlizlərində sosial şəbəkələrlə bağlı müzakirələrin getdiyi istisna deyil. Çünki siyasi fəaliyyətin hazırda əsas aktiv olduğu məkan sosial şəbəkələrdir ki, hakimiyyət bundan narahat olmamış deyil. Çünki internet azaddır. Ölkəmizdə sosial şəbəkələr bağlansa, iqtidar özünü sivil dünyadan təcrid etmiş olar. Nəticədə Afrika ölkələri sırasına düşər. Sosial şəbəkələrdən təbii ki, öz məkrli niyyətləri üçün istifadə edənlər olub, bundan sonra da olacaq. Dünyada da belədir. Elə bir əsrdə yaşayırıq ki, internet məkanının bağlamaq mümkünsüzdür. Açığı inanmıram ki, hakimiyyət belə bir addım atar”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa sosial şəbəkələri bağlamağın çətin olduğunu söylədi: “Bununla dünya texnoloji inqilabına qarşı çıxış etmək lazım olar. Sərhədləri bağlayıb, qapalı ölkəyə çevrilmək Azərbaycana nə dərəcədə lazım ola bilər? Azərbaycan, əksinə, dünyaya açılım etmək istəyir. Sosial şəbəkələr qapadılsa, ölkəyə kim gələ bilər, yaxud bu ölkə ilə hansı dövlət əməkdaşlıq edər? Əgər bir problem varsa, qanunvericilik yolu ilə bunlar aradan qalxmalıdır”.
musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.