Xaricdən gələn pulun azalması bölgələrdə problem yaradır
15-08-2016, 09:51
Məlum olduğu kimi, xaricdən ölkəyə gələn pul baratları son iki ildə 47,1 faiz azalıb. Bu ilin ilk altı ayı ərzində ölkəyə xaricdən 423 milyon dollar pul köçürmələri olub. Bu rəqəm 2014-cü ilin ilk 6 ayında 799 milyon dollar idi.
Pul baratlarının azalması Azərbaycanla başlıca tərəfdaş ölkələrdə iqtisadi aktivliyin zəif olması ilə izah edilir.
Ölkə əhalisinin dolanışığının əsasən, xaricdən asılı olması hamıya məlum məsələdir. Əvvəllər xaricdən insanlara daha çox pul baratları gəlsə də, Rusiya və digər yaxın ölkələrdə baş verən iqtisadi böhran vəsaitlərin həcminə kəskin şəkildə təsir edib. Həm iqtisadi böhran, həm də pul vəsaitlərinin köçürülməsində müşahidə edilən azalma əhalinin dolanışığında mənfi mənada təzahür edir.
Iqtisadçı ekspert Oqtay Haqverdiyev də deyir ki, Azərbaycana pul köçürmələri əsasən, Rusiyadan olub. Hətta vaxtilə 1 milyard dollara qədər köçürmələr də müşahidə edilib. Hazırda köçürmələrin azala-azala getdiyini deyən ekspert, Rusiyada bizneslə məşğul olan şəxslərin Ukraynaya, Türkiyəyə və digər ölkələrə səpələndiyini söyləyir: “Köçürmələrin azalması əsasən, sosial problem olduğu üçün müəyyən gərginlik yaranacaq. Əsasən də rayon yerlərində iş yerləri az olduğu üçün kənd təsərrüfatını inkişaf etdirmək daha vacibdir”.
Onu da qeyd edək ki, xüsusən bölgələrdə yaşayan əhalinin böyük bir hissəsi Rusiya, Ukrayna və s. xarici ölkələrdə çalışan yaxın qohumların göndərdiyi vəsait hesabına dolanır. Bu baxımdan, xaricdən gələn pulun azalması kənd yerlərində yaşayan əhali üçün ciddi dolanışıq problemləri yaradır.