Aslan İsmayılov Aygün Muradxanlıya qarşı – məhkəmə davaları niyə bitmir?
2-04-2024, 00:13
Bu gün tanınmış jurnalist, “Prime Tv”nin rəhbəri Aygün Muradxanlının evinə polis əməkdaşları gəlib. Polislər jurnalistə Səbail Rayon Məhkəməsinə məcburi qaydada aparılması üçün qərar verildiyini deyiblər.
Aygün Muradxanlı Musavat.com-a bildirib ki, ona qarşı Səbail Rayon Məhkəməsində iddia qaldıran hüquqşünas Aslan İsmayılovdur.
“Aslan İsmayılov təxminən 3 il öncə “LAF TV”nin efirində məni Sevinc Osmanqızı ilə müqayisə etdi. Ona qədər mən nə onun adını haradasa çəkmişdim, nə haqqında 1 kəlmə yazmışdım. Bütün jurnalistlik fəaliyyətim boyu… Amma çox yaxşı tanıyırdım onu. Adımı Azərbaycan dövlətinə qarşı olanlarla bərabər çəkməsindən sonra təbii, dayanmayacaqdım.
Azərbaycanlılara ölüm hökmü istəməsini mərkəzə qoyaraq Sumqayıt hadisələrindəki fəaliyyətilə bağlı 2 film çəkdim. Faktiki onu ifşa etdim. Sumqayıt işinin hakimi Mansur İbayevin məqaləsi, vəkil Elçin Qənbərovun kitabı, özünün Ramiz Mehdiyevə “əfv ərizəsi” və haqqında mediada gedən saysız faktlar əsasında. 1993-cü ildə rəhmətlik prezident Heydər Əliyevin onu Milli Məclisin tribunasından qovması, Rusiyadakı fəaliyyətilə bağlı təqdim etdiyi saxtakarlıqlar, hətta namizədlik dissertasiyasının saxta olması faktını üzə çıxardım. 1 il “Prime TV”yə təzyiq göstərdi. Məni istintaqa çağırıb dindirdilər, ofisdən çıxardılar, yayıma məhdudiyyətlər gətirdilər. 1 il sonra məni məhkəməyə verdi. Özü də təqdim etdiyim faktların doğru olmaması yox, filmdə ona “dələduz” dediyim üçün. Halbuki, bununla bağlı məhkəmə qərarı var. İş adamına qarşı dələduzluq etdiyi üçün Səbail məhkəməsi belə bir qərar çıxarıb. Yəni bizim mediada təkrar gedən faktları bir araya toplamağımız və məhkəmə qərarına əsasən ona dələduz deməyimiz heç bir cinayət tərkibi yaratmadığı halda haqqımda cinayət işi başlandı. 3 maddə üzrə təqsirli bilindim”, - deyə jurnalist qeyd edib.
Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanova hər 3 maddə üzrə jurnalisti təqsirli bilib və 1400 manat cərimələyib, Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb:
“Bu məhkəmə gedərkən biz “Prime TV”də Aslan İsmayılovun Milli Şuranın mitinqlərindən birindəki çıxışından fraqment vermişdik. Orada Milli Şura sədri Cəmil Həsənliyə “mənim liderim” deyir, hakimiyyəti isə Afrika qəbiləsi ilə müqayisə edir. Bu onun şəxsi fikridir və biz heç bir montaj-filan etməmişik. Yutub, TikTok, FB platformalarında minlərlə dəfə paylaşılıb həmin video. Məqsədimiz himayəçilərinə onu daha yaxından tanıtmaq olub. Özü danışır, görüntüdə özüdür… İndi Səbail Rayon Məhkəməsində yenidən haqqımda məhkəmə iddiası qaldırıb, yenə barəmdə 3 maddə ilə cinayət işi başlanmasını istəyir. Guya biz bu videonu yaymaqla onu təhqir etmişik… Buna qədər biz də onun haqqında qarşılıqlı iddia qaldırmışıq - FB səhifəsində məni, ailəmi, övladlarımı təhqir etdirir. Amma məhkəmələr bizim iddialarımızı icraata almır, qanun tələb etdiyi halda o, məhkəməyə çağırılmır. Özü olmadan hazırlıq iclası keçirilir və iddia rədd edilir. Amma o, məni məhkəməyə verəndə hakim dərhal məcburi gətirilmə qərarı çıxarır və ardımca polis göndərilir. Azərbaycan məhkəmələri, hüquq-mühafizə orqanları niyə Aslan İsmayılov məsələsində belə prinsipiallıq göstərirlər, anlaşılan deyil. Çıxıb müxalifət tribunasından danışıb, biz də onu efirə vermişik. Bu bizim işimizdir. Əgər Aslan İsmayılov Azərbaycanda toxunulmaz statusu alıbsa, lütfən, elan olunsun, jurnalistlər, ictimai xadimlər bilsinlər”.
Jurnalist bildirib ki, bütün bunlar “Prime TV”nin milliyyətçi mövqeyilə bağlıdır:
“Bizim sloqanımız - Silahımız söz, məqsədimiz Turandır. Hədəfə alınan bizim şəxsimizdə siyasi xəttimizidir. Azərbaycanın böyük Turan ailəsində möhkəmlənməsi keçmiş dönəmlərdə dövlətimizi əsarətdə saxlayan güclərin kabusuna çevrilib. Ona görə də zaman-zaman istifadə etdikləri şəbəkə üzvlərini yenidən işə salırlar. Təəssüf doğuran odur ki, kimlərsə bu işdə onların yolunu açır. Biz bu mərhələyə mücadiləmizin bir hissəsi kimi baxırıq. Cənab Prezident İlham Əliyev son çıxışlarının hamısında Azərbaycanın strateji xəttini aydın göstərib - bizim ailəmiz Türk Dövlətləri Birliyidir, bizim başqa ailəmiz yoxdur, deyib. Bu yolda ayağımıza dolaşanları dəf etmək üçün gücümüz də var, əzmimiz də. Kimsə şübhə etməsin”.