Azərbaycanda DƏHŞƏTLİ OLAYLAR - Son zamanlar kişilərə qarşı təcavüz hallarının artmasına səbəb nədir?
3-04-2024, 00:08
Son zamanlar Azərbaycanda kişilərə qarşı cinsi zorakılıq halları artıb. Ötən günlərdə təkcə Sabirabad rayonunda bir neçə ay ərzində fərqli yaş qruplarında olan üç yeniyetmə oğlana təcavüz olunub. Təbii ki, bunlar sadəcə görünən, ortaya çıxan faktlardır.
Qadınlara qarşı göstərilən cinsi istismar, təcavüz, cinsi zorakılıq halları daim gündəmdə olub. Artıq bu xəbərlərlə yanaşı kişilərə qarşı kişilər tərəfindən edilən belə əməllər də aktuallaşmağa başlayıb.
Cinsi istismar hallarının artmasında insanların psixoloji durumunun nə qədər rolu var? Bu tip hallara qarşı mübarizə hansı formalarda aparıla bilər?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.
“İnsan düşüncəsinin cinsiyyəti yoxdur. Eyni zamanda zorakılığın da cinsiyyəti yoxdur. Baş verən hər hansısa bir zorakılığın səbəblərini biz müşahidə etsək, görərik ki, zorakılıq fərdin qərarıdır. Zorakılıq anlayışına ümumi yanaşmaq düzgün deyil. Zorakılıq şəxsə görə dəyişir. Zorakılıq edən şəxs böyüdüyü mühitdə qarşılaşdığı müxtəlif travmaları ifadə etmiş şəxslərdir”.
Klinik psixoloq bildirib ki, Azərbaycanda zorakılığın artmasına səbəb cəmiyyətdə qapalı düşüncələrin olmasıdır.
“Azərbaycan cəmiyyətində insanlar problemlərini özləri həll etmək istəyirlər. Onlar düşünürlər ki, hansısa zorakılıq problemini başqasına desələr, ictimai qınaqla üzləşəcəklər. Ona görə də problemlərini hüquqi və psixoloji müstəvidə həll etmirlər. Susaraq heç bir problem həll olunmur. İstənilən problem ortaya çıxdığı zaman, onun problem olduğu dərk edilən andan danışılaraq həll edilməlidir. Buna görə də problemlərin aradan qalxması üçün ictimai maarifləndirilmələr aparılmalıdır”.
Rövşən Nəcəfov qeyd edib ki, baş verəcək zorakılıq hadisələrinin qarşısını almaq üçün hüquqi və psixoloji maarifləndirmə metodları təbliğ olunmalıdır.
“Psixologiyanın sərhəddi hüquqa qədərdir. Hadisədə artıq hüquq pozuntusu varsa, qanun öz işini görməlidir. Hadisənin baş verməsinin qarşısını almaq üçün psixologiya öz işini görməlidir. Bunlar birlikdə addımlayaraq cəmiyyəti aydınlada bilər” – deyə psixoterapevt fikirlərinə əlavə edib.
Fidan Vəlisoy