Hanter Baydenin iyun məhkəməsini yubatmaq barədə vəsatətini hakim rədd edib
15-05-2024, 09:01
UİLMİNQTON, DELAVAR – ABŞ prezidentinin oğlunun vəkillərinin işi yubatmaq barədə vəsatətini rədd edən hakim çərşənbə axşamı deyib ki, Hanter Baydenin silah işi üzrə federal məhkəməsi gələn ay keçiriləcək.
ABŞ Dairə Hakimi Maryellen Noreika Hanter Baydenin məhkəməni sentyabr ayına keçirmək istəyini rədd edib, hərçənd ki, müdafi tərəfi şahidləri sıralamaq və prokurorların verdiyi dəlilləri təhlil etmək üçün əlavə vaxt lazım olduğunu əsas gətirmişdi.
Prezident Co Baydenin oğlu təxminən 11 gün saxladığı silahı almaq üçün 2018-ci ilin oktyabrında doldurduğu anketdə narkotik maddədən istifadə etməsi barədə yalan danışmaqda ittiham olunur.
Günahsız olduğunu bildirən Hanter Bayden 2018-ci ilin bu dövründə kokain asılılığı ilə mübarizə apardığını etiraf edib, lakin vəkilləri onun qanunu pozmadığını bildiriblər.
Onun vəkilləri iddia ediblər ki, prokurorlar Respublikaçıların təzyiqinə boyun əyiblər. Onların arqumentinə əsasən, Demokrat prezidentin oğluna ilkin olaraq məqbul razılaşma təklif olunmuşdu, lakin siyasi təzyiqlər üzündən ona qarşı ittiham irəli sürülüb.
Lakin ötən ay işə baxan hakim Baydenin prokurorluğun bu işə xitam vermək üçün digər cəhdləri ilə yanaşı məsələnin siyasi motivli olduğu barədə iddiasını rədd edib. Ötən həftə ABŞ-ın 3-cü Dairə Məhkəməsi bu işin məhkəməyə irəliləyə biləcəyinə hökm verib.
Hanter Bayden keçən il vergi ittihamlarına görə təqsirkar olduğunu boynuna almalı idi və əgər iki il problemlərdən uzaq qalsaydı, silah ittihamları ilə üzləşməkdən yayınacaqdı. Bu, federal prokurorların prezidentin oğlunun biznes əlaqələri ilə bağlı illərlə apardığı istintaqın kulminasiya zirvəsi idi. Həmin o razılaşma cinayət işlərini bağlamış və 2024-cü il seçkiləri ərəfəsində Baydenləri qəzet manşetlərindən xilas etmiş olardı.
Lakin razılaşmanı imzalamalı olan hakim bunun əvəzində bununla bağlı bir sıra suallar qaldırdıqdan sonra anlaşma pozuldu.
Beləliklə Hanter Bayden Delavar ştatında üç odlu silah ittihamı ilə, və hazırda yaşadığı Kaliforniya ştatında ayrılıqda vergi cinayətləri üzrə ittihamlarla üzləşir.
O, Delavar ştatındakı işində iki dəfə yalan ifadə verməkdə ittiham olunur. Birincisi, o, saxta olaraq narkotikə aludə olmadığını, ikincisi isə federal qanunlar tərəfindən tələb olunan yoxlama sənədləri mağazaya verdiyini bildirmişdi. Üçüncü ittihamnaməyə görə, o, narkotik istifadəçisi olduğunu bilsə də, təxminən 11 gün silah saxlamışdı.
Kaliforniyada isə Hanter Bayden 2016-2019-cu illər arasında ən azı $1.4 milyon dollar vergiyə görə üç ağır və altı yüngül cinayətdə ittiham olunur. İttihamçılar onu vergilərini ödəmək əvəzinə milyonlarla dollar "ekstravaqant həyat tərzinə" xərcləməkdə ittiham edib. Bundan sonra həmin vergi borclarıi ödənilib.