Müğənninin başına oyun açdılar, divanda oturdub... - Bakıda ŞOK OLAY
14-06-2024, 16:38
Elçin Zəka kimi tanınan toy müğənnisi Elçin Kişiyevə qarşı quldurluq etməkdə təqsirləndirilən Hökumə Əşrəfzadə, onun bacısı Rəhimə Əşrəfzadə, Heydər Əkbərov və Zeynal Yusifovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən təqsirləndirilən şəxslər Hökumə Əşrəfzadə, onun bacısı Rəhimə Əşrəfzadə hər biri 8 il 3 ay, Heydər Əkbərova 10 il və Zeynal Yusifova 9 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, ötən il iyunun 6-da Bakı şəhərində Hökumə Əşrəfzadə və bacısı Rəhimə Əşrəfzadə, tanışları Heydər Əkbərov, Zeynal Yusifov qabaqcadan əlbir olaraq Elçin Kişiyevin evinə qanunsuz girməklə quldurluq etmək barədə razılaşıblar.
Rəhimə Əşrəfzadə Elçin Kişiyevlə əlaqə saxlayıb və gecə saat 23-dən sonra onun evində görüşmək üçün razılaşıblar. O, Zeynal Yusifovun idarə etdiyi avtomobillə həmin ünvana gəlib, aşkar olunamamaq üçün girişdən aralıda dayanıblar.
Rəhimə Əşrəfzadə avtomildən düşüb onu evdə gözləyən Elçin Kişiyevin yanına gedib, orada bir müddət olub. O, ayaqyoluna getmək bəhanəsi ilə həyətə çıxaraq küçədə gözləyən qrupun digər üzvlərinə məlumat verib və evə qayıdandan bir neçə dəqiqə sonra Heydər Əkbərov, Zeynal Yusifov, onların ardınca Hökumə Əşrəfzadə evə daxil olublar.
Zeynal Yusifov silah qismində istifadə etdiyi bıçağı tətbiq etməklə həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq ediləcəyi ilə hədələyərək Elçin Kişiyevə hücum edib, bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurub. Sonra Heydər Əkbərov və Zaur Zeynalov yıxıldığı yerdə yumruq və təpiklə Elçin Kişiyevi vurmağa davam edərək Hökumə Əşrəfzadəni zorlamaqda ittiham edib və buna görə cəzalandırılacağını bildiriblər.
Kapron qaytanla qollarını arxasında bağlayaraq divana oturdub, bədəninin müxtəlif nahiyələrinə vurduqları zərbələrin təsiri və bıçaqla zor tətbiq ediləcəyi hədəsi altında onun Hökumə Əşrəfzadə ilə cinsi əlaqədə olduğunu etiraf edərək danışmağa məcbur ediblər.
Heydər Əkbərov və Hökumə Əşrəfzadə telefonla danışıqlarının videoçəkilişini aparıb. Daha sonra Elçin Kişiyevin evdə olan pul və qiymətli əşyaların yerlərini soruşaraq, birgə hərəkətləri ilə ümumilikdə Elçin Kişiyevə 4 min 835 manat məbləğində ziyan vurmaqla quldurluq ediblər.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.3-cü (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) və 326.2-ci (vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə ittiham irəli sürülüb.