Uşaqları dənizə hansı saatda aparmaq faydalıdır? Pediatrdan "qızıl" tövsiyyələr
29-06-2024, 15:14
Qumla oynamaq uşaq sağlamlığına olduqca müsbət təsir göstərir.
Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Nuranə Hüseynova uşaqların çimərlikdən istifadəsi ilə bağlı qaydaları açıqlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, o, bildirib ki, çimərliyə getmək üçün ən optimal vaxt səhər 8:00-11:00 arası və axşam saat 17:00-dan sonradır.
Onun sözlərinə görə, 11:00-16:00 aralığında uşaqları Günəş altında saxlamaq ziyandır:
"Bu saatlarda günəş radiasiyasının ən ekstremal təhlükəli vaxtıdır. Məhz bu zaman intervalında uşaqlarda günəş yanıqları, günvurma halları baş verir. Uşaq orqanizminin möhkəmləndirilməsi üçün yayda günəş vannasından istifadənin müəyyən qaydalarına riayət etmək lazımdır.
Pediatr qeyd edib ki, orqanizmin normal funksiyası və yuxu rejiminin tənzimlənməsində D vitamini müxtəlif hormonların sintezi üçün çox vacibdir: "Onun təsiri nəticəsində qan dövranı, maddələr mübadiləsi yaxşılaşır, immunitet möhkəmlənir. Həmçinin, antidepressant və antibakterial xüsusiyyətlərə də malikdir".
Nuranə Hüseynova bildirib ki, müsbət cəhətləri ilə yanaşı, günəş şüalarının insan orqanizminə mənfi təsirləri də var: "Bunları yaradan onun tərkibində olan şüalardan asılıdır. Eyni zamanda, isti havalarda uşaqların geyiminə də diqqət yetirmək mütləqdir. Günəş şüasını udan tünd rəngli paltarlardan istifadə tövsiyə olunmur. Məqsədəuyğundur ki, əsasən günəş şüalarını əks etdirən açıq rəngli, yaşıl rəngli geyimlərə üstünlük verilsin. Həmçinin, dairəsi çiyinləri örtəcək ölçüdə papaqlardan istifadə olunmalıdır".
O, həmçinin qeyd edib ki, qumla oynamaq uşaq sağlamlığına olduqca müsbət təsir göstərir. Onun sözlərinə görə bu, maddələr mübadiləsini yaxşılaşdırmağa, dəri xəstəliklərinin, tənəffüs orqanlarının, sinir sisteminin fəaliyyətinin, oynaqların müalicəsində kömək edir:
"Eyni zamanda, qumlu səthdə ayaqyalın gəzmək ayaqlar üçün faydalıdır. Uşaqların qumla oynadığı zaman valideynlər təhlükəsizlik qaydalarına riayət etməlidilər. Zədələnən dəri ilə qumda oynamaq olmaz, çizilmələr və kəsiklər tamamilə sağalmalıdır. Əks halda yaraya infeksiyanın düşmə riski yüksəkdir"deyə mütəxəssis əlavə edib.
Pediatr qeyd edib ki, körpənin soyuq qumun üzərində oturmasına icazə verməyin.
"Bu, genital sisteminin iltihabı xəstəliklərinə səbəb ola bilər. Dəniz suyunun müalicəvi xüsusiyyətləri, suyun kimyəvi tərkibi qanın və insan orqanizminin hüceyrələrarası mayesinin tərkibinə yaxındır. Natrium, xlor, maqnezium, kalium, brom, yod ionları bədənə nüfuz edərək bütün sistemlərin işinə müsbət təsir göstərir" pediatr bildirib.
Pediatrın sözlərinə görə, dənizdə üzdükdən sonra bədəndə sinir uclarına uzun müddət təsir edən və sakitləşdirici təsir göstərən "duz paltarı" əmələ gəlir:
"Əgər uşağın dərisini dəniz suyu qıcıqlandırmırsa, duzu yumağa tələsməyin. Bunların təsiri əslində dənizdən çıxdıqdan sonra təxminən 20-30 dəqiqə davam edir. Digər tərəfdən, bədən hüceyrələri üzgüçülük zamanı toksinlər buraxır. Bu da qısa zamandan sonra yaxşı şəkildə yuyunmanı tələb edir. Dəridə xoralar və yaralar varsa, dəniz duzu onları daha da zədələyə bilər, dəri xəstəliyinə - dermatoza səbəb ola bilər".
N.Hüseynova sonda valideynlərə övladlarını sudan çıxandan 20-30 dəqiqə sonra yaxşıca yuyundurmağı tövsiyə edib.
"Dənizlə təmasın ilk dəqiqələrində səth damarlar daralır və qan daxili orqanlara axır. Sonra ilk üşümə istilik hissi ilə əvəz olunur, nəfəs dərinləşir, ürək döyüntüsü sürətlənir. Qan damarları üçün belə gimnastika yaxşı sağlamlıq prosedurudur" pediatr bildirib.
Onun sözlərinə görə, dənizdə hərəkət etmək quruda hərəkət etməkdən daha çətin olur:
"Bu da əzələlərin hidromasajına, yəni su ilə masajına səbəb olur. Uşaqlarda çimmək üçün minimum temperatur +22°C olmalıdır (2-3 yaşlı uşaqlar üçün +24°C). Suda qalma və ya üzməyi bacaran uşaqlarda üzmə müddəti 2-3 dəqiqədən 10 dəqiqəyə qədərdir. 30 dəqiqəlik fasilə ilə bir neçə seansda üzmək daha yaxşıdır".
Nuranə Hüseynova dəniz suyunun tərkibində yorğunluğu və əsəbiliyi aradan qaldırmağa kömək edən brom duzlarının olduğunu bildirib:
"Dəniz suyunun verdiyi duz "möhkəmləndirici" tənəffüs, sinir, həzm, dayaq-hərəkət, ürək-damar, endokrin sistemlər və dəri xəstəlikləri üçün faydalıdır. Yod isə qalxanabənzər vəzinin düzgün işləməsi üçün lazımdır, narahatlığı azaldır".
Pediatr bildirib ki, bir çox xəstəliklər zamanı dənizə girmək tövsiyə olunmur: "Bunlara bədəndə yod həddindən artıq olanlar, ürək-damar xəstəlikləri, xərçəng və yoluxucu xəstəliklərdən əziyyət çəkənlər üçün, dəridə açıq yaralar, xoraları olanlara, yaxın keçmişdə insult keçirənlərə, vərəm xəstələrinə və s aiddir. Epilepsiya, yəni qıcolmalı xəstələr mütləq nəzarət altında suya girməlidilər. Çünki onlarda suda qıcolma tutması müşahidə olarsa ən pis nəticəni, boğulma və ölüm baş verə bilər".
Günvurma məsələsinə də toxunan pediatr bildirib ki, günvurma günəş şüalarının uzun müddət insanın başına, bir başa təması səbəbindən meydana gəlir.
Onun sözlərinə görə, beyin toxumasını da əhatə edən dərin toxumaları istiləşdirə bilir:
"Qan və limfa damarları genişlənir. Bu da beyində olan boz maddənin sıxılmasına səbəb olur. Sinir hüceyrələri və ya neyronlar oksigensiz qalır və uzun müddət ciddi şəkildə günəş şüalarına məruz qalınma halında bu hüceyrələr ölürlər. Həssaslıq və hərəkət fəaliyyəti pozulur, ürək-damar, tənəffüs və digər bədən sistemlərinin iltihablı reaksiyaları baş verə bilər".
Pediatr qeyd edib ki, bunun əlamətlərinə ümumi zəiflik, baş ağrısı, başgicəllənmə, təngnəfəslik, nəbzin tezləşməsi, burun qanaması, qısamüddətli huşu itirmə, ürək bulanması və s. aiddir:
"Belə olan halda xəstəni kölgəyə və ya sərin bir otağa gətirin, baş və ayaqları qaldıraraq uzadın. Xəstəni rahatlaşdırmaq üçün boynunun və ayaq biləyinin altına bir şey qoyun. Eyni zamanda, sərin su verin, hər hansı bir parçanı su ilə nəmləndirin və sinəsinə sürtün. Huşu pozulduqda, nəbzi hiss olunmadıqda, tənəffüsün tutulması halında, həkimlər gələnə qədər süni tənəffüs və dolayı ürək masaj edin".
N.Hüseynova vurğulayıb ki, günvurma zamanı şəxsin vəziyyəti ağırlaşarsa, onu mümkün qədər tez bir zamanda yaxınlıqdakı tibb müəssisəsinə çatdırın: "Belə halların yaranmaması üçün olan ən sadə qayda, günorta saat 11.00-dan 17.00-a qədər uşaqları, həmçinin böyüklər özləri də günəş işığında çıxmamalarıdır. D-vitamini çox yaxşı olar ki, günün səhər və ya günorta saatlarında və mütləq yemək zamanı və ya yeməkdən dərhal sonra qəbul olunsun".
Onun sözlərinə görə, D vitamini müəyyən qədər oyanıqlıq, aktivlik yaradır və yuxu rejiminin pozulmaması üçün səhər saatlarında qəbul edilməsi tövsiyə olunur:
"Düzgün seçilən saatlarda günəşlənmək, təmiz dəniz və qum vannası uşaqların qışda xəstələnməsinin qarşısını almaq üçün ən təsirli vasitədir. Yayda təbiətin verdiyi sərvətlərdən düzgün yararlanmaqla uşaqları qışa hazırlamaq lazımdır".