"Kuşinq" sindromu nədir? Simptomlar və müalicələri hansılardır?
30-06-2024, 00:03
Kusinq sindromu orqanizmdə kortizol hormonunun həddindən artıq ifrazı nəticəsində yaranan bir vəziyyətdir. Kortizol, adətən, böyrəküstü vəzilər tərəfindən istehsal olunan və həyat üçün vacib olan bir hormondur. Bu hormon insana xəstəlik kimi stresli vəziyyətlərə cavab verməyə kömək edir. Demək olar ki, bütün bədən toxumalarına təsir göstərir.
Sindromun simptomları hər bir xəstədə yüngüldən şiddətə qədər geniş diapazonda özünü göstərir. Yetkinlərdə ən çox görülən simptom çəki artımıdır və xüsusilə, gövdədə özünü göstərir. Digər ümumi göstəricilər hipertəzyiq, yaddaş problemləri, diqqət və konsentrasiya itkisi kimi sıralana bilər.
Kortizol hormonunun həddən artıq ifrazı bədən toxumalarında protein itkisinə səbəb olur. Buna görə də, protein itkisi əzələ zəifliyinə gətirib çıxarır. Bədənin müxtəlif yerlərində yağlı toxuma yataqları görünür. Xüsusilə, üz və çiyinlər arasında yığılma nəticəsində qəribə bir vəziyyət yaranır.
Kuşinq sindromunun bəzi simptomları;
Narahatlıq
Yuxusuzluq
Zəiflik
Baş ağrısı
Depressiv əhval
Emosional nəzarətin itirilməsi
Sızanaqların artması
Üzdə qızartı
Osteoklaz
Sümüklərin asan qırılması
Həddindən artıq susuzluq
Tez-tez sidiyə çıxma
Yüksək qan şəkəri səviyyəsi
Həddindən artıq çəki artımı nəticəsində piylənmə
Təkrarlanan infeksiyalar
Dərinin incəlməsi və asan göyərmə
Qarın, omba, döş və qollarda çəhrayı və ya bənövşəyi uzanma izləri
Kuşinq sindromunun müalicə məqsədi bədəninizdəki yüksək kortizol səviyyələrini azaltmaqdır. Müalicə xəstəliyin səbəbinə uyğun olaraq planlaşdırılır.
Sindromun səbəbi kortikosteroid dərmanlarının uzun müddətli istifadəsidirsə, həkiminiz dərmanın dozasını müəyyən müddətə azaltmağı düşünə bilər.
Xəstəliyin səbəbi bir şişdən qaynaqlanırsa, cərrahi müalicə variantları qiymətləndirilir. Şiş toxumasını cərrahi yolla tamamilə çıxarmaq mümkün olmadıqda radioterapiya tətbiq edilir. Radioterapiya kifayət deyilsə, kortizol istehsalını boğan dərmanlar istifadə olunur.
Bu müalicə variantlarından heç biri uyğun və ya təsirli deyilsə, həkiminiz böyrəküstü vəzilərin cərrahi üsulla çıxarılmasını tövsiyə edə bilər. Bu prosedur kortizolun həddindən artıq istehsalını müalicə edir, lakin ömür boyu müəyyən dərmanlardan istifadə etməyi tələb edir.
Mənbə: Medicalpark
Tərcümə etdi: Fərahim Rzazadə
https://24media.az/