Ətrafımızdakı radio ötürücülərin, mobil operatorların baza stansiyalarının sağlamlığa təsiri varmı?
30-06-2024, 10:08
Azərbaycanda dövlət qurumu olaraq ilk dəfə İKTA elektromaqnit sahəsinin (EMS) insan sağlamlığına potensial təsiri mövzusunda araşdırma aparıb və bunu açıq formada dərc edib.
EMS, anlaşıqlı desək, bütün radioelektron vasitələri (baza stansiyaları, müxtəlif antenlər, ötürücülər və s.) tərəfindən ətraf mühitə yayılan elektromaqnit dalğalarının yaratdığı enerji şüalanmalarıdır.
İKTA -nın belə bir araşdırma aparması, beynəlxalq standartları və təcrübəni açıqlaması, müqayisələr aparması çox təqdirəlayiqdir.
Əvvəllər bu tip açıqlamalar ancaq müstəqil qurumlar və ekspertlər, media və vətəndaş cəmiyyəti tərəfindən olurdu.
Amma dərhal da qeyd edim ki, Azərbaycanda bu sahə ilə bağlı ciddi problemlər də var. İKTA Azərbaycandakı standatları, müqayisələri qeyd etsə də, real vəziyyətə elə də yer ayırmayıb. Görünür ki əllərində yetərli data olmayıb.
Gigiyena və Sanitar Epidemioloji Qurumun da mövcud Qaydalara uyğun olaraq radioelektron vasitələrə rəy verməsi prosesində şəffaflıq və hesabatlılıq yetərli hesab oluna bilməz.
Araşdırmada Azərbaycanda bu sahəyə nəzarətdə daha sərt yanaşma olduğu bildirilir. Şübhə etmirəm.
Amma reallıq odur ki, beynəlxalqdan fərqli olaraq bizdə hətta uşaq bağçasının, bərbərxananın, restoranların və şadlıq evlərinin, adi mağazaların də binalarının üstündə baza stansiyaları, ötürücülər tapmaq olar.
Elə ailələr tanıyıram ki, aylıq hansısa bir cüzi dolanışıq üçün həyətində nəhəng bir baza stansiyası quraşdırmağa icazə verib. Ən yaxın ətrafda da yaşayış var.
Görəsən Səhiyyə Nazirliyi, Sanitar qurum həmin həyətlərin ətrafında, həmin binaların ətrafında yaşayanlarda elektromaqnit şüalanmasının təsirini ölçübmü?
Düşünürəm ki gələcəkdə İKTA-nın bu sahədə tənzimləmə məsələrinə öz səlahiyyətləri çərçivəsində nəzarət etməsi də faydalı olardı .
İstənilən halda, texnologiyaların insan sağlamlığına təsiri baxımından İKTA-nın bu araşdırması çox diqqət cəlb edəndir və faydalıdır, həmçinin ictimai nəzarətin təşkili üçün də əhəmiyyətlidir.
Osman Gunduz
TEREF