İnsanlar nə zaman ayaqqabı geyinməyə başlayıblar?
10-07-2024, 18:58
İnsanlar ayaqqabılardan istifadəyə xəsarətlərdən və temperatur dəyişikliklərindən qorunmaqdan ötrü başlayıblar.
Bəlkə də ilk ayaqqabılar kromanyonlar, yəni müasir insanlarla birlikdə yaranıblar. Hərçənd, elm adamları hələ yaşı 11 min ildən çox olan ayaqqabı nümunələri tapmayıblar.
Alimlər dəfələrlə bütün dünyada müxtəlif qədim ayaqqabılar tapıblar. O cümlədən İspaniyada otdan düzəlmiş yaşı 6 min ildən çox olan köhnə sandallar və hətta Oreqondakı mağarada yaşı 10.000 ildən çox olan adaçayı qabığından hazırlanmış ayaqqabıya oxşayan əşya tapılıb. Ancaq indiyə qədər bu suala cavab yoxdur - bəşəriyyət ilk ayaqqabıları nə vaxt icad edib? Zaman keçdikcə, deqradasiyaya məruz qalan bitki materialından hazırlanmış əşyaları qiymətləndirmək çox çətindir.
Dünyanın ən qədim "çəkmələri"
Hazırda bu fəxri ad adaçayı qabığından toxunan qədim sandallara aiddir. Arxeoloqlar bu sandalları və onlarla başqa cütlüyü 1938-ci ildə ABŞ-ın Fort Rok mağarasında tapıblar. Elm adamları onların bilavasitə 10.400 il əvvələ aid olan ən qədim ayaqqabı olduğuna inanırlar. Oxşar geyim növləri yerli xalqlar tərəfindən qışda soyuq bataqlıqlarda və göllərdə işləmək üçün istifadə olunub.
Maraqlıdır ki, qədim sandalların rəqibi var. Nevadada, Spirit mağarasında üzərində paltar və dəri mokasin qalıqları olan bir mumiya tapılıb. Alimlərin fikrincə, onun yaşı 10.600 ildən çoxdur, lakin bu rəqəm hələ dəqiq ölçülməyib.
Daha əvvəl qeyd olunan nümunələr dünyanın ən qədim ayaqqabıları hesab olunurlar. Lakin Cənubi Afrika çimərliklərində son dərəcə qeyri-adi bir şey - çəkmə izlərinə çox bənzəyən 150 min illik ayaq izləri aşkar edilib. İzlər ayaq izlərinə bənzəyir, lakin bir-birindən ayrılmış ayaq barmaqları yoxdur, bu da o dövrün insanları arasında sandala bənzəyən nələrinsə və ya mokasinlərin olduğunu göstərir. Ancaq təəssüf ki, daha çox fiziki sübut tapmaq mümkün deyil - üzvi maddələr çoxdan yoxa çıxıblar.
"Əcdadlarımızın çoxdan ayaqqabı yarada və geyinə bilməsində heyrətamiz bir şey var. Necə olursa-olsun, bu, hazırda olduğu kimi xəsarətlərdən və temperatur dəyişikliklərindən qorunmaqdan ötrü olub. Heç də pis stimul deyil" - Nelson Mandela Universitetinin elmi işçisi Çarlz Helm belə deyib.
Yeri gəlmişkən, bu ilin iyun ayında Krit adasında arxeoloqlar qeyri-adi xarabalıqlar - 4000 illik labirint tapıblar. Binanın sahəsi, təxminən 1800 kvadratmetrdir və 8 daş halqadan ibarətdir.