AZƏRBAYCANDA "PİRAMİDA" DƏLƏDUZLUĞU - Vətəndaşlara mövcud olmayan kriptovalyuta satdılar...
23-07-2024, 09:54
Qazax sakininin külli miqdarda vəsaiti fırıldaqçı dəstə üzvləri tərəfindən mənimsənilib
“Həbsdən çıxıb, yenə insanları aldatmağa davam etdilər; Bu qədər insan dələduzluğa məruz qalıb, heç bir tədbir görülmür”
Qazax rayonunun Hüseynbəyli kənd sakini Mustafayeva Fatma Hüseyn qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, kənddə hər kəsin tanıdığı qızıl dükanının sahibi Firdovsi, Gülara Abdullayeva və Xəyal Yaxyayev tərəfindən dələduzluğa məruz qalıb. Onun sözlərinə görə, adıçəkilən şəxslər tərəfindən aldadılaraq, 2040 manat məbləğində pulu OCOS şəbəkə biznesinə qurban gedib.
Məlumata əsasən, Gülara Abdullayeva, Xəyal Yaxyayev və qeyriləri ölkə daxilində “İnsuccess” adlı saxta şirkət yaradıblar. OCOS beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək, özlərini ciddi “investisiya şirkəti” kimi təqdim ediblər. Beləliklə, uydurulmuş “kriptovalyuta” yaratmaqla, vətəndaşları yüksək gəlir vədi ilə aldadıblar. Yəni yatırımın 50 faizini qazanc kimi əldə etməyi mümkün etdiklərini bildiriblər.
Rəsmi qurumlara müraciət edən Mustafayeva Fatma Hüseyn qızı ona dəyən zərərin qaytarılmasını, Firdovsi adlı həmyerlisi və digər şəxslər barəsində hüquqi tədbir görülməsini xahiş edir:
“Bildirirəm ki, Nizami küçəsində, bina 8, mənzil 7 ünvanında yaşayıram. Firdovsi qızıl dükanının sahibidir. OCOS adlı piramida sistemi ilə məni və bir çox adamı aldadıb. Külli miqdarda pul mənimsəyərək, aradan çıxıblar.
Daxili İşlər Nazirliyinin (DİN) “102” xidməti-zəng mərkəzi sisteminə müraciət etsək də, bir nəticə əldə edə bilmədik.
Firdovsinin Qazaxda, Bakıda və Türkiyədə bir neçə evi, bağları və s. var. Niyə müsadirə olunmur? Niyə bunlar sorğu edilmir, yoxlanılmır? Bu qədər insan dələduzluğa məruz qalıb, heç bir tədbir görülmür. Bu adam əlini-qolunu sallayaraq gəzir.
Gülarə və Xəyalın həbs olunması o demək deyil ki, məsələ həll olunub. Aldadılan camaat nə etsin? Bizə dəyən zərəri kim ödəyəcək? Əvəllər də tutulmuşdular. Sonra həbsdən çıxıb, yenə insanları aldatmağa davam etdilər”.
Xatırladaq ki, 2021-ci ildə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində sosial şəbəkələrin imkanlarından istifadə edərək dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edərək zərərçəkənlərin külli miqdarda pul vəsaitini ələ keçirən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıb
DİN-ə bir qrup şəxsin investisiya şirkəti adı altında şəbəkə biznesi yaradaraq çoxsaylı vətəndaşları aldatmaları və pullarını ələ keçirmələri barədə əməliyyat məlumatları daxil olub. Baş İdarə əməkdaşlarının Azərbaycan Mərkəzi Bankının mütəxəssislərinin iştirakı ilə apardıqları araşdırmalar zamanı müəyyən olunub ki, Bakı şəhər sakinləri – Gülara Abdullayeva, Xəyal Yaxyayev və digərləri ölkə daxilində “İnsuccess” adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıb və “OCOS” adı altında beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək sosial şəbəkələrdə reklamını təşkil ediblər. Bu şəxslər əslində mövcud olmayan kriptovalyuta yaradaraq, guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə adı çəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək, onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta – OCOS satıblar. Araşdırma zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları və təxminən külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslərin paytaxtın Xətai rayonu, Sumqayıt şəhəri və digər məkanlarda icarəyə götürdükləri ofislərə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb. Nəticədə dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq), 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) , 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanıb.
Bu ilin mart ayında verilən hökmə əsasən, təqsirləndirilən Xəyal Yaxyayev 15 il, Gülara Abdullayeva isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Cinayət işi üzrə 217 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Cəmilə ƏZİMOVA