“Bunu etməyin, ya şikəst olacaq, ya da öləcəksiniz!” – Xəbərdarlıq!
8-08-2024, 16:27
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, cari ilin 7 ayı ərzində DYP tərəfindən 251 avtoxuliqanlıq faktı aşkarlanıb və bu əməli törədənlər məhkəmə tərəfindən ən sərt şəkildə cəzalandırılıblar. DYP bundan sonra da avtoxuliqanlıqla mübarizə çərçivəsində ən təsirli tədbirlərin görüləcəyini bildirib.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov, avtoxuliqanlığa qarşı mübarizədə inzibati üsullarla yanaşı, maarifləndirici addımların da atılmasının vacib olduğunu bildirib:
“Avtoxuliqanlığa qarşı mübarizədə sərt inzibati tədbirlərlə yanaşı, həm də maarifləndirici tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Avtoxuliqanlıq elə inzibati xətadır ki, burada bütün digər tədbirlərlə yanaşı, həm də tərbiyəedici, öyrədici tədbirlərə üstünlük verilməlidir.
Əgər avtoxuliqanlıq edən şəxslər bilsələr ki, bu, onların ya şikəst olması, ya da ölməsi ilə nəticələnəcək, bunu etməzlər. Söhbət real avtoxuliqanlıqdan gedir. Bəzən görürük ki, hər sərt manevr edənə avtoxuliqan deyilir. Bu, doğru yanaşma deyil. Real avtoxuliqanlıq küçədə avtomobillərlə sürətli yarış təşki etmək, avtomobili iki təkər üzərində sürmək, sərt manevrlər edərək şou göstərmək və bu kimi əməllərdir.
Real avtoxuliqanlıq çox təhlükəlidir. Bu, həmin şəxslərin özləri ilə yanaşı, digər şəxslərin də ölümünə səbəb ola bilər”.