Xəzərdə güclü zəlzələ olsa, Bakının SONU NECƏ OLACAQ? - Seysmoloqların sözü ÇƏP GƏLDİ
10-08-2024, 08:43
Xəbər verdiyimiz kimi, ötən gün Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar 66 km dərinlikdə, yerli vaxtla 15:52-də qeydə alınıb.
Maraqlıdır, Xəzər dənizində güclü zəlzələlər baş verərsə, Bakını hansı təhlükələr gözləyir?
Mövzu ilə bağlı Redaktor.Az-a seysmoloq Qulam Babayev danışıb. O bildirib ki, bu il Azərbaycanda bütün sesysmik zonalar əvvəlki illərə nisbətən aktiv və diqqətçəkəndir:
"Mən hər zaman əvvəlki müsahibələrimdə qeyd etmişdim ki, Quba-Şabran zonası və ətraf ərazilər daxil olmaqla aktivlik müşahidə ediləcəkdir. Bundan öncə Xəzər dənizində zəlzələ qeydə alındı. Bir sesymoloq kimi deyərdim ki, Şamaxı-İsmayıllı ocağı da hərəkətə gələ bilər. Burada hiss olunan zəlzələlər qeydə alına bilər. Xəzər dənizi mürəkkəb tektonik-geodinamik zonalardan biridir. Dənizdə bir neçə seysmik ocaq mövcuddur. Müxtəlif tektonik qırılmalar, onların qovşaqları, pozuntularla zəngindir".
Seysmoloq bildirib ki, Xəzər dənizinin cənubi hissəsində olan ocaqlar gözəçarpan, yəni hiss olunan dərəcədə aktivləşə bilər. Belə olan halda Bakıya seysmik təhlükə potensialı Xəzər dənizində olan ocaqlardan və Şamaxı-İsmayılı seysmik aktiv ocaqlarından gələ bilər. Həmçinin, Xəzər dənizinin cənubi, orta, şimal hissəsi seysmik ocaqlarla zəngindir və bu aktivləşmə davam edir, edəcək də.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli də fikirlərini saytımızla bölüşüb. O bildirib ki, Xəzər dənizində baş verən zəlzələlər aktivləşən deyil: "Sutka ərzində 16-a yaxın təkanlar olub. Sadəcə bunların içərisində 3 maqnitudalı zəlzələ olub. Qorxulu bir şey yoxdur, deməzdim ki, güclü aktivləşmə gedir".
Müsahib bildirib ki, Respublika üzrə seysmoloji tədqiqatları Respublika Seysmoloji Xidmət Mərkəzi aparır: "Faktiki tədqiqat materiallarının hamısının nəticələri mərkəzdə analiz olunur. Kimsə oturub kabinetdə nəsə deyir, belə şeylərə fikir verməyin. Çox eşitmişəm heç bu sahənin adamı deyil, amma, adını seysmoloq qoyub. Hansı seysmoloqlardır onlar, hardan çıxıblar? Hansı tədqiqat aparıb və nəticəsi nədir?".