Azərbaycan siyasətinə baxış
13-08-2024, 12:14
Azərbaycan İkinci Qarabağ Müharibəsinin nəticələri ilə Cənubi Qafqaz regionunda geosiyasi vəziyyəti dəyişən oyunçuya, Mərkəzi Asiyada isə maraqlarını irəlilədən aktora çevrilib.
Qlobal ticarət dəhlizlərindəki tranzit rolları və bunun perspektiv imkanları, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizindəki (Orta Dəhliz) güclənən yeri Azərbaycana imkan yaradır ki, regional dəyişikliklərin böyük hissəsini özü aparsın. Dəyişikliklər regional təhlükəsizlik nizamının formalaşmasına və onun davamlı olmasına fokuslanıb və Bakı Rusiya, Qərb və Çin arasındakı rəqabət müstəvisində yaranan qaydalarda geniş manevr sahəsi qazanıb.
Yəni Azərbaycan Prezident İlham Əliyevin böyük ustalıqla yürütdüyü xarici siyasətin nəticəsində Cənubi Qafqazın geosiyasətini dəyişən potensiallara yiyələnib.
Əlavə olaraq Azərbaycan Avropanın qaz təchizatında mühüm oyunçuya çevrilib, Yaxın Şərqdən tutmuş Mərkəzi Asiyaya qədər uzanan coğrafiyadakı proseslərə təsir etmək baxımından müəyyən imkanlar qazanıb.
Üstəgəl, Azərbaycanın müdafiə qüdrəti və ordu gücü, mümkün təhdidlərə, təhlükələrə qarşı bərkimiş immuniteti onun Cənubi Qafqazda münaqişələrin həllindəki gücünü, Ermənistanla sülh gündəliyini idarə etmək qabiliyyətini artırır.
Deməli, Azərbaycanın geosiyasi vəziyyəti və xarici siyasəti bir-birilə əlaqəli olan ölçülərlə müəyyən edilir ki, bu da Bakının məqsəd və variantlarını, strategiyalarını mürəkkəb dəyişikliklərə qarşı yaxşı hazırlayır.
Yəni, region həssas olaraq qalmaqdadır, təhlükəsizlik məsələləri başqa regionlarda baş verən hadisələr fonunda daha da dolaşığa düşür. Ancaq Azərbaycan bunun nəticələrinə özünü yaxşı şəkildə hazırlayır və sxem belə qurulub:
- Azərbaycan strateji müttəfiqi Türkiyə ilə təhlükəsizlik nizamında birlikdə hərəkət edir,
- Azərbaycan NATO ilə əlaqələri dərinləşdirir,
- Azərbaycan Qərbin böyük güclərindən olan Böyük Britaniya ilə tərəfdaşlıq əlaqələrini gücləndirərək bunu öz məqsədlərini həyata keçirməkdə vasitə kimi görür,
- Azərbaycan Rusiya ilə münasibətlərini müttəfiqlik səviyyəsində inkişaf etdirir ki, bu da Moskvanın regionda Bakının maraqlarını böyük ölçüdə nəzərə almasını şərtləndirir,
- Azərbaycan çətin siyasi münasibətləri idarə edərkən Avropa İttifaqı ilə mühüm iqtisadi əlaqələri dəstəkləyir,
- Azərbaycan alternativ qlobal güc kimi kimi formalaşmış Çinlə müttəfiqliyə dair böyük təsvirləri nəzərdən keçirir,
- Azərbaycan Türk Dövlətləri Təşkilatının alternativ bir qüvvə kimi meydanda qalmasını prioritetləri sırasında saxlayır.
Bütün bunlar Azərbaycanın strateji davranışlarını müəyyənləşdirən istiqamətlərdir. Bu, Azərbaycanın Cənubi Qafqaz, Mərkəzi Asiya regionları ilə siyasətində və İrana yanaşmalarında diqqətli strategiyanın izlənilməsinə gətirib çıxarır.
Təbii ki, Azərbaycanın müttəfiqlərinin və tərəfdaşları tərəfindən dəstəklənən hərbi nüfuzu, Ermənistanın özünün güman edilən təhlükəsizlik qarantı Rusiya tərəfindən tərk edilməsi, Azərbaycan-İran münasibətlərindəki “Şimal-Cənub” Nəqliyyat Dəhlizi faktoru Bakının problemli situasiyalardan çıxış imkanlarını daha da yaxşılaşdırır.
Beləliklə, Azərbaycan həm geosiyasi və geoiqtisadi, həm də təhlükəsizlik və müdafiə qüdrəti baxımından Cənubi Qafqaz regionunun lider ölkəsinə çevrilib.
Akshin Karimov
Oxu. Az