Sərt döngələrin olduğu, 10-dan çox qəzanın baş verdiyi yolla bağlı RƏSMİ AÇIQLAMA

13-08-2024, 10:27           
Sərt döngələrin olduğu, 10-dan çox qəzanın baş verdiyi yolla bağlı RƏSMİ AÇIQLAMA
"Zərdab-Mollakənd avtomobil yolunda qeydə alınan yol-nəqliyyat hadisələrini bilavasitə hərəkətin təşkili ilə əlaqələndirmək doğru olmazdı"

Bunu Oxu.Az-ın son illərdə Kürdəmir-Zərdab yolunda sərt döngələr və radar quraşdırılmaması səbəbindən 10-dan çox qəza olması ilə bağlı sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib.

"Sözügedən yolda ərazi polis orqanlarının Dövlət Yol Polisi qurumları xidmət aparırlar və DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə vaxtaşırı olaraq həmin yol sahəsində qəzalılıq vəziyyəti öyrənilib, sürət həddi 50 km/saat endirilib, sərt döngələrdə, təhlükəli sahələrdə müvafiq yol nişanları quraşdırılıb.

Bununla yanaşı, hazırda bir sıra yollarda, o cümlədən Zərdab-Mollakənd yolunda nizamlama vasitəsi qismində xüsusi texniki qurğuların tətbiqi nəzərdə tutulub və tezliklə həmin vasitələrin quraşdırılmasına başlanılacaq", - DİN rəsmisi deyib.

Onun sözlərinə görə, aparılan təhlilər göstərir ki, qeyd olunan yolda baş verən qəzaların başlıca səbəbi sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi, sərt döngələrdə ehtiyatsızlığa yol verilməsi, yol hərəkəti qaydalarına düzgün əməl edilməməsi ilə bağlıdır:

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları xüsusilə sutkanın qaranlıq vaxtı, eləcə də məhdudiyyətli görünmə şəraitində diqqətli olmağa, yolda nəzərdə tutulmuş sürət həddini aşmamağa, qaydalara qeyd-şərtsiz əməl etməyə çağırır".

Aytac Qasımova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.