İki qonşu ölkənin prezidentləri niyə “işdən çıxarıldı”? - ŞƏRH
31-10-2024, 00:17
Cənubi Qafqazın 3 ölkəsindən ikisi parlament üsul-idarəsinə keçib. Ölkənin əsas idarəedicisi baş nazirdir. Yaxın gələcəkdə Gürcüstanda prezidenti xalq yox, parlament seçəcək. Əvvəl Türkiyədə olduğu kimi. Ermənistan bu sistemə çoxdan adlayıb.
Bu tendensiya nə ilə bağlıdır? Prezident üsul-idarəsi niyə yığışdırılır?
Globalinfo.az-a danışan siyasi şərhçi Elmir Səftərov deyib ki, hər bir ölkənin necə idarə edilməsi, dövlət başçısının funksiyası, dövlət orqanlarının səlahiyyətləri və sair fərqli mexanizmlərlə tənzimlənir:
“Bu da dövlətlərin idarəetmə formalarında öz əksini tapır.
Təbii ki, müxtəlif formatların tətbiqi hər ölkədə öz fərqliliklərini göstərir. Məsələn, parlament idarəetmə formasına keçid prezidentin səlahiyyətlərini azaltmaqla bərabər, baş nazirlə razılaşdırılmalı olan məsələlərin siyahısını genişlənir. Eyni zamanda, bəzi araşdırmaçılar parlament üsul-idarəsinin daha effektiv və dayanıqlı olduğunu düşünsə də, digərləri də qərar vermədə cəldlik və qətiyyətə görə prezident idarəetmə sistemini daha üstün tuturlar. Bütün bunlar isə xalqın və hökumətin reaksiyasını gündəmə gətirir. Xalq tərəfindən prezidentin seçilməsi bütün ölkəni vahid etdiyi düşünüldüyü kimi, siyasi konyuktura ilə də izah edilir ki, parlament sistemi böhranlara daha tez cavab verməyə imkan verir. Bu çeviklik də sürətlə inkişaf edən situasiyalarda önəmlidir”.
Siyasi şərhçinin sözlərinə görə, bəzi idarəetmə formalarına nəzər salsaq, qonşu Gürcüstan Mixail Saakaşvilinin dövründə biri-birinə zidd tendensiya yaşadı:
“Belə ki, Mixail Saakaşvili dövlət başçısı olarkən, prezidentin səlahiyyətlərinin artırılması meylləri daha qabarıq sezilirdi. Konstitusiya onun hakimiyyət müddətinin bitməsini diqtə etdikdən sonra isə sabiq prezident baş nazirin səlahiyyətlərini artırmağa cəhd göstərdi, çünki o, bu dəfə parlament seçkisini udmaq və baş nazir olmaq niyyətində idi. Bu gün də gürcü siyasətində baş nazirlə prezident arasında siyasi ixtilaflar mövcuddur.
Ermənistanda da parlament idarəetmə formasının sınaqdan çıxa bilmədiyi barədə müxtəlif fikirlər olsa da, parlamentli idarəetmə sistemində hər cür münaqişə və böhranların dinc və demokratik yolla həll etməyin daha asan olduğu düşünülür. Ermənistan hakimiyyətinin daxilində də son illərdə yenidən idarəetmə formasının dəyişdirilməsi ilə bağlı müzakirələr də gündəmə gətirilib.
Lakin ümumilikdə parlament sistemində də çoxlu çatışmazlıqların olduğunu düşünənlər az deyil. Ona görə də, ilk növbədə, dövlətdə və hökumətdə real nəzarət və tarazlığa nail olmaq üçün ciddi islahatlara ehtiyac var”.
Globalinfo.az bildirir ki, istər koronovirus pandemiyası dövründə, istərsə də 44 günlük Vətən müharibəsində prezident üsul-idarəsinin effektliliyi özünü tam mənası ilə göstərdi. Azərbaycan bir çox məsələlərdə yalnız Cənubi Qafqaza yox, regiona, bəzən isə dünyaya nümunədir.
Bəzi hallarda parlament idarəçiliyi demokratiya təntənəsi kimi təqdim edilir. Amma dünyanın ən demokratik ölkəsi kimi göstərilən Amerika Birləşmiş Ştatlarında prezident üsul-idarəsi hökm sürür.