Xəbəri olmadan adına şirkət açılan şəxslər - Onları nə gözləyir?
10-12-2024, 00:07
Son dövrlərdə ayrı-ayrı vətəndaşlar iddia edir ki, onların xəbəri olmadan adlarına şirkət açılıb.
Və buna görə də onların külli miqdarda vergi borcu yaranıb. Bəzilərisə məsələnin artıq məhkəmə predmeti olduğunu deyir.
Belə hallardan sığortalanmaq üçün vətəndaşlar nəyi bilməlidirlər?
Mövzu ilə bağlı danışan hüquqşünas Şulan Nağıyev deyib ki, vətəndaşlar ilk növbədə şirnikləndirici vədlərə inanıb, yaxından tanış olmadıqları heç bir sənədə imza atmasınlar:
“Heç kim deyə bilməz ki, baş verənlərdən onun xəbəri olmayıb. Sadəcə vətəndaş lazımı anda ona edilən təklifə loyal yanaşıb, sonrasını düşünməyib. Nəticədə isə birdən-birə “şirkət sahibi” olub”.
Bəs, belə xoşagəlməz hallar hansı hüquqi məsuliyyət yaradır?
“Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli hesab edilir. 50.000 manatdan yuxarı vergi öhdəliyinin icra edilməməsi vergi cinayəti hesab edilir.
CM-nin 213.1. maddəsinə görə isə xeyli miqdarda (50.000-200.000 manat) vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma – cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təbii ki, vurulmuş ziyanın həcmi artdıqca cəza da müvafiq qaydada ağırlaşır”.
“Bu şəxslər məsuliyyətə cəlb oluna bilməz”
Hüquqşünas onu da qeyd edib ki, CM-nin 213.1-ci maddəsinin və Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2013-cü il tarixli qərarı isə bu sahədə istinad edəcəyimiz başlıca aktdır:
“Həmin qərarda qeyd edilib ki, hüquqi şəxsin faktiki rəhbərinin Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi o halda mümkündür ki, həmin şəxs qanunla müəyyən edilmiş müddətdə vergitutmaya məruz qalan gəlirlər haqqında bəyannaməni təqdim etməmiş, bəyannaməyə vergilərin hesablanması üçün uçota alınmalı olan gəlirlər və ya xərclər barədə aşkar şəkildə təhrif olunmuş məlumatlar (verginin gizlədilməsi, azaldılması və ya ondan azad olunması məqsədilə) daxil edərək vergi orqanlarına təqdim etmiş və ya təqdim edilməsinə dair sərəncam vermiş olsun.
Hüquqi şəxsin rəsmi rəhbəri, faktiki rəhbər tərəfindən aldadılaraq vergilərdən yayınması barədə məlumatı olmadığı və hüquqi şəxsin fəaliyyətində birbaşa iştirak etmədiyi hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməz.
Digər tərəfdən, hüquqi şəxsin rəsmi rəhbəri vergilərdən yayınmasını bilirsə və ya faktiki rəhbərlə cinayət əlaqəsinə girərək, onunla birlikdə vergiləri ödəməkdən yayınmada iştirak edirsə, cinayət məsuliyyətinə cəlb edilə bilər. Belə hallarda rəsmi rəhbər cinayətin iştirakçısı sayılır”./Bizim.Media