Yeni yayılan virus üçün risk qrupları müəyyən edildi
6-01-2025, 15:28
"Beş yaşa qədər uşaqlar, 65 yaşdan yuxarı yaşlı insanlar və immun çatışmazlığı olan insanlar metapnevmovirus infeksiyasını ağır keçirə bilərlər. Buna görə də, onlar risk altındadır".
"RİA Novosti" xəbər verir ki, bunu Rusiyanın Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş ştatdankənar mütəxəssisi, professor Vladimir Çulanov deyib.
Mütəxəssisin sözlərinə görə, metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyaları kimi özünü göstərir. Onun simptomları öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulmasıdır. Yetkinlərdə xəstəlik simptomsuz keçə bilər.
Çulanov qeyd edib ki, metapnevmovirus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir.
Qeyd edək ki, Çinin şimal əyalətlərindəki xəstəxanaların əksəriyyəti uşaq və yeniyetmələrdən ibarət metapnevmovirus xəstələri ilə doludur. Xəstəlik COVID-19-un simptomlarına bənzər simptomlarla müşahidə olunur: boğaz ağrısı, öskürək, zəiflik, başgicəllənmə, titrəmə. Ümumilikdə isə, xəstəlik yüngül keçir, lakin immun sistemi zəif olan insanlarda bronxit və pnevmoniya inkişaf edə bilər.