“Vasif Talıbov dedi ki, pulları yığ, ver Seymura” - Sabiq komitə sədri məhkəmədə şok faktlar açıqladı

Dünən, 00:03           
“Vasif Talıbov dedi ki, pulları yığ, ver Seymura” -
Naxçıvan Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS xəbər verir ki, prosesdə təqsirləndirilən şəxs ifadəsində özünü qismən təqsirli bilib. Bildirib ki, 2017-ci ilin əvvəlində Vasif Talıbovun sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunub. 2017-ci ildən 2018-ci ilə qədər komitə sədri vəzifəsini icra etsə də adı çəkilən işlərlə heç bir əlaqəsi olmayıb: “Baş nazirin birinci müavini Asəf Məmmədov tikintiyə başçılıq edirdi. 2018-ci ildə Asəf Məmmədov vəzifədən azad edildikdən sonra Vasif Talıbov məni yanına çağırıb muxtar respublikanın inkişafından və görülən işlərdən danışdı, dedi ki, bundan sonra bu işlərə sən nəzarət edəcəksən. Vasif Talıbov bildirdi ki, yığılan 10 faizlər idarələrdən toplanılıb sənə veriləcək, sən də həmin vəsaitləri Seymur Talıbova verməlisən".

“Seymur Talıbova Hacıniyyət kəndindəki ofisində 20 milyon manat vermişəm”

Hicran Rüstəmov bildirib ki, 2000-2002-ci ildən etibarən Maliyyə Nazirliyinin işçiləri ilə birlikdə görülən işlərin keyfiyyəti yoxlanılır, ölçü işləri aparılır, Maliyyə Nazirliyində yaradılan elektron portal hesabına görülən işlər sistemə işlənilir və işin sonuna 10% əlavə olunurdu: "Bu 10 faizlər və görülən işlər toplanaraq yekun cəm hesablanır, görülən işlərin siyahısı çıxarılır, Nazirlər Kabinetinə təqdim edilirdi. Bundan sonra Nazirlər Kabineti bu siyahını Vasif Talıbova göndərir, Vasif Talıbov işlərə baxdıqdan sonra Baş nazir, maliyyə naziri və mənim iştirakım ilə müşavirə keçirir, görülən iş müzakirə olunurdu. Yekunda Nazirlər Kabinetinin sərəncamı əsasında vəsaitlər idarələrin hesablarına köçürülür, köçürüldükdən sonra “Gəmiqaya”, ”Nəqşicahan”, “Cahan” kimi şirkətlərin gördüyü işin 10 faizi onların hesabında qalır, həmin vəsaitin sonrakı taleyi barədə məlumatım olmurdu. Sadəcə olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyyət göstərən 7 kiçik tikinti idarəsi gördükləri işin 10 faizini komitəyə təhvil verirdi, bu da aylıq təxminən 400-500 min manat idi. Mən də həmin məbləği aidiyyəti üzrə təhvil verirdim. Aylıq 400-500 min olmaqla ümumilikdə nağdlaşdırılan təxminən 15.000.000-20.000.000 (on beş milyon-iyirmi milyon) manatı Vasif Talıbovun göstərişi ilə şəxsən Seymur Talıbova onun Hacıniyyət kəndindəki ofisində təhvil vermişəm.

“48 milyon manat ayrıldı, 36 milyon manatı xərcləndi”

Təqsirləndirilən şəxs deyib ki, ittiham aktında qeyd olunan 245.126.590,00 (iki yüz qırx beş milyon yüz iyirmi altı min beş yüz doxsan) manatın 104.000.000 (yüz dörd milyon) manatı dövlət vəsaiti hesabına tikilən obyektlərin pulu idi: "Vəsaitdən nağdlaşdırılaraq komitəyə təhvil verilmiş 15.000.000-20.000.000 (on beş milyon-iyirmi milyon) manatdan əlavə qalan təxmini 210.000.000 (iki yüz on milyon) manatdan çox vəsaitin hara köçürüldüyü, kimə çatdığı barədə məlumatım olmayıb. Mənim dövrümdə 104.000.000 (yüz dörd milyon) manat sərf olunub, onu da Nazirlər Kabinetinin sərəncamı əsasında podratçı şirkətlərə vermişəm. Vəsaitin bir hissəsi Naxçıvan şəhərində olan qazanxanaların, dam örtüklərinin təmirinə xərclənib, Culfa-Ordubad yoluna ayrılan 64.000.000 (altmış dörd milyon) manatdan 30.000.000 (otuz milyon) manatı sərf olunub, 30.000.000 (otuz milyon) milyon manatı isə Nazirlər Kabinetinin sərəncamı ilə birbaşa “Gəmiqaya” şirkətinin hesabına köçürülüb. Sədərək gömrüyünün tikintisinə 48 milyon vəsait ayrılıb, onun 36 milyon manatı sərf olunub, 12 milyon manatı yenə də Nazirlər Kabinetinin sərəncamı ilə ya “Nəqşicahan” şirkətinin hesabına köçürülüb”.

Sonda təqsirləndirilən şəxsə qarşı məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə H. Rüstəmov 12 il azadlıqdan məhrum edilib. Hökmə görə, təqsirləndirilən şəxsə təyin edilmiş 12 (on iki) il azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 4 (dörd) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.