Meymunçiçəyinə qarşı antibiotik vurdurmaq təhlükəlidir - Səhiyyə Nazirliyi
Bu gün, 08:44
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev bildirib ki, meymunçiçəyinə qarşı istifadə edilən vaksinlər var və çiçək virusunda istifadə edilən vaksinlər meymunçiçəyinə qarşı da istifadə edilir.
Azərbaycan meymunçiçəyi virusu ilə bağlı endemik risk qrupuna daxil deyil.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib.
O bildirib ki, meymunçiçəyinə qarşı istifadə edilən vaksinlər var və çiçək virusunda istifadə edilən vaksinlər meymunçiçəyinə qarşı da istifadə edilir.
"Hazırda meymunçiçəyinə qarşı mövcud vaksin sadəcə endemik risk qrupunda olan ölkələrdə tətbiq olunur", - deyə Z.Quliyev əlavə edib.
Onun sözlərinə görə, meymunçiçəyi virusunun müalicəsində antibiotik istifadəsi xəstəliyi ağırlaşdırır, ağırlaşmış, ikincili bakterial infeksiya qoşularsa, həkim məsləhəti ilə antibiotiklərdən istifadə edilə bilər.
Nazirlik mütəxəssisi əlavə edib ki, meymunçiçəyi virus mənşəli xəstəlikdir. Antibiotiklər isə bakteriya mənşəlidir. Ona görə də, antibiotik meymunçiçəyinin müalicəsində tövsiyə olunmur. Antibiotik, əksinə, meymunçiçəyinin müalicə prosesinə mənfi təsir göstərə bilər.
Meymunçiçəyinin diqnostikası yara yerindən, səpkilərdən sürüntü vasitəsilə PSR analizinin götürülməsidir.
"Səthi pozulamamış dəri meymunçiçəyi xəstəliyi olan xəstədə hər hansı yaraya toxunduqda bu xəstəliyin keçmə ehtimalı aşağıdır. Bu xəstəliyin əsas yoluxma yolu səthi pozulmuş dəri ilə bu xəstəliyi olan insanın təmasdır. Meymunçiçəyi virusu, əsasən, halsızlıq, limfa vəzilərinin böyüməsi ilə xarakterizə olunan bir xəstəlikdir, fərqli şikayətlərlə özünü göstərə bilər. Əsasən əllərdə, ayaqlarda səpkilərin çıxması ilə müşahidə olunur. Hava damcı yolu, cinsi münasibətlə keçən bir xəstəlikdir. Belə xəstələrdə antibiotik istifadəsi tövsiyə edilmir", - o qeyd edib.