Arıqlamağın düşmənləri: Maddələr mübadiləsini yavaşladan 5 məhsul
Dünən, 15:37
Metabolizm - orqanizmi enerji ilə təmin edən və metabolik prosesləri tənzimləyən mürəkkəb biokimyəvi reaksiyalar kompleksidir. Çəkimiz, sağlamlığımız və hətta əhvali-ruhiyyəmiz birbaşa metabolizmin sürətindən asılıdır. Maddələr mübadiləsini necə sürətləndirmək və daha çox kalori yandırmaq olar?
Gazeta.ru-nun məlumatına görə, rusiyalı qidalanma üzrə ekspert Yuliya Makeyeva bununla bağlı danışıb.
O bildirib ki, qida rasionuna ilk növbədə daha çox zülallı qidalar - quş əti, balıq, yumurta, süd məhsulları və paxlalılar daxil edilməlidir.
"Zülalların həzmi əhəmiyyətli enerji tələb edir ki, bu da kalori sərfini artırır. Bu effekt qidanın spesifik-dinamik təsiri adlanır. Bu, xəstəliklərdən sonra bərpa və immunitetin qorunması üçün xüsusilə vacibdir", - deyə mütəxəssis izah edib.
Makeyevanın sözlərinə görə, sağlam yağlar, məsələn omeqa-3 yağ turşuları da eyni dərəcədə faydalıdır.
"Bunlar balıq, avokado və qoz-fındıqda olur, beyin fəaliyyətini, hormon fonunu yaxşılaşdırır. Bu, intensiv əqli yük dövrlərində aktualdır. Tam taxıl, tərəvəz və paxlalılardan alınan mürəkkəb karbohidratlar qanda şəkərin kəskin artımına səbəb olmadan uzunmüddətli toxluq hissi və enerji verir.
Termogen effektli məhsullar da metabolizmi sürətləndirməyə kömək edir. Yaşıl çay, acı çili bibəri, qreypfrut istilik istehsalını və yağ yanmasını stimullaşdırır. Fermentləşdirilmiş qidalar (kefir, kimçi, miso) bağırsaq mikroflorasını yaxşılaşdırır, kakao isə tərkibindəki maqnezium, flavonoidlər və inulin sayəsində qan dövranını və həzmi aktivləşdirir", - deyə mütəxəssis məlumat verib.
O, metabolizmi sürətləndirmək üçün hansı məhsulları məhdudlaşdırmalı və ya istifadədən çıxarmalı olduğumuzu da açıqlayıb.
Həmin siyahını təqdim edirik:
- Şəkər və təmizlənmiş karbohidratlar (şirniyyat, qazlı içkilər, çörək məmulatları). Bunlar qanda qlükozanın kəskin artımına səbəb olur və yağ yığılmasına şərait yaradır.
- Yağlı və qızardılmış qidalar, xüsusilə fastfud. Tərkibindəki trans yağlar qaraciyəri yükləyir və maddələr mübadiləsini yavaşladır.
- Duza qoyulmuş qidalar və yarımfabrikatlar. Həddindən artıq duz orqanizmdə mayeni saxlayır və su-duz balansını pozur.
- Çox miqdarda çiy xaççiçəkli tərəvəzlər (kələm, brokkoli). Onlar yodun mənimsənilməsini bloklaşdıra və qalxanvari vəzin aktivliyini azalda bilər. Ona görə də onları qaynatmaq və ya bişirmək daha yaxşıdır.
- Gizli şəkər və kimyəvi əlavələr olan məhsullar - şirin yoqurtlar, quru səhər yeməkləri, spirtli içkilər. Onlar bağırsaq mikroflorasını pozur və metabolizmi ləngidir.