Ayın böyük bir parçasını qoparıb Yerə tərəf atan nədir? - Alimlərdən yeni kəşf

Dünən, 00:10           
Ayın böyük bir parçasını qoparıb Yerə tərəf atan nədir? - Alimlərdən yeni kəşf
Keçən ilin avqust ayında Yerə yaxın ərazidə aşkarlanan kiçik bir asteroid, ehtimal ki, on minlərlə il əvvəl Ay səthinə dəyən zərbə nəticəsində kosmosa atılıb. Alimlər, qeydə alınan bu qırığı özünəməxsus bir "mini-Ay" kimi təsvir edirlər.

Qaynarinfo "The New York Times"a istinadla yazır ki, ölçüsü məktəb avtobusu boyda olan, 2024 PT5 adlanan bu kosmik obyekt ötən payız Yer kürəsinin yeni "mini-Ay"ı kimi tanınıb.

Ötən il astronomlar onu daha yaxından araşdırmaq üçün tələsiblər, çünki həmin vaxt obyekt planetimizə kifayət qədər yaxın olub. İndi isə mütəxəssislərdən ibarət qrup belə qənaətə gəlib ki, 2024 PT5 Ayın bir fraqmentidir.

"Bu obyekt, çox güman ki, on minlərlə il əvvəl Ay səthinə dəyən zərbənin nəticəsində kosmosa atılıb", – deyə məqalədə qeyd olunur.

Qeyd edildiyi kimi, bu, alimlərin yaxın yer orbitindəki obyektləri Ay ilə əlaqələndirdiyi ikinci hadisədir. Xüsusilə, 2021-ci ildə 469219 Kamoʻoalewa adlı başqa bir asteroidin mənşəyi haqqında da oxşar fərziyyə irəli sürülmüşdü. Bu kəşflər göstərir ki, keçmişdə bir sıra "Ay qırıntıları" kosmosa çıxıb və bu, alimlərə yalnız son dövrlərdə məlum olub.

"Ay parçalarının bu cür yaxın orbitlərdə gizlənə biləcəyini bilirdik", – deyə araşdırmanın baş müəllifi, Lowel Rəsədxanasından Teddi Karet bildirir.

Məqalədə qeyd edilir ki, Yer tez-tez müvəqqəti peyk və ya "qeyri-sabit peyk" rolunu oynayan asteroid və meteoroidlərlə üzləşir. Müasir rəsədxanalar, o cümlədən Asteroidlərin Yerə Təsiri Əlaqə Sistemi (ATLAS) bu cür obyektlərin aşkarlanması üçün istifadə olunur. Belə obyektlərin araşdırılması üçün vaxt məhduddur – bu peyklər Yerə yaxın ərazidə yalnız bir neçə həftə və ya ay qalır.
2024 PT5 ilk dəfə 7 avqustda aşkar edilib. Artıq 16 avqustda Kareta komandası bu obyekti Arizona və NASA-nın Havaylardakı infraqırmızı teleskopu ilə qeydə alıb.

Kareta 2024 PT5-in işıq xüsusiyyətlərini "Apollon" missiyaları və sovet avtomatik stansiyaları tərəfindən toplanan Ay nümunələri ilə müqayisə edib. Tədqiqat asteroidin tərkibinin Ayın silikat süxurları ilə eyni olduğunu göstərib. Bundan əlavə, onun "nal" formalı trayektoriyası onun lokal mənşəyinə işarə edir.
Arizona Universitetindən professor Vişnu Reddi tərəfindən aparılan analiz, 2024 PT5-in mənşəyinin Ay olduğunu təsdiq edir. Ancaq bu hipotezi fiziki nümunə olmadan təsdiqləmək mümkün deyil.

"Dolay sübutlar Ay mənşəyini ən məntiqli variant edir. Lakin nümunəni Yerə gətirmədən bu fraqmentin Ay olduğunu tam dəqiqliklə söyləmək mümkün deyil," – deyə o bildirib.

Qeyd olunur ki, 2024 PT5 fraqmentlərinin Yer üzündə araşdırılması üçün hazırda plan yoxdur. Bununla yanaşı, Çin 469219 Kamoʻoalewa obyektindən nümunələr toplamaq üçün Tianwen-2 missiyasını hazırlayır.

Eyni zamanda, Madrid Universitetindən astronom Raul de la Fuente Markos bu obyektin Ay mənşəyinin "inandırıcı sübut" olduğunu deyib. Onun yaxın vaxtlarda nəşr ediləcək araşdırması, Ayın daha bir ehtimal olunan fraqmenti – 2022NX1 asteroidini aşkarlayıb.

Bu kəşflər Ayın süxur formalaşdırma proseslərini daha yaxşı anlamağa kömək edir və insanlarda Yer üçün heç bir təhlükə yaratmayan "mini-Aylar"a maraq oyadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.