Qərbi Azərbaycan Xronikası: "Difai" Çar Rusiyasında böyük təşviş yaratmışdı - VİDEO
28-01-2025, 11:44
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Kərimzadə olub.
O, 1905-ci il inqilabından sonra Çar Rusiyasının erməni daşnaklarını silahlandırmasından, onları azərbaycanlı əhaliyə qarşı yönəltməsindən söhbət açıb.
Tarixçi-alim qeyd edib ki, Qafqazda yaşayan yerli əhalinin sıxışdırılması, müxtəlif təzyiq və təhdidlərə məruz qoyulması, köçürülməsi, hətta öldürülməsi 19-cu əsrdə yaradılan erməni partiyalarının proqramının əsasını təşkil edib.
P.Kərimzadə 19-cu əsrin sonu və 20-ci əsrin əvvəlində Azərbaycan ziyalılarının xalqımızı qorumaq üçün təşkilatlanmasına da diqqət çəkib. Deyib ki, Əhməd bəy Ağaoğlunun rəhbərliyi ilə əvvəlcə gizli təşkilat, daha sonra partiya kimi fəaliyyət göstərən "Difai"nin başlıca məqsədi milli birliyə nail olmaq, xalqı erməni hücumlarından qorumaq idi.
Onun sözlərinə görə, öz fəaliyyəti ilə qısa zamanda Çar Rusiyasında böyük təşviş yaradan "Difai" ermənilərlə əlbir şəkildə azərbaycanlıların ölümünə səbəb olan rus məmurlarını cəzalandırmaqdan da çəkinməyib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.