Dünyanı gözləyən fəlakət: okeanların istiləşməsi sürətlə artır
Dünən, 11:18
Son 40 ildə okeanların istiləşməsinin sürəti dörd dəfədən çox artıb.
Bakupost.az Phys-a istinadən xəbər verir ki, okenanın temperaturu 1980-ci illərin sonlarından hər on ildə təxminən 0,06 dərəcə yüksəlirdi. İndi isə hər on ildə 0,27 dərəcə Selsi yüksəlir.
Environmental Research Letters jurnalında 28 yanvar 2025-ci ildə dərc edilmiş bir araşdırma, 2023 və 2024-cü ilin əvvəllərinin niyə görünməmiş dərəcədə yüksək okean temperaturu ilə yadda qaldığını izah edir.
Tədqiqatın aparıcı müəllifi, Reading Universitetindən professor Chris Merchant deyib:
“Əgər siz okeanları su vannası kimi düşünürsünüzsə, 1980-ci illərdə isti kran çox cüzi açıldı və suyu bir az istiləşdirdi. Lakin indi isti kran daha çox işə salınıb və bu prosesi yavaşlatmaq üçün biz "isti kranı bağlamağa" - qlobal karbon emissiyalarını azaltmağa və karbon neytrallığına doğru hərəkət etməliyik.
Okeanların bu sürətlə istiləşməsinin Yerin artan enerji disbalansı ilə bağlı olduğu bildirilir. Planetimiz Günəşdən kosmosa qayıdan enerjidən daha çox enerji alır.
Bu disbalans 2010-cu ildən bəri, qismən artan istixana qazı konsentrasiyaları və Yerdən əks olunan daha az günəş işığı səbəbindən təxminən iki dəfə artmışdır.
Qlobal okean temperaturu 2023-cü ildə və 2024-cü ilin əvvəlində ardıcıl 450 gün ərzində rekord həddə çatıb.
Bu istiliyin bir hissəsi Sakit Okeanda təbii olaraq baş verən istiləşmə hadisəsi olan "El Nino" ilə əlaqədar idi.
Araşdırmanın nəticələri göstərir ki, son onilliklər ərzində müşahidə olunan qlobal okean istiliyinin ümumi səviyyəsi gələcək dəyişikliklərin dəqiq göstəricisi olmaya bilər. Okeanlarda son 40 ildə qeydə alınan temperatur artımının yaxın 20 il ərzində aşılması ehtimalı var.