"TikTok" uğrunda mübarizəyə "Microsoft" da qoşuldu
Dünən, 16:47
"Microsoft" korporasiyası Çinin "ByteDance" korporasiyasına məxsus olan "TikTok"un alınmasına ciddi maraq göstərir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
O, bu barədə Ağ Evin jurnalistlərinin suallarını cavablandırarkən deyib.
"Mən müsbət cavab verərdim. "TikTok"a böyük maraq var", - deyən dövlət başçısı digər potensial alıcıların adlarını açıqlamayıb.
Qeyd edək ki, ABŞ administrasiyası "TikTok"un 50% səhminin alınması üçün namizədləri aktiv şəkildə seçir. Əsas favorit kimi "SpaceX", "Tesla", "X" şirkətlərinin sahibi İlon Mask və "Oracle" korporasiyasının rəhbəri Larri Ellison göstərilir.
Xatırladaq ki, əvvəlki Prezident Co Bayden 2024-cü ildə "ByteDance"ı 19 yanvara qədər "TikTok"u satmağa və ya ABŞ ərazisində fəaliyyətini dayandırmağa məcbur edən qanunu imzalamışdı. Lakin yanvarın 20-də vəzifəyə başlayan Donald Tramp platformanın ölkədə bloklanmasını təxirə salmaq məqsədi daşıyan fərman imzalayıb. Respublikaçı bəyan edib ki, ABŞ "TikTok"un yarısına sahib olmaq hüququna malik olmalıdır, lakin bunun konkret nə demək olduğunu açıqlamayıb.