Alimləri təəccübləndirən kəşf: Hörümçəkləri "zombi"yə çevirən və manipulyasiya edən göbələk tapıldı
Bu gün, 16:19
Elm dünyasında davranışı ilə alimləri heyrətə salan yeni orqanizm kəşf edilib. Söhbət hörümçəkləri yoluxduran və onların davranışlarını manipulyasiya edərək onları bir növ "zombi"yə çevirən parazit göbələk növündən gedir.
Oxu.Az-ın məlumatına görə, tədqiqat barədə "Fungal Systematics and Evolution" (FUSE) jurnalında məlumat verilib.
Bildirilir ki, kəşf Böyük Britaniya və Danimarkadan olan beynəlxalq alim qrupunun Şimali İrlandiyada "Winterwatch" televiziya serialının çəkilişləri zamanı aparılıb. Yeni orqanizm britaniyalı təbiətşünası və televiziya aparıcısı Ser Devid Attenboroughun şərəfinə "Gibellula attenboroughii" adlandırılıb.
Tədqiqatçılar müəyyən ediblər ki, parazit göbələk "Metellina merianae" mağara hörümçəklərini və onların "Meta menardi" adlı qohumlarını yoluxdurur. Normalda bu buğumayaqlılar gizli həyat tərzi keçirirlər, lakin "Gibellula attenboroughii" ilə yoluxduqda onların davranışı kəskin şəkildə dəyişir: Yoluxmuş hörümçəklər öz yuvalarını tərk edir və açıq yerlərə çıxaraq faciəli sonluqla üzləşirlər.
Alimlər hesab edirlər ki, hörümçəklərlə belə manipulyasiyalar göbələk sporlarının daha geniş yayılmasına kömək edir.
Parazit çox güman ki, hörümçəyin sinir sisteminə təsir edərək dopamin neyromediatorunun istehsalını artırır və bununla da qurbanın davranışını idarə edir.
Maraqlıdır ki, "Gibellula attenboroughii" ilə yoluxmuş hörümçəklərin davranışı "Ophiocordyceps" göbələkləri ilə yoluxmuş Braziliya tropik qarışqalarının hərəkətləri ilə üst-üstə düşür.