Öz elektron imzasını digər şəxslərə verənlər müflis ola bilərlər - Vədlərə inanmayın!

Bu gün, 16:37           
Öz elektron imzasını digər şəxslərə verənlər müflis ola bilərlər - Vədlərə inanmayın!
Vətəndaşlar verdikləri etibarnamə əsasında öz adlarına olan elektron imza ilə təsis edilən hüquqi şəxslərin yaranmasına və hüquqi nəticələrinə görə məsuliyyət daşıyırlar.
Çoxsaylı müraciətlərə baxmayaraq, qanunsuz gəlir əldə etmək məqsədilə ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların adlarına müxtəlif hüquqi şəxslərin təsis olunması ilə bağlı hallara hələ də rast gəlinir. Dövlət Vergi Xidmətində aparılan araşdırmalar zamanı müəyyən olunub ki, əksər hallarda vətəndaşlar müxtəlif yollarla aldadılır və etibarnamə alınmaqla, yaxud onlara məxsus elektron imzalardan istifadə edilməklə adlarına müxtəlif hüquqi şəxslər təsis edilir, qanunsuz əməliyyatlar aparılır və nəticədə, həmin hüquqi şəxslərin böyük məbləğlərdə vergi borcu yaranır.
Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, belə hallarda hüquqi şəxslərin dövlət büdcəsinə borcu yarandığına görə, formal olaraq təyin edilmiş "direktor"un məhkəmə qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılır, dövlət büdcəsinə xeyli miqdarda vergi borcu yarandıqda isə həmin hüquqi şəxslər barəsində cinayət işi başlanılır.
Qeyd edilib ki, bir sıra hallarda vətəndaşlar özlərinin vergi ödəyicisi olduqlarını və şəxsən məsuliyyət daşıdıqlarını bilmirlər, yaxud qanunsuz sahibkarlıq fəaliyyətinin faktiki rəhbəri olan şəxslər tərəfindən qəsdən səhv məlumatlandırılırlar.
"Elektron imza sahibi onun qorunmasına cavabdehdir"
"Dövlət Vergi Xidməti vətəndaşları sahibkarlıq fəaliyyəti üzrə səlahiyyətlərini 3-cü şəxslərə həvalə edərkən diqqətli olmağa və özlərinə aid elektron imzadan digər şəxslərin istifadəsinə şərait yaratmamağa çağırır. Qanunvericiliyə əsasən, elektron imza yalnız öz sahibinə məxsusdur. Elektron imza sahibi onun qorunmasına cavabdehdir və digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Vətəndaşlar verdikləri etibarnamə əsasında öz adlarına olan elektron imza ilə təsis edilən hüquqi şəxslərin yaranmasına və hüquqi nəticələrinə görə məsuliyyət daşıyırlar, - məlumatda diqqətə çatdırılıb.
"Vətəndaşlar digər şəxslərlə münasibətlərdə müxtəlif vədlərə inanmamalıdır"
Vurğulanıb ki, müəyyən vədlər qarşılığında özünün elektron imzasını digər şəxsə təqdim edən vətəndaş vergi borcu, əmlak üzərinə həbs qoyulması, müflisləşmə ilə üz-üzə qala bilər: "Bunları nəzərə alaraq, vətəndaşlar digər şəxslərlə münasibətlərdə müxtəlif vədlərə inanmamalı, məzmununu anlamadıqları sənədlərə imza atmamalı, onlara məxsus elektron imzanı başqa şəxslərə etibar etməməlidirlər. Dövlət Vergi Xidməti bir daha vətəndaşları ayıq olmağa, etibarnamələrin məzmunu ilə daha detallı tanış olmağa və şəxsi məlumatların 3-cü şəxslərə etibar edilməsində maksimum ehtiyatla davranmağa çağırır".
"Elektron imzalar insanların həyatını, biznesə qoşulmasını rahatlaşdırır"
İqtisadçı-ekspert Xalid Kərimli də Sputnik Azərbaycan-a deyib ki, elektron imza vətəndaşın imzasıdır:
"Elektron imzalar insanların həyatını, biznesə qoşulmasını rahatlaşdırır və onlayn xidmətlərdən istifadə edənlərin xərclərini azaldır. Amma vətəndaşlar özlərinə aid elektron imzadan digər şəxslərin istifadəsi üçün şərait yaratmamalıdır. Elektron xidmətlər vasitədir və vətəndaşlar burada məsuliyyətli olmalı, özlərinə məxsus elektron imzanı başqa şəxslərə etibar etməməlidirlər. Yox, əgər vətəndaş hansısa vədlər qarşılığında özünün elektron imzasını digər şəxslərə verirsə, bu, artıq onun öz səhvidir".
Elektron imza nədir?
Qanunlara əsasən elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur. Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq eyni imkanlar əldə edirlər. Elektron imzanın istifadəsi zamanı sənədlər adi kağız sənədlər kimi hüquqi qüvvəyə malik olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.