Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi

Bu gün, 00:06           
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dinlərin əksəriyyətində vəfat edən insanın dəfn qaydası oxşardır: insan öldükdən sonra bədəni torpağa qovuşmalıdır. Ancaq bir sıra ölkələrdə meyit yandırılır, külü yaxınları tərəfindən saxlanılır və ya harasa səpilir.
Meyitlərin yandırılması prosesi kremasiya adlanır. Bəs insanlar niyə kremasiyanı seçirlər?

İslam dininə görə, insan dünyadan köçdükdən sonra onun nəşi qüsul edilməli, kəfənə bükülməli, cənazə namazı qılınmalıdır. İslam dini meyitin yandırılmasını qadağan edir. Bu kimi hallar şəriət qaydalarına zidd sayılır.

Amma İslam dini meyitin yandırılmasını qadağan etsə də, Azərbaycanda da dünyasını dəyişənlərin yandırılması üçün krematoriya mərkəzlərinin yaradılacağı gözlənilir. Hətta öləndən sonra meyitinin yandırlmasını arzulayanlar da var.

Modern.az mövzu ilə bağlı müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslərin fikirlərini öyrənib.

Tanınmış jurnalist, "AzVision.az" saytının baş redaktoru Vüsal Məmmədovun sözlərinə görə, bu qərarın verilməsinə şad olub:

“Həmişə fikirləşmişəm ki, hər insan öləndən sonra onun dəfni üçün bir neçə kvadrat metr yer zəbt olunacaqsa, tezliklə dirilərin yaşamağa yeri qalmayacaq. Məmuniyyətlə öləndən sonra yandırılmağımı istəyərdim, hətta vəsiyyət də edirəm. Niyə də yox?! Mənə elə gəlir ki, insanı xatırlatmaq üçün onun öz evində balaca bir yer olsa, kifayətdir. Hətta evində divarda şəkli olsa, külünü bir yerdə saxlasalar, bu da insanı xatırlamaq üçün yetərlidir. İnsanı xatırlatmaq üçün mütləq yığışıb harasa gedərək gül qoymağa ehtiyac yoxdur. Əgər mənim övladım məni xatırlayacaqsa, qoy bunu əziyyət çəkmədən, maşına minib harasa getmədən etsin. Ona görə də vəfat edəndən sonra yandırılmağımı bəli, istəyərəm”.

Qan Turalı kimi tanınan yazar Tural Cəfərov bildirib ki, hər bir məsələdə prioritet olaraq insan hüquqları nəzərə alınmalıdır:

“Hər hansı bir şəxs dini ya da fəlsəfi baxımdan ölümündən sonra yandırılmağını vəsiyyət edirsə, onun bu istəyi həyata keçirilməlidir. Bu istəyin həyata keçirilməsinin qarşısında olan maneələr də hüquqi və praktik baxımdan həll olunmalıdır. Bu konteksdə krematoriyaların təsis edilməsini düzgün hesab edirəm.

Öləndən sonra yandırılmaq isə mənə çox qorxunc gəlir. Sizin sualdan sonra bu haqda düşündüm və qorxdum. Dədə-baba qaydası daha yaxşıdır, sanki...”.

Folklorşünas Elyar İslamoğlu qeyd edib ki, bu çox aktual və son günlərdə cəmiyyətdə maraqla müzakirə edilən mövzudur:

“Ümumiyyətlə Azərbaycanda meyitin yandırılmasına rast gəlinmirdi. Heç kim vəfat edən yaxınının nəşini yandırmaq istəməyib. Əcdadlarımızın nəşi torpağa basdırılıb. Hər kəs də istəyər ki, yaxınlarının məzarı olsun. Çünki bizdə məzarüstü mərasimlər, əcdadların yada salınması, dəfn mərasimləri qədimdən bu günə qədər geniş və fərqli şəkildə qeyd olunur. Amma müxtəlif məzhəblərdə, dinlərdə biz ölülərin yandırılmasını da görürük. Bu mərasimə Hidistanda daha çox rast gəlinir, orada ölülər yandırılır, külü çaya səpilir. Bu ölkənin bəzi yerlərində isə meyit yandırılandan sonra külü müxtəlif qablarda saxlanılır.
Tarixən Azərbaycanda küp qəbirlər olub. Vəfat edən şəxsi küpün içərisinə qoyub eləcə dəfn ediblər.
Azərbaycanda ölünün yandırılması ilə bağlı bu gün hansısa fikirlər ola bilər. Başqa dinlərin mənsubları bu mərasimdən istifadə edərlər, öz ölülərini yandırarlar. Amma düşünmürəm ki, millətimizdən kimsə ölüsünü yandırmaq istəsin. Əslində yoluxucu xəstəlik daşıyan şəxslərin nəşinin yandırılması xəstəliyin yayılmasının qarşısının alınmasına xidmət edə bilər. Biz koronavirus dövründə gördük ki, həmin xəstəlikdən vəfat edənləri məzarlıqda digər qəbirlərdən kənarda dəfn edirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.