Həkimin reklam olunmasını dələduzluq hesab edirəm...
Bu gün, 00:08
Azərbaycanda həkim reklamının qadağan olunması təklif edilib.
Bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Musa Quliyev bildirib ki, bir sıra televiziya kanallarında şou proqramlarında, tibbi xidmətlərin, ayrı-ayrı həkimlərin və klinikaların heç bir reklam normalarına uyğun olmayan reklam edilməsi göz önündədir: “Reklam edilməsi bir tərəfə, görürsən ki, şou proqramların sponsorluğunu da həkimlər edirlər. Bunun da olduqca mənfi nəticələri ortaya çıxır. Biz tibb sektorunda xidmətlərin reklamına qarşı deyilik, ancaq reklamın müəyyən çərçivələri, normaları var. O cümlədən tibbi deontologiya və tibbi etika da gözlənilməlidir. Son dövrlərdə bir çox ölüm, ağırlaşma hallarının baş verməsində, xüsusilə plastik cərrahiyə, bədən şəkilləndirmə, mədə kiçiltmə əməliyyatlarında yaşanan hallarda bu reklamların, şou proqramların mənfi təsiri var. Bunların çoxunun tibbi göstərişi də yoxdur. Ümumiyyətlə, həkimlərin şəxs olaraq reklam edilməsi, dünyanın heç bir ölkəsinin reklam praktikasında yoxdur”.
Deputat Aqil Abbas da təklif edib ki, yaz sessiyasının qanunvericilik işləri planına “Reklam haqqında” qanuna dəyişikliklər daxil edilsin: "Sovet hökuməti dövründə heç bir həkimi qəzetdə tərifləməyə icazə yox idi. Jurnalistlər həkim haqqında xoş söz yazanda belə onu cəzalandırırdılar. Bu gün televiziyada bütün şou proqramlarda həkimlərin və dərmanların reklamı gedir. Buna bir əncam çəkmək lazımdır. Bu gün hərəsi bir yerdən diplom alanların, gedib Harvardda filan kurs keçənlərin reklamı gedir. Bu dərəcədə həkim reklamı düzgün deyil. “Reklam haqqında” qanuna yenidən baxılsın. Bu, televiziyalara böyük ziyan vuracaq. Çünki özəl kanallar arvad davası və həkim, dərman reklamı ilə dolanır”.
Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, həkim reklamları qadağan olunmalıdır:
“Birmənalı şəkildə həkimin reklam olunmasını dələduzluq hesab edirəm. Həkim hər hansı yeni metodologiya barəsində xəstələrə bəzi məlumatlar verə bilər ki, bunlar bizdə həyata keçirilir. Yoxsa çıxıb şou verilişdə oturub bir nömrəli həkim, iki nömrəli həkim kimi görsənmək biabırçılıqdır. Yəni bir həkimi ixtisas üzrə həkimlərin sırasından ayırıb xüsusi bir mərtəbəyə qoymaq biabırçılıqdır. Bəzi həkimlər, elmi əsaslardan və etika qaydalarından uzaqlaşaraq, müalicə və ya prosedurları daha cazibədar göstərmək məqsədilə reklamlar edir. Bu da pasiyentlərə yanlış məlumat verə bilər. Amma həkim öz fəaliyyətinlə bağlı məlumat verə bilər, çıxış edə, və mətbuatda da öz yeni üsullarını yaza bilər. Burada heç bir problem yoxdur. Amma mən düşünürəm ki, şou verilişlərində həkimlərin reklamolunması etikaya uyğun deyil”.