Naxçıvanda həbsdə olan generalın Bakıya köçürülmək istəməsinin sirri

12-10-2016, 11:29           
Naxçıvanda həbsdə olan generalın Bakıya köçürülmək istəməsinin sirri
Vəli Ələsgərovun köçürülmək istədiyi təcridxanada MTN-in ən odioz generalları saxlanılır; sabiq nazirin həbsxanada incidilməsi iddiaları da var
Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov Naxçıvan cəzaçəkmə müəssisəsindən Bakıdakı 1 saylı İstintaq Təcridxanasına köçürülmək istəyir.

Bu barədə “Trend”ə V.Ələsgərovun vəkili Vüqar Xasayev məlumat verib.

Vəkil bildirib ki, o, V.Ələsgərovun 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməsi üçün aidiyyəti qurumlara müraciət edib: “Qanunvericiliyin tələblərinə görə, Vəli Ələsgərov Bakı İstintaq Təcridxanasına köçürülə bilər. Bunun üçün biz Ədliyyə Nazirliyinə, Naxçıvan Penitensiar Xidmətinə və digər aidiyyəti qurumlara müraciət etrmişik. Lakin Naxçıvan Penitensiar Xidməti Vəli Ələsgərovun Bakıya köçürülməsini məqsədəuyğun hesab etməyib. Səbəb kimi göstəriblər ki, Vəli Ələsgərovun qohumları Naxçıvan Muxtar Respublikasında yaşayırlar”.



Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun istefaya göndərilməsindən bir müddət sonra işdən çıxarılmış və daha sonra barəsində cinayət işi açılaraq ev dustağı edilmişdi. Vəli Ələsgərov həmin ərəfədə vəkili vasitəsilə sensasion məlumatlar açıqlamışdı. V.Ələsgərov Eldar Mahmudovun vəzifədə olarkən ona Vasif Talıbovu və ailə üzvlərini dinləmək barədə təklif verdiyini demişdi.

“Vəli Ələsgərov isə bundan imtina edib. Deyib ki, ünvanı səhv salmısan, mən heç vaxt rəhbərimə xəyanət etmərəm. Mən belə qanunsuzluqla məşğul olmaram. İmtina edəndən sonra Eldar Mahmudov onun barəsində kontrmaterial yığmağa başlayıb. Guya Vəli Ələsgərov Bakıya vəzifəyə gəlmək istəyir. Bu səpkili dezinformasiyanı Vasif Talıbova ötürüb. Bundan sonra Vəli Ələsgərov həbs edilib” deyə, vəkili bildirmişdi.


Vəkil V.Ələsgərovun istintaq təcridxanasında işgəncələrə, qeyri-insani rəftara məruz qaldığını da açıqlamışdı. Yeri gəlmişkən, V.Ələsgərovun köçürülmək istədiyi təcridxanada generallar Subahir Qurbanov, Akif Çovdarov, Elçin Quliyev, polkovniklər - Akif Əliyev, Səlim Məmmədov, Vüsal Ələkbərov, Orxan Osmanov və digərləri saxlanılır. “Vəli Ələsgərov onlarla görüşməkmi istəyir və niyə” sualı da indilikdə maraq doğurur...

Azpolitika.az saytının iddiasına görə isə Vəli Ələsgərovun Naxçıvandan uzaqlaşmaq cəhdi, çox guman ki, həbsxanada ona qarşı sərt münasibətlə bağlıdır. Sabiq nazir Bakıya köçürülərsə burda müəyyən qədər rahatlıq tapa biləcəyini düşünür. Lakin şübhəsiz ki, Naxçıvan rəhbərliyi V.Ələsgərovun Bakıya köçürülməsinə imkan verməz. Sirr deyil ki, Vəli Ələsgərovun əlində çox ciddi kompromatlar və məlumatlar var - Bakıda maraqlı dairələr onları əldə etmək və istifadə etmək niyyətinə düşə bilərlər.



V.Ələsgərovun Naxçıvandan uzaqlaşmaq cəhdlərinin heç bir nəticə verməyəcəyini indidən əminliklə söyləmək olar. Bunu sabiq nazirin özü də bilməmiş deyil. Lakin görünür, düşdüyü ağır psixoloji mühitdən canını qurtarmaq üçün çarəsiz şəkildə hər vasitədən istifadə etməyə məcburdur.

Vəli Ələsgərov 15 il Naxçıvanın milli təhlükəsizlik naziri olub. Həbsindən bir neçə ay əvvəl general-leytenant rütbəsi verilib. V.Ələsgərovun nazirliyi dövründə Naxçıvan MTN öndə gedən repressiv orqan kimi ad çıxarıb, orada ictimai fəallar, jurnalistlərə qarşı zorakılıqlara yol verilib, şantaj olunub, Naxçıvan sakinlərinin bir neçəsi qurumdakı dəhşətli işgəncələrin sonucu olaraq dünyalarını dəyişiblər.

Qeyd edək ki, Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə V.Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunub.

Hökmdən apelyasiya şikayəti verilsə də, Naxçıvan Ali Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.