Daha uzun yaşamanın sirri - Alimlər qatığın inanılmaz faydalarını açıqladılar

Bu gün, 17:58           
Daha uzun yaşamanın sirri - Alimlər qatığın inanılmaz faydalarını açıqladılar
Qatıq sevənlərdə bütün səbəblərdən ölüm nisbəti digərlərinə nisbətən daha aşağıdır. Bu nisbət məhsulun yağlılıq dərəcəsinə və miqdarına görə dəyişir.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə çinli alimlər uzunmüddətli tədqiqatlardan sonra elan ediblər. Onların araşdırmalarının nəticələri "Journal of Global Health"də dərc edilib.

Bildirilir ki, tədqiqat üçün 186 mindən çox insanın məlumatı araşdırılıb. Məlum olub ki, qatıq sevənlərdə ölüm nisbəti onu yeməyənlərlə müqayisədə daha aşağı olub. Üstəlik, faydalı təsir istənilən miqdarda və müxtəlif yağlılıq dərəcəsi olan qatıqlardan əldə edilib.

Gündə 50 qrama qədər normal yağlılıqlı turş süd məhsulunun minimal istehlakı ölüm riskini 18%, 50-100 qram - 7%, 100 qramdan çox isə 4% azaldıb. Yağsız qatıq üçün müvafiq olaraq risklərin azalması belədir: 12, 9 və 5%.

Bundan başqa müəyyən edilib ki, gündə cəmi 80-125 qram qatıq istehlakı 2-ci tip diabet riskini 14% azaldır. Oxşar effektlər ürək-damar xəstəlikləri və metabolik sindroma da (piylənmə, 2-ci tip diabet, ürək və damar xəstəlikləri və sair) aid olub.

Bildirilir ki, qatığın tərkibində olan faydalı bakteriyalar (Bolqar çöpü) uzunömürlülüyün açarıdır. Bu məhsul həmçinin zülal, süd yağının fosfolipidləri, təbii trans yağlar, "K1" və "K2" vitaminləri, kalsiumla zəngindir. Bütün bunlar sağlamlığımıza və ömür uzunluğumuza müsbət təsir göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.