Qərbi Azərbaycan Xronikası: "Novruzun əsl adı Yaz və ya Böyük bayramdır"
Dünən, 00:03

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı yayımlanıb.
"Bayramın folklor mətnləri saxtalaşdırılıb" adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı Novruz çərşənbələrindən və inanclardan söz açıb.
O bildirib ki, Axır çərşənbə Novruzdan daha əhəmiyyətlidir: "Çərşənbələr təntənəli şəkildə qeyd olunmamalıdır. Cəmlə sayı 3-dür və suya, havaya, torpağa düşür. Təqvim inancının əsasında təbiətin ölüb-dirilməsi dayanır. Çilə beçələri əslində bu mənanı verir. İl ruzili keçsin deyə, Xıdır əsası xəşilə dəyməlidir. Xıdır xəşili ilə fala baxılır və düz çıxır. Qarğa xəşili kimin evinə aparsa, qız ora ərə gedəcək".
Onun sözlərinə görə, Novruzun əsl adı Yaz və ya Böyük bayramdır və Qızılbaş inancları bayrama daxil olub və bayramın folklor mətnləri saxtalaşdırılıb.
L.Vaqifqızı İlaxır çərşənbənin hansı səbəbdən daha möhtəşəm keçirilməsinə, çərşənbələrin adının necə qeyd olunmasına, qəbir üstünə hansı tarixdə gedilməsinə aydınlıq gətirib və həzrəti Əlinin taxta çıxdığı qırmızı günün izahını verib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: