"QULAQ"ın ən gizli yeri: Borlaqda dustaqlar nə ilə məşğul olurdular?
Bu gün, 15:14

"SSRİ-nin nüvə proqramına uyğun olaraq ölkənin ilk yüz bomba üçün 230 ton təmiz urana ehtiyacı olub..."
Müharibədən sonrakı illərdə sovet alimləri qarşısında son dərəcə çətin və həyati vacib bir vəzifə- atom bombasının hazırlanması vəzifəsi durub.
Moderator.az xəbər verir ki, bu barədə "russian7.ru" nəşri yazıb.
Məlumatda deyilir ki, bu işə şəxsən Lavrenti Pavloviç Beriya nəzarət edib. Bu vəzifənin icrası çərçivəsində 1949-cu ildə Çita vilayətinin Sinelqa qəsəbəsi yaxınlığında Borlaq - Bor islah-əmək düşərgəsi yaradılıb.
Tam məxfi
SSRİ Nazirlər Sovetinin Borlaqın yaradılması haqqında 172-52 nömrəli qərarının üzərində “Tam məxfi” qrifi olub. Çünki burada xüsusi bir iş planlaşdırılıb. Bir neçə il əvvəl Kodar dağ silsiləsində uran filizləri aşkar edilib.
Bu barədə ilk olaraq havadan radioaktiv fon ölçmələri aparan pilotlar məlumat verib. Ardınca Fedor Tişşenko başda olmaqla geoloji-kəşfiyyat ekspedisiyası göndərilib. O, ümidverici xəbərlərlə qayıdıb - yerli süxurlarda uran filizlərinin tərkibi 30-50 faiz arasında dəyişə bilərdi.
Atom damarları
Tezliklə Beriyanın təklifi və Stalinin qərarı ilə Orta Sakukan çayı sahillərində intensiv tikinti işlərinə başlanılıb. SSRİ-nin nüvə proqramına uyğun olaraq, ölkənin ilk yüz bomba üçün 230 ton təmiz urana ehtiyacı olub.
Planlaşdırılıb ki, Borlaq Sovet İttifaqının "nüvə damarlarından" birinə çevrilsin və zəruri filizlər tonlarla Novouralsk, Ozersk, Sarov zavodlarına daşınsın. Qısa müddət ərzində düşərgə tikilib və əsasən siyasi dustaqlar, həmçinin kollaborasionistlər və oğrular olan məhbuslar uran filizlərinin çıxarılmasına başlayıb.
Ümidlər doğrulmur
Lakin tezliklə aydın olub ki, Kodar yatağı perspektivsizdir. Geoloqların yüksək uran tərkibli süxurlar tapdığı damar tezliklə tam işlənilib və sonra yalnız cüzi izlərlə demək olar ki, boş süxurlar başlayıb. Cəmi 1200 tondan bir qədər çox radioaktiv xammal çıxarılıb.
Beriya isə Stalinin qarşısına uydurma uğurlar və perspektivlər barədə hesabatlar qoyur, ondan uran tələb edib. O, başa düşürdü ki, belə bir uğursuzluğa görə cəzasız qalmayacaq və həqiqətin üzə çıxmasını mümkün qədər gecikdirməyə çalışıb.
Həqiqətə görə Lenin Ordeni
Lavrenti Pavloviçin şəxsi göstərişi ilə Borlaqa bir neçə geoloq göndərilib, lakin onların hamısı eyni şeyi deyib - yataq bağlanmalıdır. Lakin heç kim rəsmi sənədləri imzalamaq istəməyib. Beriya isə bu məsuliyyəti təkbaşına üzərinə götürməkdən qorxub.
Rəvayətə görə, yalnız bir geoloq - Lyaşşenko yatağın bağlanması barədə təklif tərtib edib və imzalayıb. Beriya da buna görə onu Lenin Ordeni ilə təltif edib. Bunun həqiqət olub-olmadığı dəqiq bilinmir. Hər halda, 1951-ci ildə yatağın bağlanması barədə qərar qəbul olunub - düşərgə ləğv edilib, yataq isə partladılıb.
Qeyd: QULAQ ("Главное Управление Исправительно-Трудовых Лагерей") "İslah-Əmək Düşərgələri Baş İdarəsi" ifadəsinin abbreviaturasıdır.