Bandvagon effekti - Kütlə bazar qiymətlərini necə formalaşdırır?

30-05-2025, 17:44           
Bandvagon effekti -
Bəzi insanlar hər hansı məhsulu və ya xidməti satın alırlar. Ardınca başqaları da bu davranışı təkrarlayaraq eyni seçimləri etməyə başlayır. Bu situasiyaya ən çox iqtisadiyyatda rast gəlinir. “Bandvagon effekti” adlandırılan fenomen insan davranışlarının kütlə təsiri ilə necə dəyişdiyini izah edir. “Bandvagon effekti” insanların sadəcə başqaları etdiyi üçün bir davranışı və ya seçimi təkrarlamasıdır. İnsanlar çoxluğun doğru bildiyini qəbul edib, fərdi düşüncədən uzaqlaşırlar. Bu effekt istehlakda və investisiya qərarlarında geniş yayılıb.

Valyuta.az xəbər verir ki, əsasən iqtisadiyyatda bu, süni tələbat yaradır və bazarda şişirdilmiş qiymət artımına səbəb ola bilir. Nəticədə, qiymətlər real dəyərdən uzaqlaşır və riskli iqtisadi vəziyyətlər yaranır.

Bu effekt zamanı insanlar bir hərəkəti və ya seçimi onun doğruluğuna inanmasalar belə, sadəcə başqalarının etdiyini görərək təkrarlayırlar. Bu davranış forması kütlə psixologiyası, qrup düşüncəsi və sosial uyğunlaşma kimi anlayışlarla sıx bağlıdır.

“Bandvagon” ifadəsi ilk dəfə 19-cu əsrdə ABŞ-də keçirilən prezident seçkiləri zamanı ortaya çıxıb. Səyyar sirk ustası Den Rays seçki kampaniyasında musiqi arabasından istifadə edərək namizədi Zaxari Teyloru təbliğ edirdi. Tamaşaçılar isə bu arabanın üstünə çıxaraq “qalib tərəfdə olmaq” arzularını simvolizə edirdilər. Sonralar bu ifadə “çoxluğa qoşulmaq” mənasında geniş yayıldı.

Bu effekt təkcə siyasətdə deyil, istehlakçı davranışında, maliyyə bazarlarında və sosial mediada da müşahidə olunur. Məsələn, insanlar hansısa telefon modelini və ya geyim tərzini sadəcə digərləri alır deyə seçə bilər. Eyni ilə, investorlar da bəzən heç bir fundamental əsas olmadan hər hansı səhmin dəyəri sürətlə artır deyə onu almağa başlayırlar.

Psixoloji və iqtisadi səbəblər

İqtisadi baxımdan bu davranış məlumat toplama xərclərindən yayınmaq üçün istifadə oluna bilər. Məsələn, valideynlər yeni uşaq arabası seçmək əvəzinə, ətrafdakıların istifadə etdiyini almağa üstünlük verə bilərlər. Lakin bu yanaşma həmişə effektiv olmur. 2007-ci ildə baş verən daşınmaz əmlak böhranı buna nümunədir. Hər kəs bazarın sabit qalacağını düşündüyü üçün səhv qərarlar ard-arda gəldi və nəticədə dünya miqyasında maliyyə böhranı yarandı.

“Bandvagon effekti”nin əsas riski ondan ibarətdir ki, insanlar fərdi düşüncəni ikinci plana ataraq, başqalarının davranışına kor-koranə qoşulurlar. Bu isə irrasional sərmayə qoyuluşları, istehlakçı borcları və informasiya asılılığı ilə nəticələnə bilər. İstehlakçılar məhsulları populyar olduğu üçün alır, həqiqi ehtiyaclarını və ya maliyyə imkanlarını nəzərə almırlar.

Bu effekt demonstrativ (göstərişli) istehlak ilə də sıx əlaqəlidir. Bəzi insanlar sadəcə sosial status nümayiş etdirmək üçün bahalı məhsullar alırlar. Bu, xüsusilə sosial mediada "mükəmməl həyat" təəssüratı yaratmaq istəyənlər arasında geniş yayılıb.

Necə qarşısını almaq olar?

Qərar vermədən əvvəl tənqidi düşünmək və fərdi ehtiyacları qiymətləndirmək vacibdir. Etibarlı mənbələrdən informasiya toplayaraq qərar qəbul etmək, başqalarının seçimlərini təkrarlamaqdan daha sağlamdır. Qərar vermə prosesini yavaşlatmaq, emosional təsirlərə qarşı müqaviməti artırır.

Sərvanə Rəmixanova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.