Mikrofonun arxasında həqiqət, məhkəmə zalında hökm
Bu gün, 11:54

Şimal bölgəsinin mediası illərlə bir səsə, bir imzaya alışmışdı: Cəmil Məmmədli. Həm radio efirində, həm də sosial şəbəkələrdə çəkdiyi reportajlar, apardığı canlı yayımlar, açdığı mövzular bir çoxunun xoşuna gəlmirdi. Xüsusən də, “bu barədə danışmayın” deyən məmurların…
Amma 2023-cü ilin qarlı bir yanvar günü onun həyatında mikrofon yerini protokola, kamera isə məhkəmə zalındakı təhlükəsizlik çərçivəsinə verdi. Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham olunan Məmmədli əvvəlcə “böhtan” və “təhqir” işlərində islah işlərinə məhkum edildi. Lakin bu, son deyildi.
2024-cü ilin aprelində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi ona 6 il 2 ay azadlıqdan məhrumetmə cəzası verdi. Dövlət ittihamçısı isə daha əvvəl 8 il 3 ay tələb etmişdi. İttiham siyahısı isə kifayət qədər “rəngarəng” idi: dələduzluq, hədə-qorxu ilə tələb etmə və xuliqanlıq. Digər bir iş üzrə məhkəmə hələ də davam edir.
Məhkəmə zalında isə Məmmədli özünəməxsus yumorla, amma kəskin ironiya ilə belə dedi:
"Allahın Hakim adı da var, Vəkil adı da. Mən indi başa düşürəm ki, niyə Prokuror adı yoxdur."
Bu cümlə zaldakı gərgin havanı bir anlıq dəyişsə də, ittiham tərəfinin sifətindəki sərt ifadəni yumşaltmadı. Amma ictimai yaddaşda həmin an, məhkəmə sənədlərindən daha çox iz qoydu.
İndi sual yaranır: bu cəza yalnız bir şəxsin yox, bütün bölgə mediasının səsini susdurmaq üçünmi verilir? Jurnalistə qarşı bu ağır ittihamlar ictimaiyyətin haqlı narahatlığına necə cavab olacaq?
Şimal bölgəsində jurnalistika heç vaxt “sakit peşə” olmayıb. Cəmil Məmmədli isə bu sakitliyi pozanlardan idi. İndi onun səsi efirdə deyil, amma haqqında danışılan sözlər hələ də küçələrdə dolaşır.
Son söz:
Media azadlığı bəzən sözün ucunda yox, məhkəmə hökmünün nöqtəsində bitir. Amma haqq-ədalət, həqiqət heç vaxt məhkum olunmur. Allah qapısını açsın!
Вюсал Башаратви
TEREF