"Spotify" Türkiyədəki moderatorlarına qarşı rüşvət iddiaları ilə bağlı araşdırma başladıb
Bu gün, 12:58
Dünyanın ən çox istifadə olunan musiqi platformalarından biri olan "Spotify" Türkiyədəki moderatorlar ilə bağlı şikayətlər və rüşvət iddiaları səbəbindən araşdırma başladıb.
Haber Global- ın xəbərinə görə, buna səbəb müğənnilərin şikayəti olub.
İfaçılar "playlist"lərin hansı meyarlara əsasən tərtib olunduğuna dair məsələ qaldırıblar.
Müğənni Aydilge, "Türkçe Pop" siyahısına heç vaxt daxil edilmədiyini, onlarla hit mahnısının görməzlikdən gəldiyini deyərək, bu vəziyyətin musiqi sənayesində ədalətsizliyə səbəb olduğunu bildirib.
Müğənni Oğuzhan Koç da oxşar narazılıqlarını ifadə edib.
Musiqiçi Ferhat Göçer bildirib ki, Türkiyədə musiqinin 80%-i "Spotify"da, əsasən də "playlist"lərdən dinlənir. O, siyahıların hazırlanmasında şəffaflıq olmadığını iddia edib və rüşvət və dinləmə sayının süni artırılması iddialarının artdığını vurğulayıb.
Göçer bu barədə çoxlu şikayət aldıqlarını vurğulayaraq, məsələnin Türkiyə musiqi sənayesində ciddi narahatlıq yaratdığını bildirib.