İlon Mask “Apple”ı hədələdi

Bu gün, 11:24           
İlon Mask “Apple”ı hədələdi
İlon Mask “Apple”ı süni intellekt tətbiqlərinin sıralamasında rəqiblərə üstünlük verməkdə ittiham etdi

“Tesla” və “xAI” şirkətlərinin rəhbəri İlon Mask “Apple”ın “App Store”da süni intellekt tətbiqlərinin reytinqində ədalətsiz davrandığını iddia edərək şirkətə qarşı məhkəmə iddiası qaldıracağını bildirib.

Mask bazar rəqabəti qaydalarının pozulduğunu irəli sürərək, “Apple”ın yalnız “OpenAI”nin “ChatGPT” tətbiqinə siyahıda birinci yeri tutmağa imkan verdiyini, digər rəqiblərin isə ön sıralara çıxmasının qarşısının alındığını vurğulayıb:

“Apple elə davranır ki, “OpenAI”dən başqa heç bir süni intellekt şirkəti “App Store”da birinci ola bilmir. Bu, açıq-aşkar antitrest (rəqabət əleyhinə) pozuntudur,” – deyə o, “X” sosial şəbəkəsində yazıb.

Hazırda “xAI”nın “Grok” adlı süni intellekt tətbiqi ABŞ-də “iPhone”lar üçün “Top Free Apps” bölməsində 6-cı yerdə qərarlaşıb, birinci yeri isə “ChatGPT” tutur.

“xAI”nin rəsmi hesabında yayımlanan açıqlamada “App Store”un “seçimlərinin qərəzli” olduğu, tanınmış “AI” platformalarına üstünlük verildiyi, “Grok”un isə “senzurasız üslubu” səbəbindən geri saxlandığı iddia olunub.

Məsələ ilə bağlı “Apple”, “OpenAI” və “xAI” şirkətlərindən hələ rəsmi açıqlama verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru