Fəlsəfə – bütün elmlərin anası
Bu gün, 12:04

Fəlsəfə insan düşüncəsinin ən qədim və ən əhatəli sahələrindən biridir. Tarixi baxımdan bütün elmlərin anası hesab olunur. Çünki insanlığın ibtidai dövrlərində təbiət, cəmiyyət, insan və kainat haqqında bütün biliklər fəlsəfə çərçivəsində toplanırdı. Müdrik şəxslər – filosoflar – bu suallara cavab axtaran, öz yüksək düşüncə qabiliyyəti ilə seçilən insanlardır. “Filosof” sözü latıncadan gəlir və filo – sevmək, sofi – müdriklik deməkdir, yəni “müdrikliyi sevən” mənasını ifadə edir.
Qədim yunan filosofları dünya fəlsəfi irsinin formalaşmasında xüsusi rol oynamışlar. Onların fəaliyyəti yalnız abstrakt düşüncə ilə məhdudlaşmır, həm də bir çox elmlərin ilkin təməlinin qoyulması ilə bağlı idi. Məsələn:
Anaksimandr (e.ə. VI əsr) kainatın sonsuzluğundan danışır, Yer kürəsinin sərbəst dayanmasını irəli sürür, astronomiya və coğrafiyanın əsaslarını qoyurdu.
Pifaqor riyaziyyatda məşhur teoremi ilə yanaşı, musiqi nəzəriyyəsində harmoniya qanunlarını izah etmişdir.
Demokrit atom nəzəriyyəsini irəli sürərək təbiət hadisələrinə materialist yanaşma gətirmiş, fizikanın və kimyanın gələcək inkişafına zəmin yaratmışdır.
Aristotel isə məntiq elminin banisi olmaqla yanaşı, fizika, biologiya, iqtisadiyyat, siyasət, poetika və astronomiya haqqında dərin əsərlər yazmış, elmlərin təsnifatını vermiş və onları sistemləşdirmişdir.
Zaman keçdikcə elmlər inkişaf etdikcə fəlsəfədən ayrılaraq müstəqil elm sahələri kimi formalaşmağa başladılar. Beləliklə, həndəsə, riyaziyyat, fizika, biologiya, coğrafiya, astronomiya, siyasət, iqtisadiyyat və digər elmlər öz metodlarını və tədqiqat üsullarını müəyyən edərək ayrıca inkişaf yolu tutdular. Elm irəlilədikcə yalnız məntiqi nəticə (deduksiya, induksiya, analiz) ilə kifayətlənmək mümkün olmadı, müşahidə, təcrübə və laborator araşdırmalar əsas tədqiqat üsullarına çevrildi.
Müasir dövrdə bu elmlər hər biri daxilində də haçalanaraq çoxsaylı ixtisaslaşmış istiqamətlər yaratmışdır. Artıq günümüzdə fəlsəfənin əsas predmeti elmi tədqiqatların birbaşa aparılması deyil, daha çox elmlərin ümumi prinsiplərinin, onların mənşəyinin və inkişaf qanunauyğunluqlarının öyrənilməsidir.
Bu mənim subyektiv fikrimdir: indi hər bir elm sahəsində fəaliyyət göstərən alimlər, əslində, öz sahəsinin filosoflarıdır. Ona görə də fəlsəfəyə bu gün daha çox “fəlsəfə tarixi” və “elmin fəlsəfəsi” kimi yanaşmaq daha məntiqli görünür.
Джавид Дамирли
TEREF