Bir tikə kabab, bir qədəh şərab, bir DJ: Əliniz cibinizdə olsun- 190 manat
25-12-2016, 22:05
Yeni ilə sayılı günlər qaldıqca bayramın necə qeyd ediləcəyi məsələsi daha çox müzakirə edilir. Hər gün artan qiymətlər fonunda bütün ailənin ətrafında toplaşa biləcəyi bayram süfrəsinin hazırlanması üçün ən azı 150 manatın lazım olduğunu “Cümhuriyət” qəzeti öncəki yazılarında qeyd etmişdi. Bayram və dəbdəbə sevən xalq olduğumzudan nə qədər bahalıq da olsa sürfəmizdən nemətləri əksik etməməyə çalışdığımız məlumdur. Bu, nə qədər baha başa gəlsə də, “ildə bir dəfədir” deyib və hər il də bir neçə bayramı beləcə cibimizə yaraşmayan təmtəraqla qeyd edirik. Bu, məsələnin başqa tərəfidir, bu dəfə biz bayramı harada qarşılamağın büdcəmizdəki yerini hesablamağa çalışacağıq.
Azərbaycanda ənənəvi olaraq böyük çoxluq bayramı ev şəraitində qeyd edir. Ancaq son illərin dəbi kimi xarici ölkəyə və ölkədaxili səyahət, eləcə də bayramların əyləncə mərkəzləri, restoranlarda qeyd edilməsi ənənəsi yaranıb. Bu ənənə hələlik geniş yayılmasa da müəyyən qədər tərəfdarı var. Əvvəlki illər, neft gəlirlərinin bol olduğu zamanlarda əyləncə mərkəzləri, restoranlar da müştəri qıtlığından əziyyət çəkmirdilər. Bu il bu barədə danışmaq olmaz. Qiymətlərin kifayət qədər bahalaşması fonunda hətta nisbətən daha az vəsaitə xidmət təklif edən mərkəzlər də müştəri qıtlığından əziyyət çəkir. Təbii ki söhbət “sanballı” müştəridən gedir.
Bakılıların 94 faizi bayramı evdə qarşılayacaq
“ACT Azərbaycan” Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edib. Sorğunun nəticələrinə görə, Bakı sakinlərinin böyük əksəriyyəti Yeni ili ailələri ilə birlikdə (94%) qarşılamağa üstünlük verirlər. Rəyi soruşulan qadınların demək olar ki, hamısı (97%), kişilərin isə 90 %-i bayramı ailələri ilə keçirməyi tərcih edirlər. Yeni ili qohum-əqraba əhatəsində qarşılamağı planlaşdıranlar isə 3 % təşkil edir. Kişilərin 4 %, qadınları isə 2 %-i bayramı yaxın qohumların əhatəsində keçirməyi düşünür. Maraqlı tendensiya kişilərin bayram əhatəsini seçməklə bağlıdır. Belə ki, kişilərin 6 %-i bayramı yaxın dostları ilə keçirməyə hazırlaşdığı halda, 1 % -i onu təkbaşına qeyd etmək niyyətindədir.
Böyük əksəriyyət bayramı evində qarşılamaq fikrindədir (91%). Həm qadınlar (92%), həm də kişilər (89 %) bu mövzuda həmfikirdilər. 2 % qadın, 9 % kişi isə 2017-ci ili xaricdə qarşılamaq fikrindədir. Yeni ili Bakıda qarşılayanların isə 2 %-i bayram günü üz tutacaq Dənizkənarı Milli Parka. Yeni ili restoranda qarşılamaq istəyənlər isə qadınlardır və onlaırn sayı respondentlərin cəmi 1 faizidir... Sorğu “ACT Azərbaycan” tərəfindənBakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yalnışlıq həddi maksimum 4.9 %-dir.
Adi xidmət, qeyri-adi qiymət
Bəs görəsən, evdə bayram qeyd edənlərdən fərqi olaraq restoranlara və əyləncə mərkəzlərinə üz tutmaq istəyənlər nə qədər vəsait xərcləməli olacaq? Müşahidələr göstərir ki, heç də az yox. Bakının və bölgələrin sayılıb-seçilən restroanları yeni illə bağlı ən müxtəlif təkliflərlə çıxış edir. Müxtəlif dediksə, o qədər də rəngarənglik yoxdur. Dəyişən sadəcə müğənnilər və menyu ola bilər. Hansısa kreativ fikirlər gözləyirsinizdə, şəxsən biz beləsinə rast gəlmədik. Hamısı demək olar ki, ənənəvi ziyafət, musiqi, rəqs təklif edir.
475 manat verin, kabab yeyin
Məkan axtarışında...
Sea Bay restoranında bütün gecə Şakir Mərdanov canlı ifasını təklif edir. Ukraynadan olan duet Mellow Noise şou-proqram ilə çıxış edəcək.Gecənin aparıcısı Cəmilə Tağızadədir.Burda qonaqları lotoreya, atəşfəşanlıq və SeaBay restoranının rezidenti DR Rasim ilə gecə diskosu gözləyir. Yeni il menyusuna tərəvəz səbəti, pendir assorti (motal pendiri, dana pendiri, ədviyyatlı şorlar), ət assorti (hisə verilmiş bildriçin, dana dili, toyuq ruleti), zeytun assorti, turşu assorti daxildir. İsti qəlyanaltılardan siqara börek, lobya əzməsi, fəsəli ət ilə, toyuq ləvəngi, 2 cür salat, əsas yemək olaraq sobada bişmiş forel tərəvəz ilə təqdim edilir.Və təbii ki, süfrələrin vazkeçilməzi olan kabablar. Desert və içkilər arasında spirtli və qazlı içkilər var. Çay və kofenin də təqdim edildiyi restoranda yeni ili qarşılamaq bir nəfər üçün nə az-nə çox 190 manat manatdır. Əgər iki nəfər yer sifariş edərsə, 6 yaşadək uşaqlar pulsuz, 6 yaşdan 12 yaşadək uşaqlara görə isə 95 manat ödəniş edilməlidir. Yəni, əgər biri azyaşlı olmaqla 4 nəfərlik ailəsinizsə, 475 manat ödəməlisiniz.Kimin büdcəsinə uyğundur?
Adını və dadını bilmədiyiniz yeməklərə adambaşına 150 manat
Başqa bir restoran - Nobody Knows canlı musiqinin olacağı bayram təklif edir. Yeni il proqramında Şaxta baba və Qar qız, aparıcı, Laelia & Music Band, DJ Kareem olacaq. Mnyuya baxaq: 1 pors pendir, 2 pors turşu, 1 pors tərəvəzli İtalyan kolbasaları, qızıl balıqla kanape, qırmızı kürü ilə kanape, 1 ədəd yapon dəsti (qara əjdaha), 1 ədəd kaliforniya roll, 1 ədəd sake maki, 600 qr mal əti ilə paytaxt salatı, 2 pors toyuqlu Sezar salatı, 4 ədəd toyuq və göbələkli jülyen, 2 pors badımcan krem-parmezan daxildir. İsti yeməklərdən striploin steyki və ya 4 pors tərəvəzlər və çedder pendiri ilə içi doldurulmuş toyuğun döş əti yeyə bilərsiniz.Adı dilinizə yatmayan bu yeməklərdən sonra bir qab pirojna çeşidləri veriləcək.Bura isə 4 ədəd paxlava, 4 ədəd ballı tort, 4 ədəd trüfel daxildir.İçkilər də limitlədir- Mors - 1 lt, sampan 1 şüşə.Bütün bu sadaladıqlarımıızı terrasda yemək istəyirsinizsə, 1 nəfər üçün 100, restoranda yemək istəyirsinizsə 150 manat ödəməlisiniz.7-12 yaşarası uşaqlara 50% endirim nəzərəd tutulur.6 yaşına qədər uşaqlar üçün isə giriş pulsuzdur.
180 manatlıq plov yeyib, 25 manatlıq oynayacaqsız
Yeni il gecəsini Ritz-Baku klub-restoranında qeyd etmək istəsəniz də kifayət qədər xərcləməli olacaqsınız. Burdakı "Ulduz paradı"nda gənc estada ulduzları Ulkər Əliyeva və Hüseyn Abdullayev "Best" qrupu ilə çıxış edəcək. Gecə yarısından sonra - Hüseyn Xəlilov və sənətkar Dj ilə rəqs edə bilərsiniz.Qiymətlər seçəcəyiniz əyləncə tərzindən asılı olaraq 25-180 manat arasında dəyişir.180 manatlıq meyuya baxırıq.Turşu assortisi, pendir assortisi, toyuq ciyərindən paştet, badımcan ruleti, balıq assortisi, yunan, paytaxt, manqal salatı yeyə bilərsiniz.Əsas yemək kimi zəfəranlı düyü ilə toyuq ləvəngisi veriləcək.Eləcə də qarışıq kabab təklif olunur.Desert meyvə assortisi və q qədər şampan.Evinizdə də yeyə biləcəyiniz bu menyu üçün siz adambaşına 180 manat ödəməlisiniz. Əgər siz yeni il süfrəsindən sonra şənliyi davam etdirmək istəyirsinizsə, klubda rəqs edə bilərsiniz. Restoran sizə hədiyyə olaraq 1 qədəh şampan və meyvə assortisi verəcək.Amma bunun üçün restorandan əlavə kluba giriş üçün də 25 manat ödəməlisiniz.Deməli, bayramda 180 manatlıq yeyib 25 manatlıq da rəqs edəcəksiniz.2 nəfər üçün bu əyləncə 410 manata başa gələcək.
Manqal başında lülə kabab üçün 184 manat
Garabag resort-da bayram şənlikləri 30 dekabrdan başlayır.Burda cəmi 1 yer qaldığı deyilir. Bayramda burada 1 rus, 1 azərbaycanlı olmaqla 2 solist, 1 muğam ifaçısı, DJ-lər olacaq. Dekabrın 31-də açıq bufet təqdim ediləcək.Hər otağa spirtli içki veriləcək.Spirtli içkilər qəbul etməyən müştərilər üçün spirtsiz içki çeşidləri var.
Masalarda çərəz, meyvə və pendir olacaq. Saat 00:00-da yeni il tortu kəsiləcək və bütün masalara servis ediləcək və burda restoran şou da vəd edir. Saat 00:30-dan sonra manqalda lülə kəbab bişiriləcək. Müştərilər lülə kababları mangal başından götürəcəklər.
Bu, müştərini kababın yeni hazırlandığına inandırmaq üçündür. Saat 01:00-dən sonra 2-3 çeşid çorba yeyə bilərsiniz. Parti davam edərkən lotereya oynanılacaq və hədiyyələr veriləcək. Hədiyyələr arasında pulsuz qonaqlama, masaj, şampan ola bilər. Bu oteldə Junior Suite otaq 2 nəfər üçün gecəsi 184 manatdır.Hər halda digər restoranlardan fərqli olaraq qiymət daha ucuz görünür.Amma menyu da digərlərindən fərqlənir.Hər halda burada azərbaycanlıların xoşladığı müxətlif kabab çeşidləri və ya ən müxtəlif salatlar yoxdur. Biz sizə yeni ili qarşılaya biləcəyiniz ancaq bir neçə məkandakı qiymətləri təqdim etdik. Bu qiymətlərin orta statistik azərbaycanlının cibinə uyğunluğu mübahisə mövzusudur. Amma nəzərə alanda ki, əksər restroranlar yerlərin əvvəlcədən rezerv edildiyini deyir, bu, ya bizi inandırmaq üçündür, ya da o rezervlərin orta statistik azərbaycanlılara aidiyyatı yoxdur...
Sevil Ağazadə
Cebhe.info