Mərkəzi Bankın seçəcəyi iki yol - manatı neyləyək?
7-01-2017, 09:52
Ekspertlər bildirirlər ki, milli valyuta kəskin ucuzlaşmasa da, vəziyyət yaxşı deyil...
Milli valyutamızın 2017-ci ilin ilk günlərindən kəskin ucuzlaşacağı ehtimal edilsə də, bu, baş vermədi. Amma əksər ekspertlərin proqnozuna görə, hökumət kəskin devalvasiyaya getməklə dollarla bağlı duruma əncam çəkəcək.
Qeyd edək ki, ölkədə iki aydan artıqdır ki, dollar satılmır, bankların dollar satmaması da “qara bazar”ı genişləndirib. Artıq rəsmi və qeyri-rəsmi məzənnə arasında ikirəqəmli bir fərq yaranıb. “Qara bazar”ın qarşısını almaq isə mümkün deyil. Bununla bağlı aparılan həbslər isə bir imitasiya təsiri baöışlayır. Ekspertlər manatımızın qısa vadədə necə “üzəcəyini” musavat.com-a açıqlayıblar.
İqtisadçı Natiq Cəfərli musavat.com-a bildirib ki, tam üzən məzənnəyə keçid Azərbaycanda mümkün deyil: “Bunun üçün alt yapı, institusional dəyişikliklər olmalıdır. Bazarda çoxlu sayda oyunçular olmalıdır, bu isə yoxdur. Ona görə də Azərbaycanda adının nə qoyulmasından asılı olmayaraq, hələlik tənzimlənən məzənnə olacaq. Hərracların özlərinin metodologiyası belə bunu deməyə əsas verir. Çünki tələb və təklif arasında fərq o qədər böyük olur ki, tam üzən məzənnəyə keçilsə, hər hərracda manatın oynaması onlarla faizlə ölçülə bilər. Gün ərzində elə hərrac ola bilər ki, birdən-birə manat 30-40 faiz, hətta 50 faiz dəyər itirsin. Ona görə də hələ ki, tənzimlənən məzənnə rejimidir. Azərbaycanda bu il ən böyük problem bu il, məhz bazarda oyunçuların sayının məhdud olmasıdır. Yəni dollar satan bircə Neft Fondu olacaq və onun büdcə qarşısında öhdəliklərini nəzərə alsaq, hərraca təqribən dörd milyarddan bir az yuxarı valyuta çıxara biləcək. Digər ikinci bir oyunçu yoxdur ki, üzən məzənnə rejimi tətbiq edilsin. İkinci oyunçunun olması həm üzən məzənnə rejimini tətbiq etməyə, həm də bir az manatın rahat nəfəs almasına şərait yaradar. Ona görə də düşünürəm ki, bu il manatın məzənnəsi necə adlandırılmasından asılı olmayaraq, Mərkəzi Bank tərəfindən tənzimlənəcək”.
Image result for Natiq Cəfərli
Ekspertin fikrincə, Mərkəzi Bankın atdığı son addımlar onu deməyə əsas verir ki, qurum manatın məzənnəsinin kəskin dəyərdən düşməsinə imkan vermək istəmir: “Çünki bank sistemində olacaq təlatümləri göz qarşısına alaraq, qiymət artımının sürətlənməsini nəzərə alaraq, düşünürəm ki, Mərkəzi Bank hələlik yumşaq şəkildə, gündəlik hər hərracda manatın dəyərdən düşməsini təsdiqləyərək bu addımı atacaq, məzənnəni müəyyən edəcək. Amma bir iş də var ki, uzun zaman belə davam edə bilməz. Çünki artıq rəsmi məzənnə bir formallığa çevrilib. Əsas məsələ dollara çıxış imkanlarının məhdudlaşdırılmasıdır. İndi ölkədə iş adamlarını, vətəndaşları əssas maraqlandıran məsələ sərbəst şəkildə valyutanın alqı- satqısının həyata keçirilməsidir.
Mərkəzi Bankın əsas vəzifəsi sərbəst şəkildə valyuta dövriyyəsini yenidən bərpa etməkdir. Əks halda, "qara bazar" daha da çiçəklənəcək, “qara bazar”ın müxtəlif formaları meydana çıxacaq. Bu isə “qara bazar”da olan məzənnə ilə rəsmi məzənnə arasında aranın açılmasına, fərqin böyüməsinə səbəb olacaq.
Çox təəssüf ki, bu yol uzun illərdir Özbəkistanda, son bir ildə isə Türkmənistanda aparılan siyasətlə eynidir. Özbəkistanda son on beş ildir ki, rəsmi məzənnə ilə real məzənnə arasında iki dəfədən çox fərq var. İndi Türkmənistanda da eyni vəziyyətdir. Rəsmi məzənnə ilə real bazar məzənnəsi arasında iki dəfədən artıq fərq yaranıb. Azərbaycan da çox təəssüf ki, Mərkəzi Bankın atdığı addımlar bu yöndə getməsinə işarə edir. Artıq rəsmi məzənnənin neçə olması o qədər önəmli deyil.
Dollara çıxış imkanları məhduddursa, banklar dollar alıb satmırsa, əsasən satış həyata keçirmirsə, rəsmi məzənnənin neçə olması o qədər önəm kəsb etmir. Artıq əsas məsələ valyutaya çıxış imkanlarıdır. Bu nöqteyi-nəzərdən Mərkəzi Bankın seçimi də o qədər çox deyil. Ya Mərkəzi Bank dörd faizlik marjı ləğv etməlidir, banklara icazə verməlidir ki, istədiyi qiymətə alış və satış həyata keçirsin. Bu zaman “qara bazar” avtomatik ləğv oluna bilər. “Qara bazar”a inzibati yolla qalib gəlmək mümkün deyil.
Ya marja görürülməlidir, ya da hərraca daha çox valyuta çıxarılmalıdır. Hələlik daha çox valyuta çıxarmaq imkanları məhduddur, çıxarılacaq dolların həcmi məhduddur. Ona görə də çox güman Mərkəzi Bank məcbur olacaq ki, bir müddət sonra 4 faizlik marjı ləğv etməyə və banklara daha çox sərbəstlik verməyə məcbur olacaq. Bu, baş verməsə, “qara bazar”ın çiçəklənməsi daha da artacaq. Bu isə həm ölkə iqtisadiyyatına daha çox ziyan vurur, həm qiymət artımını sürətləndirir, həm də iş adamlarının çəkindirir. Həm xarici, həm yerli iş adamlarını Azərbaycanda iş görməkdən çəkindirir. Ona görə məhz bu iki yoldan birini tezliklə Mərkəzi Bank seçməlidir".