Kəşfiyyat müharibələrinin qurbanları – ilginc faktlar

31-01-2017, 11:01           
Kəşfiyyat müharibələrinin qurbanları – ilginc faktlar
Maşınında, bağ evində meyiti tapılan zabitlərin ölüm hekayələri

Britaniya adası dünyanın ən qəribə, müəmmalı, sehirli ünvanlarından biridir desəm, çoxları buna dodaq büzər. Hələ üstəlik, arxamca bir-iki yağlı atmaca da atarlar. Bu “uzaq, yaşıl ada” 16-cı əsrə kimi İngiltərə adlansa da, sonra qəfil adını Britaniya kimi dəyişib. Bizim Dərviş Məstəli Şahı xatırladan kimyagər Con Di kraliça 1-ci Yelizavetanın qulağına pıçıldayıb ki, bəs İngiltərə adı uğursuzdu. Bəs gəl, bu adanın çox qədim Britaniya adına qayıdaq. Hüdudsuz, nəhəng-nəhayətsiz imperiyaya çevrilməyimiz, vallah, yalnız bax, bu vacib şərtə bağlıdır axı...


***

Həmin bax bu kimyagər Con Di öz tələbəsi Edvard Kelli ilə həm də eyni yuxular görərmiş guya. Məhz bu möcüzəli yuxular vasitəsilə onlar “aləmi məlaküt”ə, qeyb aləminə birbaşa daxil olar, ordan ingilis kəşfiyyatı üçün çox ciddi məxfi xəbərlər gətirirmişlər. Məsələn, ispan kralı 2-ci Filipp, İngiltərə üzərinə məşhur “Böyük armadası”nı, yəni gəmi donanmasını göndərəndə, Yelizaveta cavab olaraq yenə də Con Dinin mistik təcrübəsinə müraciət edir.

Con Di Edvard Kelli ilə gördüyü eyni yuxuda həmin ispan donanmasının dəqiq yerini, dənizdəki dəqiq coğrafi koordinatlarını müəyyən edirlər. Nəticədə Britaniya admiralları düşmənə dənizdə pusqu qurmağı bacarır, həmin yerdə ispanları darmadağın edirlər. Qeyd edim ki, ilk Agent-007 ləqəbi məhz Con Diyə məxsus imiş vaxtilə. Con Di kraliça Yelizavetaya göndərdiyi məxfi bilgilər altına, məhz bu imzasını qoyarmış, sən demə. Britaniya kəşfiyyatı Mi-6 bəlkə elə indi də həmin “eyni yuxu”, “agent 007" ənənəsini yaşadır. İngilis yazarı Piter Akroydun ”Doktor Dinin evi" romanını oxusanız, bu mövzu sizin üçün daha da dolğunlaşar. Düzdü, eyni yuxular mövzusu yox, başqa gizli mətləblər var orda. Ancaq nə olsun, agent 007 reallıqlarını bilmək bu əsəri oxumadan qətiyyən mümkün deyil.



Şərqdə isə “eyni yuxu” mövzusu, yadda saxlayın, Şəms Təbrizi ilə Cəlaləddin Rumi arasında mövcud imiş. Qeyb aləminə onlar da oxşar mistik üsul vasitəsilə daxil olub, ordan xəbərlər gətirərdilər.

***

Son zamanlar bu “uzaq, yaşıl adada” baş vermiş müəmmalı, qatı açılmamış silsilə qətllər - sabiq xüsusi agent Litvenenkonun, o cümlədən oliqarx Berezovskinin izahsız, müəmmalı ölümü bizi məcbur edir ki, yenidən Con Dinin mistik təcrübəsinə qayıdaq.

Bəli, Britaniya xalqı son zamanlar böyük təşviş, sarsıntı içindədir - müxtəlif kəşfiyyatçıların izahsız, müəmmalı, silsilə qətlləri ölkədə... ölkədə nədi, dünyanın dörd guşəsində bitib qurtarmır ki, qurtarmır. “Ölüm siyahısında növbə kimindi”, “Bu cinayətindəmi üstü açılmayacaq” sualları “The Guardian”, “The Independent ”, “The Daily Telegraph”, “The Sunday Times” kimi sanballı qəzetlərin manşetlərindən nə vaxtdır düşmək bilmir ki, bilmir.
Üstü açılmamış bu kəşfiyyatçı qətlləri silsiləsində, sırasında bizi ilk olaraq Mİ-6 zabiti Haret Uilyamsın müəmmalı, tapmaca dolu qətli maraqlandırdı. Sonra Rusiya oliqarx Berezovskinin fantastik, sual dolu ölümü. Soruşacaqsınız “niyə?” Bircə cavabım var sualınıza - qətllər arasında qəribə oxşarlıqlar var. Hər iki ölüm faktı, tam qapalı, germetik, belə deyək, indi güvənin belə girə bilməyəcəyi əlçatmaz ünvanlarda baş verib axı. İkincisi, bütün ipucları fırlanıb-fırlanıb MDB ölkələrinə gedib çıxır bu qətllərdə. Məşhur “Uzaq sahillərdə” filmində deyildiyi kimi, “Eyni dalğa, eyni koordinat”.

Qətllər arasında təkzibolunmaz əlaqələr mövcuddur. Söhbətimizi başlayaq Government Communications Headquarters (GCHQ) - Böyük Britaniya Dövlət Rabitə Mərkəzi əməkdaşı Haret Uilyamsın qəribə ölüm səhnəsindən.

2010-cu ilin avqustunda Londonda müəmmalı bir qətl hadisəsi baş verib. Şəffaf idman çantası içindən Britaniya kəşfiyyatçısı Haret Uilyamsın cəsədi çıxır. Sonra bəlli olur ki, mərhum postsovet oliqarxlarının maliyyə transferlərini güdürmüş. “Formula-1" yarışlarında adı hallanan Qazaxıstan milyarderi Alican İbrahimovun oğlu Furqatla yaxın münasibətdə imiş. Meyit üzərində, eynən Berezovskinin cəsədindəki kimi, zorakılıq izləri əsla mövcud deyil. İşdə qəliz tapmaca var - zərərçəkən şəffaf kapron çantanın içinə lüm-lüt soyunaraq özü girib. Çantanın zəncirini məhz özü içəridən çəkib bağlayıb.

Deyilənə görə, iyun-iyul aylarında Haret Uilyamsın mənzilinə Aralıq dənizi sakinlərinə bənzər bir cütlük girib-çıxırmış. İstintaqçılar cütlüyün foto-robotunu hazırlayıb, lazımi ünvanlara göndərsələr də bir müsbət nəticə əldə edə bilməyiblər. Mənzildə beş-on min funt sterlinqlik qadın pal-paltarı, ənnik-kirşan, kosmetika nümunələri aşkarlayan müstəntiqlər əvvəlcə elə biliblər bəs guya 31 yaşlı Haret transseksual olub. Sonra kələfin ucu tapılıb. Mərhumun sevgilisi deyib ki, bəs bu paltarlar Haretinçün kiçikdi. Əyninə ola bilməz.

Sual verirəm əhatəmdəkilərə - Londona kimlər şoppinqə gəlib bir günə 20-25 min dollarlıq pul xərcləyərək min cür zir-zibil alır? Sonra aldıqlarını saxlamağa yer axtarır özünə?
Cavab verirəm sualıma: əlbətdə MDB pulluları.

Haret Uilyams, MDB ölkələri olqarxlarının maliyyə transferlərini güdən xüsusi Mİ-6 agenti, “Aralıq dənizi sakinlərini xatırladan” bu cütlükləri aldadıb güdə də bilərdi, məncə. Öz mənzilini bu cütlüyə etibar edib, deyə bilərdi, bəs guya bura əmniyyətli yeridi. “Əşyalarınızı, paltarlarınızı hələlik yığın Londonun Pimliko məhəlləsindəki mənzilimə. Sonra gəlib götürərsiz” - deyib, bu cür şoppinq həvəskarlarının, MDB oliqarxlarının ailə üzvləri ilə yaxın, isti münasibətlər yarada bilərdi ki, lap axırda...

Yox...bax bu “lap axırda” variantı, ssenarisi Haret üçün ölümcül nəticələnir. Onu məcbur edirlər lüm-lüt, çırıl-çılpaq soyunaraq şəffaf poletilen çanta içinə girib səsini çıxarmasın. Əməliyyat zamanı xüsusi psixo-texnologiyalardan, dərmanlardan istifadə faktı istisna deyildir. Çanta hamam otağında aşkarlansa da, orda Harret Uilyamsa məxsus barmaq izləri yoxdu. Demək, rəhmətliyi bir başqa yerdə çantaya yerləşdirib gətirib vanna otağına atıblar.
Postsovet oliqarxlarının maliyyə transferlərinə müdaxilə haqqı kimsədə yoxdur. O cümlədən Britaniyanın 007 agentlərinə də bu icazə verilmir. Boris Berezovskinin ölümü də oxşar bağlı, tam qapalı, qapısı içəridən bağlanmış otaqda baş verib.

Hadisə çoxlarını, hətta MOSSAD-ı da maraqlandırıb. Dünyanın ən məşhur kriminalistləri, patoloqanatomları Haret Uilyamsın qətlini açmaq naminə sıraya düzülüblər. Əfsus, bu tapmacada indiyədək hələ ki müsbət irəliləyiş yoxdu.

***

Bayaq yuxarıda dediyim kimi, Boris Berezovskinin izahsız ölüm səhnəsi də oxşar tam qapalı ərazidə baş tutub. Bu əraziyə quş quşluğu ilə girə bilmədiyi halda killer, həəə... killer, bu qapalı otağa icazəsiz sızmağı necəsə bacarıb.

Koroner - Britaniyada müstəqil tədqiqatçı belə adlanır, - Piter Bedford, qəzet manşetlərində gedən “Berezovski intiharını özü səhnələşdirib? O sağdı? Hələ ki yerini bildirmir?” başlıqlarını kökündən inkar edib. Deyib ki, mərhumun barmaq izləri Berezovski ilə eynidi, vəssalam. İntihar aləti - ağ boyun şərfi, məhkəmə-tibb eksperti Con Pokokun dediyinə görə, həddən artıq nazikdi, incədi. İntihar alətinə çevrilib Berezovskinin fiziki çəkisinə dözə bilməz.

Daha bir vacib cəhət. İntiharın baş verdiyi tam qapalı vanna otağında aşkarlanmış yad barmaq izinin kimə məxsusluğu indiyədək aydınlaşdırılmayıb. Ölümündən azca əvvəl İsrailə təyyarə bileti almış, bəribaşdan hotel nömrəsi kirayələmiş Berezovski, hamı bilir, psixi cəhətdən çox sağlam adamdı. İntihar-filan edəcək dəlisov insanı qətiyyən xatırlatmırdı. “İsrail səfəri, hotel bronu” məlumatlarını, mərhumun yaxın arxadaşı, biznesmen Mixail Çernı da sanballı “The Financial Times” qəzetinə verdiyi esklyuziv müsahibəsində təsdiqləyib. Səfərin bu detallarını, Berezovskinin bir başqa arxadaşı Nikolay Qluşkov da təkrarlayıb deyə, intihar versiyası bir o qədər inandırıcı görünmür indi.


Hadisədə bütün konspiroloji versiyalara yaşıl işıq yandıran bir başqa sirr də mövcuddur, biləsiz. 67 yaşlı Berezovskinin cansız cəsədi 23 mart 2013-cü ildə, London ətrafındakı Askot malikanəsində aşkarlansa da, dövrü mətbuata onun ölüm xəbəri bir-iki gün gecikmə ilə ötürülüb. Niyə? Bax bu, çox...çox maraqlıdı hamı üçün.

Görünür, Britaniya kriminalistləri, xüsusi xidmət əməkdaşları öz agentlərinin ölüm səbəbini, mənbəyini tapa bilməyiblər əvvəlcə. Bir-iki gün tərəddüd hissi keçirib sonra...bəli sonra, dövrü mətbuata Berezovskinin öldüyü faktını ötürməyə məcbur qalıblar.

Ölümün səbəbi isə elə indi də müəmmalı olaraq qalır.

Sözü verək Berezovskinin cangüdəni, MOSSAD zabiti Avi Navama:

“Malikanəyə girib içəri daxil oldum. Vanna otağının qapısı arxadan bağlı olsa da, içəridən su çırnağının səsi gəlmirdi. Anında təhlükə hiss edib polisə zəng açdım. Tələsik təcili yardım çağırdım. Mərhumun mətbuat katibi Maykl Kotlik gəlib dedi bəs qapını qırmaq lazımdı. Neynək. Qıpını qırıb içəri girincə gördüyümüz səhnə bizi dəhşətə gətirdi. Şərf qırılmışdı. Bir ucu qarmaqdan asılıydı, digəri mərhumun boğazına kip dolanıb sarılmışdı”


Qayıdaq hər iki qətl hadisəsindəki oxşar cəhətlərə. Sabiq KQB agenti Litvenenkonun ölümünü də gəlin bu müəmmalı silsiləyə daxil edək. Hər üç qətl hadisəsində bir növ “orijinalllıq” var. Uilyams Haret, Berezovski, Litvenonkonu qətlə yetirən qara gölgə, məncə, çox...peşəkar, orijinal, təkrarsız görüb öz işini. Xüsusi, yaddaqalan orijinal üsulla qətlə yetirib öz qurbanlarını. Öz xüsusi işarələrini, dəst-xəttini qoyub cinayət yerlərində. Kriminalistlərə xəbər ötürüb bəs baxın haaaa...mən elə belə, avara, təsadüfi killerlərdən deyiləm. Peşəkaram. Sifarişlə hərəkət edib ən qapalı ərazilərdə, otaqlarda da gizlənən öz hədəflərimi tapıb mütləq qətlə yetirəcəm. Məndən gizlənmək əbəsdi. Gülməlidi. Əvvəl-axır, siyahımdakıların hamısını qətlə yetirəcəm. Növbəti qurbanımı gözləyin.

***

Dünyada indi qızğın, amansız, qanlı müharibələr gedir. Ancaq bu, odlu müharibə deyil, kəşfiyyat müharibələridir. Qurbanların, müəmmalı qətllərin sayı günü-gündən artır.
Kimsə, bilmirik kim, ən qapalı, bağlı ərazilərə girib orda öz qurbanlarının sayını artırır. Deyilənə görə, bunu güvə kimi hərəkət edən bir peşəkar killer dəstəsi həyata keçirə bilər ancaq.

Növbədə indi kimdi?
Britaniya mətbuatı həmin sualı indi öz manşetlərinə çıxarır.
O güvəni axtarıb tapın.

P.S. Azərbaycanda da artıq iki-üç MTN zabiti müəmmalı şəkildə öz dünyasını dəyişib. Müəmmalı qətllər mövzusu, görünür, Azərbaycanı da öz əhatə dairəsinə alıb indi.

Həmid HERİSÇİ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.