Babəkin son sözünün mənası nə olub? - Araşdırma

1-02-2017, 10:56           

Babəkin bütün cazibəsi – onun susqunluğundadır. Biz isə bilmək istəyirik: Babək hansı dildə susur? Daha doğrusu, Babəkin ana dili hansı dil olub?

Avropada Babək haqqında ilk elmi məqalənin (“Babək – mənşəyi və meydana gəlişi”, 1869) müəllifi Qustav L. Flügel Cavidanın Babəklə ilk görüşünü tarixi mənbədən belə tərcümə edir: “O (Cavidan – A.Q.), onun (Babəkin – A.Q.) yoxsul yaşayışına və farsca aydın olmayan ifadələrinə baxmayaraq, dərhal onda idrak kəşf etdi və onun bütün iyrəncliklərdə kəskin qavrama bacarığı olduğunu gördü” (“Alsbald entdeckte er an demselben, trotz seiner dürftigen Lage und seines undeutlichen Ausdrucks im Persischen, Verstand und fand ihn bei allem Abstossenden mit scharfem Sinne begabt”) [1, s. 540]. İndi isə fars tarixçisi Səid Nəfisinin “Babək” kitabının Ə.Azəri tərəfindən dilimizə tərcüməsində həmin cümləni oxuyaq: “O (Cavidan – A.Q.) gördü ki, Babək dili tutula-tutula danışmağına baxmayaraq, İran dilini yaxşı bilir və zirək, qanacaqlı bir adamdır” [2, s. 8]. Burada alman müəlliflə fars tarixçisinin tərcümə etdikləri tarixi mənbə bir və eynidir: Məhəmməd ibn İshaq ibn ən-Nədimin Kitab əl-Fihrist adlı əsəri. Göründüyü kimi, biz növbəti dəfə tarixi mənbənin təhrif edilməsiylə üz-üzəyik: fars tarixçisi tarixi mətnə utanmazcasına “Babək İran dilini yaxşı bilir” cümləsini yerləşdiribdir. Elə təkcə bu fakt – Babəkin fars dilində aydın danışa bilməməsi – onun fars olması ehtimalını bəri başdan silib atmağa bəs edərdi. Görünür, Cavidan idrak və zəkasına heyran olduğu bu gənci, anasına aylıq 50 dirhəm göndərməsi müqabilində, özüylə Bəzz qalasına aparmağı təklif etməzdən qabaq, onun farsca bilib-bilmədiyini də yoxlamaq istəyib və onu farsca da danışdırıbdır.

Mərhum görkəmli akademik Ziya Bünyadovda isə həmin cümlənin tərcüməsi gözlənilməz məzmundadır: “Onun (Babəkin – A.Q.) danışığı aydın olmayıb çətin anlaşılırdı, özü dələduza oxşayırdı” [3, s. 365].

Azərbaycan rəsmi tarixi Babəki müsəlmanlaşdırır və farslaşdırır. Yeddicildliyin ikinci cildində oxuyuruq: “...öz müsəlman Həsən adını bəlkə də ilk sasani hökmdarı Ərdəşirin atası mobed Papakın adı ilə əvəz etmiş Babəkin...” [4, s. 199]. Kimdir axı bu Papak? Adı Pabaq və yaxud Papakan kimi də yazılan Papak eramızın üçüncü əsrinin başlarında, türkmənşəli Parfiya hakimiyyəti altında yaşayan farsların İstəxr şəhərində yerləşən Anahit məbədinin başçısı ikən, şəhərin şahı Qoşirə qarşı qiyam qaldıraraq onu öldürür və Parfiya hökmdarı IV Artabana məktub yazaraq, İstəxrin şahlığını onun oğluna verməyi təklif edir. Artaban təklifi qəti olaraq rədd edir. Tezliklə Papak ölür. Bununla da Papakın tarixdəki rolu sona çatmış olur. Papakın ölümündən sonra oğlu Artaşir (pəhləvicədən qabaqkı orijinal yazılışda Artaxştra) özünü İstəxrin şahı elan edir [5, s. 11-12] və sonrakı dövrdə Artaban üzərində qələbə çalaraq, Parfiya hakimiyyətinə son verir və tarixdə sasanilər adlandırılan imperiyanın əsasını qoyur. İndi istər-istəməz sorğu doğur: görəsən, Babək nə üçün özünə bir dövlətin əliqılınclı qurucusu Ardaşirin (Ərdəşir yox!) adını yox, Ardaşirin babası və sülalənin kötüyü sayılan Sas(s)anın da adını yox, Ardaşirin Roma kralını cəngdə əsir tutan oğlu və xələfi I Şapurun da adını yox, bir sözlə, Sasan-Papak-Ardaşir-Şapur məlum dörtlüyü içərisində məhz Papakın – tarixdə bir cümləlik epizodik rolu olan bir ruhaninin adını özünə götürməliydi?!

Babəkin əsl adının Həsən olması da qətiyyən inandırıcı deyildir. Həsən – Məhəmmədin nəvəsi, Əli və Fatimənin oğlu olub, şiə imamların ikincisi sayılır.

Ərəbdilli mənbələrdə Babəkin adının “Həsən” kimi yazılışını görkəmli mərhum filoloq Qiyasəddin Qeybullayev “Əsən” kimi analiz edir. “Əsən” – dilimizin unudulmuş arxaizmlərindən biri olub, mənası “salamat” deməkdir. Q.Qeybullayevin fikrincə, Əsən adı ərəb əlifbasıyla səhvən hərəkə ilə yazılarsa, o, Həsən kimi oxuna bilərdi.

Bizcə, Həsən adının özü Əsən adının ərəbcələşdirilmiş formasıdır. Ancaq bu ərəbcələşmənin səbəbi yazılışda hərəkə yanlışı olmaya da bilər; belə ki, dilimizdə nə üçünsə, bəlkə də elə ərəb dilinin təsiriylə, bir sıra adların qabağına “h” səsi artırılır: Al (anası) – Hal (anası), Umay – Humay və b.

Əsən adı Orta Əsrlər tarixində türk dili arealında geniş yayılmış adlarımızdan biri olubdur: Qarabağın dağlıq hissəsində xristian albanların Xaçın knyazının adı Əsən Calal, monqollarda Esen-Buqa, Esen-Teymur, Əsən, uyğurlarda Asan, Türküstan hakimi Əsən-Buka [7, s. 185-187].

***

Bilindiyi üzrə, Babəkin anasının adı bizə Bərumənd kimi gəlib çatıbdır. Biz bu adı XIII-XIV əsrlər Avropasında, adı elmə məlum olmayan müəllif tərəfindən üç dilcə – italyan, fars və kuman (qıpçaq) dilincə – yazıldığı, ya da üzü köçürüldüyü güman edilən məşhur Codex Cumanicus (Kumanların – “Qıpçaqların kodeksi”) lüğətində təsadüfən tapdıq.

Bilindiyi üzrə, dilimizdə -mən və yaxud -man sonluğuyla bitən sözlərimiz vardır: qılman, şişman, köçəbə(n) və s. Codex Cumanicus lüğəti bu quruluşda sözlərin feilin birinci şəxsin təkində təsrifi (konyuqasiyası) nəticəsində yarandığını dəqiqliklə göstərir. Ərəbcə hesab edilən və nökər mənası bildirən “qılman” sözü “qılırman” (qılır mən, qılıram) şəklinin “qılman”a çevrilməsi nəticəsində yaranıbdır. Görünür, özlərinə qılman (əmr icraçısı) deyən türkdilli məmluklardan öyrəniblər ərəblər bu sözü: məmluk ərəbcə kölə, nökər deməkdir. “Şişirmən” (şişir mən, şişirəm) “şişman”a; “köçürbən” (köçər bən, köçərəm) “köçəbə”yə çevrilibdir və s.

Hunqar (macar) alimi Comes Céza Kuun Codex Cumanicus lüğətində “salam berümən – salam verirəm”, “amanat berümən – əmanət verirəm” kimi misalları verməklə yanaşı, “berirmən” (verirmən) sözünün qısalaraq “bərümən” şəklinə çevrildiyini də açıq göstəribdir [8, s. CXI]. Məşhur Vilhelm Radloff isə həmin lüğətdə “tanuqluq bərümən” kimi verilən feilin “tanıqlıq bərimən” (tanıqlıq berirmən, şahidlik edirəm, təsdiq edirəm) olduğunu yazıbdır [9, s. 71].

Beləliklə: Codex Cumanicus lüğətinə „bərümən“ kimi düşən söz ana dilimizin vermək feilinin I şəxsin təkində təsrifidir və “verirəm” deməkdir. Ad kimi isə Berümən (verirmən, verirəm) – verən, daha doğrusu, bar verən, pay verən deməkdir. Bu söz dilimizdə qalmış olsaydı, qılman, şişman, köçəbə(n) kimi sözlərimizin cərgəsində dayanıb, indiki fonetikayla “vermən”, “verimən” və yaxud “verəmən” kimi səslənəcəkdi. Farscaya keçərək “bərumənd”ə dönən bərümən sözümüz elə farscada da bərəkətli, məhsuldar, bəhərli deməkdir. Göründüyü kimi, farscada sözün quruluşu azacıq dəyişsə də, özül mənası olduğu kimi qalıbdır.

Beləliklə: Babəkin anasının adı (Berümən, Verimən, Verəmən) qətiyyən fars adı olmayıb, təmiz qıpçaq adıdır.

***

“Babək” adı iki bölükdən (komponentdən) ibarətdir: “baba” və “k” bölüklərindən.

Başlayaq „baba“ sözündən.

Baba sözünün kökü „aba“ sözüdür, sonralar önü “be”ləşərək “baba”ya çevrilibdir. “Aba” sözünün “baba”laşması mövzusunda aşağada geniş danışacağıq. İndilik sözün “aba” kökü üzərində dayanmalıyıq.

Aba sözü istər indiki danışıq dilimizdə, istər dilimizin keçmişində, istərsə də dilimizin tatarca, çuvaşca, başqırdca və başqa bu kimi qohum dialektlərində aba, əbə, əpə, apa, ava, abi, abla, abay, apay, abay, apaq və s. kimi formalarda tuş gəldiyimiz sözdür.

İzahlı lüğətimizi hazırlayanlar aba sözünün iki mənasını – ata və bacı mənalarını göstərib, habelə bu sözün hörmət üçün yaşca böyük qadına da deyildiyini bildiriblər [10, s. 27]. Əbə sözünün mənasını isə “mama(ça)” deyə göstərsələr də [11, s. 53], gündəlik danışıqda “əbəjdad” kimi deyilən sözün “əbə-əcdad” olduğunu anlaya bilmədiklərindən onu lüğətə salmayıblar.

Gədəbəy, Quba, Ordubad, Zəngilan dialektlərində aba ata deməkdir. Qubalılar belə deyirlər: “Bizdə hindi aba çox işdəmiyədü, ata diyəduğ.” Zəngilanlılar belə deyirlər: “Abam taxıl biçiydi.” Gədəbəylilər deyirlər: “Abam bi:lləri də kö:nə biniyə aparajax bizi, de:səŋ.” Cəbrayıl, Qax, Təbriz və Şəmkir dialektlərində isə aba ana deməkdir. Qaxlılar belə deyir: “Mən abamı görmağ isti:rəm.” Təbrizlilər belə deyir: “Biz aba di: rux anıya.” Şəki, Qax, Çənbərəkdə abay – arvad, xala, bacı deməkdir [12, s. 11]. “Əbə” sözünü zəngilanlılar ata, lənkəranlılar ana, Böyük Qarakilsəlilər isə nənə mənasında işlədirlər [yenə orada, 154]. Cəlilabad, Lerik, Yardımlı, İmişli, Sabirabad, Zəngilanda əbəçi mama(ça) deməkdir: “Əbəçi oley beysavad, doxdır olanda deyeylər mama” (Cəlilabad) [yenə orada, 154]. Qərbi azərbaycanlılar aba // ava sözünü ata mənasında söyləyirlər: “Ay ava, anam səni çağırır” [13, s. 20].

Habelə dilimizdə el arasında işlənilən, qadının qadınlıq yeri mənası bildirən “apış arası” (əbəlik arası) söz birləşməsi də var. Bu söz birləşməsi də izahlı lüğətimizə salınmayıbdır. Abı, Appa, Əpiş kimi kişi adlarımız, bəy, baba, əprimək (qocalmaq) kimi sözlərimizin də mənşəyində əbə ~ aba ~ apa ~ əpə sözü dayanır.

Bilgə xaqan və Tonyuquq xaqan abidələrində bir neçə dönüm (dəfə) “apa Tarxan” ifadəsinə tuş gəlirik. Görkəmli türkoloq S.E.Malov da buna diqqəti cəlb edibdir. G.J.Ramstedt-in fikrincə, “tarxan” – müəyyən imtiyazlarla istefada və yaxud təqaüddə olan məmurun bəylik, aristokratlıq kimi fəxri statusu, rütbəsi idi [14, s. 64]. Yeri gəlmişkən, Babəkin sağ əli sayılan Tarxanın adı, onun şəxsi adı yox, statusu və yaxud rütbəsi də ola bilərdi.

Göltikin və Bilgə xaqan abidələrində bu söz “apam // əpəm Bumın kağan, İstəmi Kağan” kimi dönə-dönə qarşımıza çıxır.

Bundan başqa, skitlərdə yer – bar verən ana kimi torpaq – ilahəsinin adı Api ilə əbə ~ aba ~ apa ~ əpə arasında uyğunluq linqvistik baxımdan sözsüzdür.

Mahmud Kaşqari də aba sözünün oğuzlarda ana, tibetlilərdə isə ata mənası bildirdiyini yazıbdır [15, s. 86]

Dilimizə qohum dialektlərdə də bu sözlə gen-bol tuşlaşırıq. Tatarcada apa – böyük bacı, hörmətli xanım deməkdir [16, s. 29-30]. Çuvaş dilində apay mənim anam, mənim qaynanam, ərimin böyük bacısı, nənəm [17, s. 51], api anam, appa məndən böyük bacım deməkdir [yenə orada, 53]. Uyğurcada apa anaya, böyük bacıya və xalaya deyilir [18, s. 14]. Başqırdcada apay bacı və xala deməkdir [19, s. 11]. Qırğızcada aba əmi, böyük qardaş; apa ana, böyük bacı, xaladır [20, s. 17, 60]. Türkiyəlilərin abi (böyük qardaş), abla (böyük bacı) sözləri də əbə ~ aba ~ apa ~ əpə sözünün variantlarıdır. Radloff Krım qaraimlərinin dilində “əpə” sözünün “ana” mənasında işlənildiyini yazır. Müəllifin verdiyi məlumata görə, bu söz yaşlı qadınların adlarına, sözgəlişi, “Mirəm əpə”, “Sar əpə” kimi artırıldıqda “xala” mənası bildirir [21, s. 919]. Hunqar (macar) dilində də apa ata deməkdir.

Dilimizin məşhur etimoloqu, ingilis poliqlotu Gerard Clauson aba sözünün apa // əbə // əpə variantlarını və aşağadakı mənalarını göstərir: cədd (əcdad), baba, nənə, ata, ana, əmi, bibi, yaşca böyük qardaş, yaşca böyük bacı, mamaça. Klauson yazılı mənbələrdə “Oğuz əbə”, “əbəm köməci” (bizdə əməköməci) ifadələrini və Çin qaynaqlarında “ali baş komandan” kimi izah edilən “Apa Tarxan” tərkiblərini misal kimi verir [22, s. 5].

Aba (əbə, əpə, apa) sözünün bir yandan ana, nənə, bibi, bacı və b. kimi qadınlıq mənaları, o biri yandansa ata, baba, kişi, qardaş və b. kimi kişilik mənaları bildirməsi, necə deyərlər, “ikicinsiyyətliliyi” bayaqdan gözə çarpır. Bunu izah etməliyik.

Tarixin, dünyagörüşün, eləcə də dilin başlanğıcında, o sıradan, sözlərin mənasında feminin (dişi) mərhələnin və prinsipin ilkinliyi qaydasına söykənərək belə deyə bilirik: sözlərin, xüsusilə də qohumluq bildirən sözlərin feminin mənaları ilkin və daha əski, maskulin (ərkək) mənaları ikinci və gəncdir. Misal üçün, etimolojik prototürkcə səviyyəsində kür // hür sözü qadınlıq, dişilik, qızlıq bildirərkən, XI yüzillikdə yazılmış Qutadqu Bilikdə artıq ər(ən)lik, alplıq, kişilik bildirir. “Kişi” sözünün ilkin forması “kisi” olub, qadın mənası bildirirdi, o, ancaq patriarxatda “kişiləşdi” [22, s. 749].

Etimolojik analiz də bunu təsdiq edir. Sözün etimolojik dərinliyinə ən çox enən hunqar türkoloqu Hermann Vámbéry olubdur. O, əb sözünün “ək(mək)”, “iki(lik)”, “əkiz” və “əş” (tay, dost, rəfiqə) kimi mənalar bildirdiyini yazır [23, s. 29-30].

Doğrudan da “iki” sözünün daha əski yazılışının “əki” olduğuna söykənərək əb sözünü əymək ( nə təg > nə tək > nitək > netək > necə. Bu proses yenə də davam edir: bir sıra hallarda, xüsusilə şeirlərdə, “necə” əvəzinə “nec” yazıldığını görürük, məsələn, “necoldu” kimi. Ümumiyyətlə, dildə permanent qısalma adi haldır: edəgin > edək; bilməyir > bilmir; yazacağam > yazacam.

Babək adı da kontominasiyadan (sözlərin bir-birinə qaynaqlanmasından) yaranan addır. “Baba” sözünə qaynaqlanıb “ka” sonluğuna çevrilən söz “dəng” sözüdür. Beləliklə, biz indi adın ikinci bölüyü – dəng sözü üzərində dayanmalıyıq.

“Əsli və Kərəm” dastanımızda oxuyuruq: “Ağ qovaq qız, yürü bəyinin dəngi, Şah İsmayılın yarı Ərəbzəngi, Leyla da bir zaman Məcnunun dəngi, Onlara da imdad olan olmadı” [29, s. 29]. “Leyli və Məcnun” dastanımızda oxuyuruq: “Kimsə ərənlərin dənginə yetməz” [yenə orada, s. 256]. M.P.Vaqif deyir: “Yarın tər məməsi, sinə haçası, Çin mülkünə vеrməm saçının dəngin”.

Verilən misallardan da anlanacağı kimi, dəng sözü əvəzlik, oxşarlıq, tənlik, “kimilik”, “qədər”lik kimi mənalar bildirir. Qazaxıstanın pul vahidi təngə sözü; türkiyəlilərin tarazlıq mənasında işlətdikləri dəngə sözü; izahlı lüğətimizdə mənası “pul, var-dövlət” deyə göstərilən tanqah sözümüz [30, s. 264] həmin bu dəng sözüdür. Dəng (təng) sözü anadangəlmə ana dilimizcədir. Bunu inkar edən türkoloq olmayıbdır. Onun çincədən alınma olmasına dair şübhələr də əsassızdır [22, s. 511].

Bizim görüşümüzcə, dəng sözü dəgmək (dəymək, gedib çatmaq) feilinə qohumdur. Tutaq, kimsə “O, buna dəyməz” dedikdə, “O, bunun dəngi (təni) deyil, tutuşdurası olsaq, o, gedib onun boyuna və yaxud dibinə çatıb dəyməz” demiş olur.

Dəng sözündən törəmiş müstəqil leksik vahidlərə gəldikdə isə dəyər, tən, tək (kimi), tək (dib) sözləri göstərilə bilər.

(“Dəng olmaq”, “dəng etmək” mürəkkəb feillərində gördüyümüz, diksinmək, qorxmaq, heyrətlənmək kimi səbəblərdən yaranan həyəcan halını bildirən dəng sözüylə, əvəzlik, oxşarlıq, tənlik bildirən dəng sözümüz bir-birinə qarışdırılmamalıdır.)

Biz ŋ (ng) sonluqlu dəng sözünün iki yolla kontominasiya edərək müstəqil sözlərə çevrildiyini və yaxud şəkilçiləşdiyini müəyyən edə bilirik:

Bir dəfə sözün “ge”si düşərək aşağadakı keçid yaranır: dəng > dən > tən (tan) > -cən, -can > -cə, -ca > -c > -ş. Bu qol üzərində Baban, Babac, Babaş quruluşlu adlar yarana bilər.

O biri dəfə isə sözün “n”si düşərək belə bir keçid yaranır: dəng > dəg > dək > tək > -g, -k, -q > ş. Bu qol üzərində isə Babag, Babak, Babaq, Babaş kimi adların yaranması mümkündür.

Belə iki ayrı qoldan, iki ayrı səpkidə gedən qısalma saŋ (sang) sözünün də başına gəlib: söz haçalanaraq bir yandan san, sanamaq kimi, o biri yandansa say, saymaq kimi müstəqil sözlərə çevrilərək öz yoluna davam edibdir.

Dəng sözü qaynaqlanarkən onun “ge”si düşürsə, o, ilkin “tən” sözünə, ardından da “en” şəkilçisinə çevrilir, nəticədə “Baban” adı meydana çıxır. Bu, tarixi qaynaqlarda adın Baban kimi yazılışının səbəbidir: baba tən > Baban. Sırf filolojik baxımdan “Baban” da doğru variantdır. Elə indi də danışıq dilimizdə “ka”lı “axşamadək” formasıyla yanaşı, “en”li “axşamatan və yaxud “axşamacan” formaları işlənilməkdədir. Bu, dəng sözünün iki cür qısala bilməsindəndir: yuxarıda da göstərdiyimiz kimi, o, ya -dək, -tək formasında, ya da -tan, -can formasında qısalır. Üstəlik, adın “Baban” forması adda “baba” kökünün dəyişilməz qalan bölük olduğunu bir də təsdiqləmiş olur.

Dəng sözünün iki cür qısala bilməsinə başqa bir misal kimi biz ərdən sözümüzü göstərə bilərik. Əski dilimizdə ərdən bakirə demək idi. Bu sözün də etimologiyası indiyədək verilməyibdir. Ərdən sözü də ər və dəng sözlərindən yaranıbdır. Eynilə “Baban” adının yaranmasındakı kimi dəng sözü ər sözünə bitişərkən sondakı “ge” səsini itirərək “dən”ə çevrilib, buradan da ərdən sözü doğulubdur. Ərdən (ərtən) – indiyədək yatılmadığı üçün ər kimi qadın, kişi xeylağı kimi qadın, ər(kək) tək qadın deməkdir.

Dəng sözünün “en”i düşdükdə isə təg və yaxud tək sözü yaranır, bunlar da öz növbəsində “baba” sözünə bitişərkən “ge” və yaxud “ka”ya çevrilirlər; nəticədə “Babag”, “Babaq” və yaxud “Bəbək” kimi adlar meydana çıxır.

Ərəb dilində gecə, göy, gümüş kimi sözlərimizdəki “ge” səsi, qar, qor, qızıl kimi sözlərimizdəki “qe” səsi, köp, keçə, kəsər kimi sözlərimizdəki “ka” səsi, əlifbasında isə bu səsləri bildirən hərflər olmadığından, ərəblər bu adı nə Babag, nə Babaq, nə Bəbək, nə də Babək kimi yaza bilərdilər. Ancaq iki cür yaza bilərdilər: ya bizim qar, qor, qızıl kimi sözlərimizdəki “qe” səsindən daha qalın, “ğe” səsinə oxşar səs verən “qaf” (ق) hərfiylə, ya da klub, kart, kolbasa sözlərindəki “ka” səsindən daha yumşaq səs verən “kəf” (ك) hərfi ilə. Ərəblər ikinci variantı seçiblər: adı kəf hərfiylə yazıblar: بابك Bu yazılışınsa bir neçə cür oxunuşu mümkündür: Babak, Bəbək, Bəbik, Babək və b. Ancaq unutmayaq: bu oxunuşlarda sondakı hərf nə “klub”un “ka”sı, nə də “keçə”nin “ka”sıdır. Azərbaycan tarixşünaslığında bu adın nədənsə “Babək” kimi oxunuşuna üstünlük verilib, indiyədək elə də qalıb. Bu, düzgün oxunuş deyil.

Avropa tarix kitablarında adın ilk hecasının uzun oxunduğunu bildirmək üçün onu ya Bābek, Ba̱bek və Bâbek kimi, ya da eləcə Papak və yaxud Babak kimi oxuyub yazırlar. Bir sıra avropalı müəlliflərdə bu adın ilk hecasının uzadılması zərurətinə inam ərəbcədə “baba” sözünün ilk hecasının uzadılaraq “baaba” kimi səslənməsindən irəli gəlir. Təəssüf, biz özümüz də “baba” sözümüzü qısa “a”larla səsləndirdiyimiz halda, “Babək” adını uzun “a” ilə, ərəblər kimi çağırırıq: “Baabək”. Bu yanlışdır.

Dədə Qor Qut dastanında oxuyuruq: “Baybörə bəg, nə ağlayub bozlarsan?” Baybörə bəg aydır: “Xan Qazan, necə ağlamayayın, necə bozlamayayın? Oğulda ortacım yoq, qardaşda qədərim yoq! Allah Taala məni qarğayıbdır. Bəglər, tacım-taxtım içün ağlaram. Bir gün ola, düşəm öləm, yerimdə-yurdımda kimsə qalmaya”, - dedi” [28, s. D6713-D681-4]. Biz Dastandan seçdiyimiz bu misalı “ortaq” sözümüzün “ortac” kimi də səslənə bildiyini göstərmək üçün verdik.

Dədə Qor Qut dastanımızda Dədə, buğanı öldürə bildiyi üçün Dirsə xanın oğluna Buğac adı qoyur. Buğac adı buğa və dəng sözlərindən teorik-filolojik baxımdan başlanğıcda Buğag kimi yaransa da, gündəlik danışıqda Buğaq kimi səslənib. Buğac ya da Buğaq (Buğag) – buğa kimi, buğaya oxşar, buğa tək, buğaya tən, bir sözlə, buğa dəngi deməkdir. İndiyədək anlanmadan qalan “buxaq” sözümüzün də ilkin forması “buğaq”dır; buxaq sözünün mənası – insanın çənəsi ilə boğazı arasındakı ətin buğalardakına oxşar formada sallanmasıdır. Buğac (Buğaq) adı isə Babək adının quruluşca büsbütün eynisidir. Biz Buğac (Buğaq) adını tapmaqla özlüyündə Babək adının orijinal formasını əldə etmiş olduq: Babaq.

Babaq sözü quruluşunda dilimizdə sözlər çoxdur: anaq, ataq və b. H.Vámbéry cığataycada ata əvəzi mənası bildirən ataq sözünü göstərir [23, s. 24]. M.Kaşqarinin lüğətində anac – ana kimi olan, ana kimi sevilib, hörmət edilən; əkəc – böyük bacı kimi sevilib, hörmət edilən; atac – xalqın atası kimi davranan deməkdir, məsələn, “atac oğul” [15, s. 52].

Nənə-baba (əcdad) kultunun icrası kimi bəzən valideynlər atalarının, analarının, nənələrinin, babalarının adını körpələrinə qoyur, sonra onları əzizləyici formada Ataş, Anaş, Nənəş, Babaş deyə çağırırlar. Əslində bu adlar, həmin sırayla, Ataq, Anaq, Nənək, Babaq adlarıdırlar. Sonralar Ataş, Anaş, Nənəş, Babaş adlarının özləri müstəqil adlara çevrilərək, adların orijinallarını (Ataq, Anaq, Nənək, Babaq) unutdururlar. Bu adların “şe”li forması ən gənc forma olduğu kimi, onların nəvaziş və kiçiltmə mənası da ən gənc mənadır. Bu sözlər başlanğıcda nəvaziş və kiçiltmə bildirmək məqsədi üçün yaranmayıblar: bunu əvəzlik, oxşarlıq, tənlik bildirən dəng sözünün mənası; qədim yazılı abidə və lüğətlərimiz; və nəhayət, sözlərin tarixi semantikası göstərir. Ataş, anaş, nənəş, babaş kimi adlardakı nəvaziş və kiçiltmə bildirən mənalar – sözlərin əsas mənasına sonradan qoşulan ikinci dərəcəli belə mənalar – konnotativ mənalar adlandırılır. Beləliklə, indiki Babaş adı nəvaziş və kiçiltmə çalarları bildirsə də, Babək (Babaq) adında bu mənalar yox idi. Bir də axı Babək adı nəvaziş və kiçiltmə mənası bildirə bilərdimi, O, nəvaziş ediləcək, kiçildiləcək şəxs idimi?!

Yuxarıda bir neçə dönüm gördüyümüz üzrə, sözün əpə, apa və s. kimi “pe”li yazılışları da vardır. Bu, Babək adının tarixi qaynaqlarda bəzən Papak kimi də yazılışının səbəbini izah edir. Başqa sözlərlə desək, adı Papak kimi səsləndirdikdə, sözün nüvəsinə (apa ~ aba) zərər vurulmadığından, adın məzmununda dəyişiklik baş vermir. Üstəlik, sait səslərin harmoniyası baxımından, “Papak” adı “Babək” kimi oxunan addan daha düzgündür. Ailənin, tayfanın, nəslin və s. başçısının (matriarxatda nənənin, patriarxatda babanın) görünüşcə də başqalarından yekə və üstün görünməsi üçün papaq qoyardılar. Hündür taxtda oturmağın da, yekə tac, uzun şişpapaq qoymağın da və s. psixoloji məqsədi budur. Bu analiz bizə indiyədək izah edilmədən qalan “papaq” sözümüzün də etimologiyasını verir: “papaq” sözü “babaq” sözündən yaranıbdır, o, ailənin, tayfanın, nəslin ağsaqqal yiyəsi kimi babanın bəlgəsidir. Elə indi də bizim kulturada papaq başı soyuqdan, ya da gündən qoruyan təkcə baş geyimi yox, həm də namus, heysiyyət, şərəf rəmzidir. Görünür, Babəkdən qabaq babaq (eləcə də papaq) sözü dilimizdə olub, Babək onu adlaşdırıbdır. Babək xalqımızın papağıdır! Ola bilsin, o dövrdə xalq Onu namus, heysiyyət, şərəf mənasında Papaq kimi də çağırırdı. Beləliklə, Buğac adı kimi, papaq sözü də quruluşca Babaq (Babək) adının ən yaxın doğmalarından biridir.

Bununla Babək adının ikinci bölüyünün də sırf ana dilimizcə olduğu üzə çıxmış oldu. Eyni məntiqlə yaranan və eyni quruluşda olan ataq (atac), anaq (anac), ortaq (ortac), əkəc, Buğac kimi misallardan görünən budur: bu ad xronoloji sırayla Babag, Babaq, Babac, Babaş kimi səslənə bilər. Bu ad o vaxtı Babac kimi səslənsəydi, ərəblər onu gim (ج) hərfiylə, Babaş kimi səslənsəydi şin (ش) hərfiylə yaza bilərdilər. Kəf (ك) hərfiylə yazıblarsa, deməli, bu ad o dövrdə danışıqda Babaq kimi səslənirdi. Babaq adının mənası – babaya tən, baba tək, babaya dəyər, baba əvəzi, baba kimi, babaya oxşar – bir sözlə, baba dəngi deməkdir.

“Xürrəmi” adının “kürləmə // hörləmə olduğunu, Babəkin sözün farscadakı mənasıyla şad-xürrəm (şən, firavan) yox, ümumtürk tarixindən tanıdığımız Uyğu Şad, Işbara Tolos Şad, Təkin Şad, Börü Şad kimi şad titulu daşıdığını, ancaq bu mənada şadi-xürrəm (xürrəmilərin şadı) olduğunu biz artıq yazmışıq. Kürləmə-hörləmə (xürrəmi) adı düşmən – islamçı işğalçılar üçün seçilmişdisə və nə qədər söyüşlü, nifrət, ikrah saçan məzmunu varsa, Babaq adı düşməni kürləyənlərə-hörləyənlərə – xalqa ünvanlanmışdı və bir o qədər doğmalıq, sevgi, şəfqət bildirirdi. Kim bilir, bəlkə də bu adı xalq özü Ona vermişdi. Babaq adı altında birləşən xalq türkməncənin əvəzedilməz sözüylə desək, babadaş olur, bütövləşib vahid Papaq altında dayanırdı.

Babaq (Babək) adı Dədə Qor Qut dastanında da yaşayır. Dastanda təpəgözün öldürdüyü oğuz igidlərinin adları sadalanır, onlardan biri “Dəmir donlu Mamaq”dır: “Dəmür donlı Mamaq” [28, s. D21812-21913]. Dilimizdə “em” başlanğıc səsi deyildir, o, bir qayda olaraq, “be” səsinin dəyişməsidir: bən > mən; bin > min; binmək > minmək; boncuq > muncuq; əbə > əmə və b. Dastana “Mamaq” kimi düşən bu ad əslində “Babaq”dır.

Habelə, Türkiyə ərazisində “Mamak” toponimi vardır. Mamak – Ankara şəhəri yaxınlığında qəsəbədir.

***

Tarixi məlumata əsasən, Babək edam edilərkən son sözü “Asanya” olubdur [2, s. 135]. “Asan” sözü farsca olub, “qolay, yüngül” deməkdir; “ya” sözü isə ərəbcə “ey, ay” kimi çağırış sözüdür; belədə, “asanya” ağlabatan hansısa məna bildirmədiyindən, Babəkin son sözü də indiyədək başa düşülmədən qalıbdır. Bu sözü – Babəkin son sözünü bir yol da öz sözlərimizlə eşitməyə cəhd edək.

Dədə Qor Qut Dastanında oxuyuruq: “Ordum sağ-əsən degil isə, başuñuza çarə edin, mən dəxi getdim” [28, s. D4313-441]. Dastanın başqa bir yerində: “Sağ-əsən varub gələsən!” Sağ-əsən – sağ-salamat deməkdir.

Əhməd Harami dastanımızda oxuyuruq: “Həzaran dürlü ana alqış etdi, Əsənlədi qızını, durdu getdi” – ([Atası] Onu minlərlə dönüm alqışladı, Qızına salamatlıq diləyib, durub getdi). Burada əsənləmək – vidalaşarkən salamatlıq diləməkdir. Dastanın başqa bir yerində belə oxuyuruq: “Şəhənşahə der: ey bəylər bəyi, sən, Cahan içində olgil daim əsən” – (Şahənşaha deyir: Ey bəylər bəyi, sən, Cahan içində ol daim salamat). Başqa bir yerdə: “Gedərəm bən, əsən qal sən, e sərvər”. Əsən qalmaq – salamat qalmaq deməkdir. Dəhnamədə (Xətayi) oxuyuruq: “Həm söylə nigar sağ, əsənmi? Оl fitnəli yar sağ, əsənmi? Der: Sağdır, əsəndir оl pəriru...” Dədə Qor Qut Dastanında oxuyuruq: “Sağmısan-əsənmisən, canım Bamsı!” [28, s. D961-2]

Əsən – salamat; əsənlik – salamatlıq, səlamət deməkdir. Əsən sözümüz izahlı lüğətə salınsa da, mənası “sağ, salamat” deyə göstərilibdir [11, s. 135]. Bu, yanlışdır. Əsən sözünün mənalarından biri “sağ”dırsa, başqa sözlə, sağ sözüylə əsən sözü sinonimdirsə, onda sağ-əsən söz birləşməsi nə üçün var; Dədə Qor Qut dastanında nə üçün “Sağmısan, əsənmisən, canım Bamsı!” soruşulur; Xətayi nə üçün “Həm söylə nigar sağ, əsənmi?” soruşur; nə üçün “Sağdır, əsəndir” cavabını verir? Deməli, əsən sözünün mənası həm də “sağ” yox, təkcə “salamat”dır. Sözün kökü əsirgəmək, üstündə əsmək, əski sözlərinin kökləriylə birdir.

Ola bilsin ərəbcə “əsgər”, “əsəs” (gecə qarovulçusu), “əsir” kimi sözlərin də kökündə bizim “əs” dayanır.

Əsənlik sözü hərfən salamatlıq mənası bildirsə də, nənə-babalarımız bir-birlərinə yaxınlaşarkən salamlaşma sözü kimi əsənlik sözündən istifadə etməyib, əksinə, bir-birlərindən uzaqlaşıb ayrılarkən bir-birlərinə əsənlik (salamatlıq) arzulayıblar; bu isə “Bax, ehtiyatlı ol, başqalarından özünü qoru, məndən uzaqda, mənsiz sənə təhlükə ola bilər” deməkdir. Ərəblər isə əksinə, bir-birlərinə yaxınlaşıb görüşərkən bir-birlərinə salamatlıq, səlamət arzulayıblar; bu isə “Bax, ehtiyatlı ol, məndən özünü qoru, məndən sənə təhlükə gələ bilər” deməkdir. Elə bu üzdən də onlar bir-birlərinə məhz yaxınlaşarkən “mən sənin üçün təhlükəsizəm, məndən qorxma, sənə sülhlə yaxınlaşıram!” mənasında bir-birlərinə salam verir, salamatlıq arzulayırlar. Göründüyü üzrə, sözlər arasında mənaca uyğunluq (səlamət-əsənlik) bulunsa da, dünyagörüş uyğunluğu (ərəb-türk) yoxdur.

Beləliklə, əsənlik bizim üçün salamlaşma sözü yox, salamatlaşma sözüdür: biz “Əsən ol!”, “Əsən qal!” sözlərini ancaq bir-birimizdən ayrılıb gedərkən söyləyə bilərik. Dədə Qor Qut dastanı bizə öz dilimizcə salamatlaşma sözünün ən dolğun formasını veribdir: “Yenə görüncə bəg baba, xatun ana, əsən qaluñ!” [28, s. D1772]. 700 il bundan qabaq Yusif Məddahın yazdığı “Vərqa və Gülşah” poemasında da belə vidalaşılıbdır: “Yenə görüncə əsən qal!” – (Görüşənədək salamat qal!)

Babəkin son sözünə gəldikdə, ərəb qulağının “Asanya” kimi eşidib yazdığı sözü bizim qulağımız “Əsən qal(ın)!” kimi eşidir.

Babəklə birlikdə minlərlə xürrəmi, Onun bir neçə ailə üzvü, o sıradan anası, qardaşı, uşaqları, xanımı və b. əsir tutulmuşdu. Ancaq Samirə şəhərinə – Babəkin edam edildiyi yerə Onun qardaşından başqa daha hansı doğmalarının gətirilməsi, edam mərasimində daha kimlərin iştirak etməsi mövzusunda tarixi mənbələr susur. Babək son sözünü Onunla birlikdə əsir edilib gətirilmiş doğmaları, ailə üzvləri və uşaqlarına söyləyə bilərdi. O situasiyada “Əsən qal(ın)!” Babəkin dilində onun bəlkə də göy üzü ilə, diriliklə, tarixlə son vidalaşması, dünyaya “Əlvida!” deməsi idi. Babəkin adı Əsən olubsa, “Əsən qal(ın)!” Onun özünəməxsus söz oyunuyla ənənəvi sağollaşması da ola bilərdi.

Beləliklə, Babaq Şad Kürləmənin son sözünü biz 1200 il sonra belə eşidirik: “Əsən qalın!”

2016-2017, Almaniya
Axar.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.