Həbsxanalarda bir ildə 140 məhkum niyə ölüb?

4-02-2017, 09:04           
Həbsxanalarda bir ildə 140 məhkum niyə ölüb?
Keçmiş siyasi məhbus Bəşir Süleymanlı: «Məhkumlar arasında ağciyər xəstəlikləri, vərəm geniş yayılıb, tibbi xidmət aşağı səviyyədədir»

«2016-cı il ərzində İşgəncələrə Qarşı Avropa Komitəsi və BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupunun əməkdaşları Azərbaycana səfər ediblər». APA-nın məlumatına görə, bunu Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədov deyib. O bildirib ki, həmin təşkilatların qaldırdığı məsələlərə həssaslıqla yanaşılıb, fəaliyyətlərinə normal şərait yaradılıb, təhlükəsizlikləri təmin edilib: "İşgəncələrə Qarşı Avropa Komitəsinin nümayəndə heyəti Bakı və 2 saylı istintaq təcridxanalarına, 2, 4 saylı cəzaçəkmə müəssisələrinə, həbsxanaya və müalicə müəssisinə başçəkmə həyata keçirib. Başçəkmələrdən sonra nümayəndə heyəti ədliyyə naziri Fikrət Məmmədovla görüşüb. Görüş zamanı nümayəndə heyəti müəyyən iradlarını bildirib və tövsiyələrini verib. Aşkarlanan nöqsanlar üzrə nazirin göstərişi əsasında araşdırmalar aparılıb. Nəticədə 2 saylı istintaq təcridxanasının və 4 saylı cəzaçəkmə müəssisəsinin 10 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. 2 saylı istintaq təcridxanasının rəisi tutduğu vəzifədən azad edilib".

O.Məmmədovun sözlərinə görə, 2016-cı ildə penitensiar müəssisələrdə saxlanılan məhkumların sayı 2015-ci illə müqayisədə 709 nəfər, yaxud 3,2 faiz azalıb ki, bu, amnistiya aktının tətbiqi ilə bağlıdır: "Qeyd olunan dövrdə penitensiar müəssisələrdən müxtəlif əsaslarla 7579 nəfər azad edilib. Bu, 2015-ci illə müqayisədə 1661 nəfər çoxdur. Həmin şəxslərdən 2930-u cəza müddətinin başa çatması ilə əlaqədar, 1503-ü cəzada vaxtından əvvəl, 137-si əfv aktına, 2891 amnistiya aktına əsasən, 8-i xəstəliyə görə, 110-u qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla azadlığa buraxılıb. 2016-cı ildə penitensiar müəssisələrdə 140 məhkum və həbs edilmiş şəxs vəfat edib".

Bəs bu sayda məhkumun ölüm səbəbi nədir? Həbsxanalarda tibbi xidmət, məhkumların mülicə imkanları hansı səviyyədədir?

Konstitusiya Fondunun rəhbəri, Ədliyyə naziri yanında İctimai Şuranın üzvü Əliməmməd Nuriyev Bizimyol.info-ya açıqlamasında bildirdi ki, bunlar təbii ölümlərdir. Yəni xəstəliklərlə bağlıdır: “Rəqəmlər orta Azərbaycan göstəricisi qədərdir. Digər tərəfdən, cəzaçəkmə müəssisələrində işgəncə ilə bağlı ölüm faktları yoxdur. Bu sıfırdır. Nə biz rastlaşmışıq, nə də kimsə bununla bağlı şikayət edib. Burada əsas ölüm səbəbi sırf xəstəliklərlə bağlıdır. Ürək-damar xəstəlikləri ilə, xərçənglə bağlı, bir də yaşlılıq səbəbindən baş verən ölümlər var. Bununla bağlı kollegiyada da müzakirələr olub. Kollegiyanın son iclasında Penitensiar Xidmətin fəaliyyəti ilə bağlı əlavə tapşırıqlar oldu. Eyni zamanda Ədliyyə Nazirliyinin tibb idarəsi tərəfindən də bu məsələ araşdırıldı. Çünki bəzi hallarda xəstəliklərlə bağlı komissiyanın rəyinə ehtiyac olur. Xüsusi ilə də sağalmaz xəstəliklərlə bağlı. Ötən il sağalmaz xəstəliyə tutulan məhkumlar həkimlərin rəyi ilə cəzadan azad olunması ilə bağlı qərarlar qəbul edilib. Çünki qanunvericilik buna imkan verir”.

Ə.Nuriyevin sözlərinə görə, 2017-ci ildə də şəxslərin xəstəliyi sağalmaz olduqda və onun qarşısıalınmaz fəsadlara çıxarması imkanı varsa, həkim rəyi olduqda onların azad edilməsinə baxmaq lazımdır: “Cəzaçəkmə müəssisələrində ölümlər hansısa 3-cü təsirlə bağlı baş vermir. Qeyd olunan ölümlər, sırf məhkumların xəstəliyi və təbii halda baş verənlərdir. Səhiyyə xidmətlərinin göstərilməsi ilə bağlı vəziyyət cəzaçəkmə müəssisələrində əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ilk növbədə, vərəmli xəstələr arasında ölüm sayı 1995-ci ildən bu yana 61 dəfə azalıb. Əlbəttə, xüsusi xəstəliyə tutulan şəxslərin azad edilməsi riskli məsələlərdir. Onu da hesablamaq lazımdır. Çünki bu adamların bəziləri azadlığa çıxandan sonra ölüm düşüncəsiylə onları əlavə cinayətlərə təhrik edə bilər. Bu ümumi ictimai təhlükəsizliklə bağlı olan məsələdir. Bu baxımdan komissiya qərar qəbul etdikdə bu amilləri xüsusi qeydə almalıdır”.

Seçkilərin Monitorinqi Mərkəzinin direktoru, keçmiş siyasi məhbus Bəşir Süleymanlı Bizimyol.info-ya açıqlamasında bildirdi ki, bütün sahələrdə vəziyyət necədirsə, məhkumluq üçün də vəziyyət elədir: “Qidalanma, görüşlərin verilməsi və digər məsələlərdə olduğu kimi tibbi xidmətin də vəziyyəti olduqca acınacaqlıdır. Ümumiyyətlə bu sahə diqqətdən kənarda qalır. Ancaq bu məhkumların hüququdur ki, onlar tibbi xidmətdən yararlansınlar. Təbii ki, biz bunu minimum şəkildə görürdük. Məsələn, mən olduğum cəzaçəkmə müəssisəsində tibbi xidməti yaxşı deyildi. Daha çox xəstə olmayan məhkumlar orda qalırdı. Rüşvət faktları da olduqca çox idi. Təcridxanada da həkim fərdi şəkildə məhkumlara yaxınlaşır. Onların xəstəliklərinə uyğun olaraq dərmanlar verilməlidi. Ancaq bunlar edilmir. Mənzərə ümumilikdə ürəkaçan deyil. Kifayət qədər Hepatit C-dən, QİÇS virusundan əziyyət çəkən xəstələr var. Hətta biz bununla bağlı dəfələrlə öz etirazımızı bildirmişik ki, həmin şəxsləri izoliyasiya etmək və müalicəsini aparmaq lazımdır. Çünki bu xəstəliklər yoluxucudur. Xəstə məhkumlara qarşı laqeydlik var”.

B.Süleymanlının sözlərinə görə, Azərbaycanda azadlıqda tibb xidməti bu səviyyədirdədirsə, cəaçəkmə müəssisələrində məhkuma nə münasibət ola bilər ki…: “Ola bilər ki, məhkumların xəstəlikləri həbsxanada qazanılmır, əvvəlcədən var. Orda xəstəlik daha da artır. Şərait minimum, qidalanma aşağı səviyyədədir. Insanın müqaviməti formalaşmadıqda həmin xəstəliklərin qarşısını almaq mümkün olmur. Məhkumlar arasında daha çox ağciyər xəstəlikləri, vərəm yayılıb. Bu xəstəliklər isə daha da ağırlaşmaya səbəb olur. Bir ildə 140 məhkumun həyatını itirməsini eşidəndə təəccüblənmədim. Çünki mən o həyatı yaşamışam və xidmətin uğurlu olmadığını bilirəm”.

Aysel İsgəndərli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.