Rusiyanın 3 “qafqazlı” xarici işlər naziri:Bakıda oxuyan Primakov, Saatlıdan olan İvanov və erməni qanlı Lavrov...
5-02-2017, 08:37
Təsadüfdür, ya yox, amma belə alınıb ki, Rusiyanın 3 xarici işlər nazirinin uşaqlıq həyatında Qafqaz səhifəsi yazılıb.
1996-98-ci illərdə XİN-ə rəhbərlik etmiş Yevgeni Primakovun uşaqlıq və yeniyetməlik illəri Tiflisdə keçib.
O, memuarında yazır: “Mən Tiflisdə böyümüşəm. Bu ölkəni və şəhəri çox sevirəm. Mənə çox ağırdır ki, təyyarəyə oturub, bir günlüyə ora gedib qayıda bilmirəm. Amma nazir postundan gedən kimi, bunu edəcəyəm”.
Primakov Bakını doğma şəhər hesab edirdi. 1944-cü ildə o, Bakı hərbi dənizçilik məktəbinə daxil olmuşdu. Öz xatirələrində Primakov yazır: “7-ci sinfi bitirəndən sonra anama dedim ki, Bakıdakı məktəbdə oxumaq istəyirəm. Anam məni fikrimdən döndərmək üçün çox çalışdı. Sonra inadımı görüb əl çəkdi. Mən Bakıda 2 çətin sayılan il oxudum. “Pravda” gəmisində praktika keçdim. Bütün çətinlikləri dəf etdiyimi düşündüyüm halda, səhhətimə görə xaric olundum. Məndə vərəmin ilkin mərhələsi aşkar olundu”.
Bakını çox sevdiyini deyən Primakov nədənsə 1990-cı ildə şəhərə sovet ordusunun yeridilməsindən və Azərbaycan xalqına divan tutmaqdan utanmamışdı…
***
2004-cü ildən XİN-ə rəhbərlik edən Tiflis ermənisi Sergey Lavrov da öz Qafqaz mənşəyini gizlətmir. 2005-ci ildə Rus-erməni slavyan universitetində görüşü zamanı tələbələrdən biri ondan soruşmuşdu ki, “erməni köklü olması nazirə işində kömək edirmi?”. Lavrovsa cavabında demişdi: “Mənim köküm gürcüdür. Atam Tiflisdəndir, amma qanım, həqiqətən, erməni qanıdır”.
Foto: gənc Sergey Lavrov
Lavrovun xələfi olmuş İqor İvanov Moskvada anadan olsa da, 7 il Gürcüstanda yaşayıb. Onun anası Eliko (Yelena) Saqiraşvili Pankisi dərəsindəki gürcü kəndinin sakini olub. “Biz 5 nəfər idik: Eliko hamıdan böyük idi. Ən balacaları isə mənəm”-deyə İ. İvanovun dayısı Levan Saqiraşvili bildirib.
Çox çalışqan olan Elikonu oxumağa Moskvaya göndəriblər. Orada o, Sergey İvanovla tanış olub və evlənib: “Onların uşaqları İqor və Nina hər yay mənim yanımda olurdular… Eliko milis mayoru rütbəsinə qədər yüksəldi. O, Moskvanın Sovet rayonunun dövlət avtomobil müfəttişliyinin rəisi olub”.
Elena Saqiraşvili 1982-ci ildə vəfat edib. Orada dəfn olunub. Amma İqor İvanovun atası haqqında isə deyirlər ki, o, Azərbaycanda yaşayıb və burada ölüb. Sənədlərdə İqor İvanovun atası barədə ətraflı yazılmayıb. Yalnız “Sergey İvanov – hərbçi, polkovnik” qeyd olunur.
Foto: Sergey İvanov Saatlı komsomolçuları ilə. 1967-ci il
İ.İvanovun atasının adı Sergey Yemelyanoviç olub.
Bu barədə dəqiq bir məlumat olmasa da, faktlar maraqlıdır. Sergey Yemelyanoviç İvanov uzun müddət Saatlı rayonunda yaşayıb. 1975-ci ildə vəfat edib və rayonda dəfn olunub. Müharibə zamanı S.İvanov dəmir yolunun bərpası işində çalışıb. 1943-cü ildə bu sahə hərbiləşdirilib. S.İvanov dəmir yolu qoşununa keçib və zabit rütbəsi alıb. Azərbaycana gələn İvanov dəmiryolçular üçün tikilən evdə məskunlaşıb. Saatlıda Sergey İvanovun başqa ailəsi olub.
“Mən eşitmişəm ki, onun başqa qadından olan bir oğlu var və o, yüksək dövlət vəzifəsində çalışır. Amma Sergey özü bu barədə heç vaxt danışmayıb. Biz də soruşmamışıq. O, ən çox müharibədən və oxuduğu kitablardan danışırdı. Çox şən və xeyirxah insan idi” – deyə Saatlı sakini Müzəffər Məmmədov deyib.
Yerli sakinlər deyiblər ki, 1960-cı illərdə İqor İvanov Bakıya gələrək atası ilə görüşürdü. Sergey İvanov vəfat edəndə İqor uzaqda idi – SSRİ-nin İspaniyadakı səfirliyinə çalışırdı.
“Mənə qarşı ünvanlanmış “bura daha tez gəlmək lazım idi” tənqidini tam qəbul edirəm. Bunu edə bilməməyimin səbəbini axtarmayacağam”- deyə, İqor İvanov 2 sentyabr 1999-cu ildə Bakıya XİN rəhbəri kimi səfəri zamanı bəyan etmişdi. Onun nəyə işarə etməsi isə indi də müəmmalı qalır.Strateq.az//
İqor və Nina valideynləri ilə
Sergey İvanovun Saatlı rayonunda yaşadığı ev