Dollar kreditləri - oğurlanan pullar və borclu qalan vətəndaş...
8-02-2017, 09:17
Ekspertlər bildirirlər ki, problemli kreditlər ciddi şəkildə araşdırılmalı və bank sahiblərinə cinayət işi açılmalıdır
Ölkə banklarının kredit problemi ciddiliyini qoruyur. Geri qaytarılmayan, problemli kreditlərin həcmi gündən-günə artmaqdadır. Ekspertlər dəfələrlə hökumətə təkliflər versələr də, qaytarılması mümkünsüz kredit portfeli getdikcə böyüyür.
Ekspertlər vətəndaşlara və sahibkarlara bankları məhkəməyə verməyi və güzəştlər tələb etməyi məsləhət görürlər.
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, vətəndaşın krediti ödəmə qabiliyyəti yoxdursa, ödəməsin və bankı məhkəməyə verərək güzəşt tələb etsin: “Çünki vətəndaş bir müddət sonra krediti ödəsə də, bank ondan, ödədiyi məbləğdən cərimə faizi tutacaq. Vətəndaşın ödədiyi onsuz da əsas borca, yaxud faiz ödənişinə getməyəcək. Bank ondan qanunsuz cərimə tutacaq, borc qalacaq öz yerində. Əgər vətəndaş krediti ödəmək istəyirsə, bankdan yazılı iltizam alsın ki, ödədiyi məbləğ məhz əsas məbləğə çıxılacaq. Əks halda, vətəndaş ödəməsin, qoy banklar versin məhkəməyə. Əksər hallarda dollar kreditləri müştərilərə aldatma yolu ilə sırınıb. Hətta belə olmayıbsa belə, yenə də qanun deyir ki, şərait əhəmiyyətli dərəcədə dəyişirsə, kredit şərtlərinə dəyişiklik edilir. Vətəndaş banka desin ki, şərtləri dəyişək, banklar buna getmir, kreditləri indiki məzənnə ilə istəyirlər. Bu da artıq ədalətsizdir. Əgər vətəndaş bunu ədalətsiz hesab edirsə, ödəməsin, versin məhkəməyə. Hazırda banklarla əhali arasında müharibə gedir. Banklar vətəndaşlara deyirlər ki, ən son pulunuzu da əlinizdən alacağıq. Banklar çoxsaylı məhkəmələrə verilməlidir. Vətəndaşlar məhkəmə prosesini mümkün qədər uzatmalıdır ki, güclü olan banklar zəifləsin. Çünki onların bu qədər məhkəmə prosesi aparmağa gücü yoxdur. Borcluların 30-40 faizi bunu etsə, bəsdir. Bu halda banklar məcbur olacaqlar əhali ilə dil tapmağa, güzəştə getməyə”.
Qeyd edək ki, bir müddət öncə “Standard&Poor’s” (S&P) beynəlxalq reytinq agentliyi yaydığı məlumatda bildirmişdi ki, Azərbaycanın bank sektoru zəif olaraq qalır və mürəkkəb iqtisadi şəraitin təsiri altındadır. Agentlik məlumatında qeyd edib ki, Azərbaycan Mərkəzi Bankının problemli kreditlərlə bağlı statistikası reallığı göstərmir. Agentlik ekspertləri örnək kimi, ötən ilin noyabrını götürüblər: “Mərkəzi Bankın 2016-cı ilin noyabr ayı üzrə açıqladığı statistikaya əsasən, problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 9 faizdir. Lakin biz hesab edirik ki, bu rəqəm kiçildilib və problemli kreditlərin real həcmi daha yüksəkdir”. Agentliyin ekspertləri qeyd edir ki, manatın baş verə biləcək devalvasiyası bankların fəaliyyətini daha da çətinləşdirəcək. Ötən ilin sonuna problemli kreditlərin həcmi 1 milyard 442 milyon manata çatıb. Bu, 16 milyard 275 milyon manatlıq kredit portfelinin 8,9 faizi deməkdir. Qeyd edək ki, neftin dünya bazar qiyməti aşağı düşməyə başlayanda, bu rəqəm 5 faiz ətrafında dəyişirdi.
Ə.Həsənov da bildirir ki, banklar problemli kreditlərinin həcmini az göstərirlər: “Bunu bir neçə səbəbdən edirlər. Əvvəla, problemli kreditlər üzrə yüksək ehtiyatlar yaratmalıdırlar, bu da bank üçün əlavə xərcdir. Digər tərəfdən, problemli kreditlərin xeyli hissəsini bank sahibləri və inzibatçıların özləri yaradıb, yəni faktiki, pulları mənimsəyiblər. Hər şeyi açıb töksələr, barələrində cinayət işi açıla bilər. Nəhayət, problemli kreditlərin həcminin həqiqi göstəricisi bankların müştərilərini qaçırdacaq, çünki belə bankda pul hər zaman bata bilər”. Ekspertin sözlərinə görə, kreditlərin əksəriyyəti dollardadır. İndiyədək də əksər dollar kreditləri qayıtmırdı. “Lakin dolların 2 manatdan da çox bahalaşması dollar kreditlərinin, demək olar ki, hamısının qaytarılmasını mümkünsüz edib. Qaytara bilən belə, artıq qaytarmaq istəmir, çünki bunu ədalətsiz hesab edir. Dövlət təcili məsələyə müdaxilə edib tədbirlər görməlidir. İlk növbədə, dollar kreditləri güzəştli məzənnə ilə manata keçirilməlidir” deyə ekspert vurğulayıb.musavat.com//