Yeni qaydalar siqaret bazarını öldürür - kontrabanda çiçəklənir, istehlakçı məsrəf edir

8-02-2017, 14:29           
Yeni qaydalar siqaret bazarını öldürür - kontrabanda çiçəklənir, istehlakçı məsrəf edir
Artıq yarım aydır ki, Azərbaycanda tütün məmulatlarının nağdsız satışı ilə bağlı qanunvericilik qüvvəyə minib. Yeni qaydalara görə, tütün məhsullarının pərakəndə satışı istisna olmaqla, onların alqı-satqısı yalnız nağdsız qaydada aparıla bilər. İstənilən dükan siqaret almaq üçün ya bank hesabına, ya da VÖEN-ə bağlı kart hesabına malik olmalıdır. Qərarın əsas məqsədi şəffaflığı təmin etmək olsa da, onun icrası ilə əlaqədar müvafiq marrifləndirmə və hazırlıq işlərinin aparılmaması, yeni qaydalara uyğunlaşmaq üçün müəyyən keçid dövrünün olmaması, habelə sahibkarların bütövlükdə belə qərara hazır olmaması nəticəsindəonun starteji məhsul olan siqaret bazarına vurduğu ziyan artıq göz qabağındadır.

Bazarda aparılan müşahidələr, eləcə də topdan və pərakəndə satış obyeklərinin nümayəndələri ilə söhbətlər yeni qaydaların heç də birmənalı olmadığı, onun həm biznesə, həm də istehlakçılara ciddi ziyan vurduğunu göstərir. Müşahidələrə görə, hazırda qanuni şəkildə istehsal edilən siqaretləri əsasən Bakıda yerləşən iri supermarket şəbəkələrində tapmaq mümkündür. Hətta onlar üçün də siqaretləri vaxtlı-vaxtında əldə etmək asan deyil. Bu da öz növbəsində bəzi siqaretlərin qıtlığı ilə nəticələnir. Belə supermarketlərin sayı isə çox deyil. Lakin istehlakçılar siqaret almaq üçün adətən iri marketlərə müraciət etmirlər, onların siqaret almaq üçün tez-tez müraciət etdikləri orta və kiçik dükanlarda isə siqaret qıtlığıdır. Vəziyyət Bakıdan uzaqlaşdıqca daha da acınacaqlı hal alır. Piştaxtalarda leqal siqartetlərin yerini qaçaqmalçılıq yolu ilə gətirilən, büdcəyə heç bir vergi və rüsumu ödənilməyən, mənşəyi bilinməyən siqaretlər tutur. Belə siqaretlərə qarşı mübarizə isə ənənəvi olaraq aparılmır. Nəticədə həm dövlət, həm də biznes itirir. Qazanan isə kontrabanda ilə məşğul olan cinayətkar qruplardır.

Bakıdakı dükanlardan birinin sahibi deyir ki, yeni qaydalardan sonra siqaretləri nağdsız qaydada almaqdansa, asan yolla təklif edilən kontrabanda siqaretləri nağd alıb-satmaq daha rahatdır. “Əksər insanlar üçün fərqi yoxdur, əsas odur ki, siqaret olsun. Üstəlik, bu (kontrabanda – red.) siqaretlər daha münasib qiymətə - 1,00-1,50 manata təklif edilir”.

Görünür, siqaretlərin belə ucuz olması onların qanuni yolla gətirilib satılmadığına görədir.
Azərbaycan qanunvericiliyinə görə, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış tütün məmulatlarının əldə edilməsi, saxlanması və satışı inzibati və cinayət məsuliyyəti yaradır. Bunun üçün İnzibati Xətalar və Cinayət Məcəllələrinə müvafiq dəyişikliklər də edilmişdir.

Bazarda rast gəldiyimiz kontrabanda siqaretlərindən “NZ”, “Korona”, “Kent”, “Cavallo”, “Marlboro”, “Manchester”, “Senator”, “Continent”, “Winston”, “GM”, “D&J”, “West”, “Government”, “Mehr”, “M1”, “Dulao”, “MM”, “RM”, “S&K” və digərlərinin adını çəkmək olar. Təəssüf ki, bu siyahını uzatmaq da mümkündür.

Qanuni siqaretlərin dükanlara paylanmasında meydana çıxan problemlər onların qiymətlərinin süni şəkildə artırılması ilə də nəticələnmişdir. Müşahidələrimiz onu göstərdi ki, əvvəllər 2,50 manata satılan “Winston” siqaretləri hazırda 2,70-2,80 manata, 2,70 manata satılan “Kent”3,30-3,40 manata, 1,60 manata satılan “West”isə 1,80-1,90 manata satılır.
Bakıda topdansatış obyektlərindən birinin nümayəndəsi deyir ki, siqaretin distribusiyasını həyata keçirən şirkətlər də şikayət edirlər ki, dükanların çoxu onlardan mal ala bilmir. Deyilənə görə, əvvəllər bir həftəyə 10,000-dən çox topdan və pərakəndə satış obyekti siqaret alırdı, indi isə bu rəqəm 25-30 dəfə azalıb. Təkcə bu rəqəmlərə diqqət yetirməklə məsələnin nə qədər ciddi olduğunun fərqinə varmaq mümkündür.

Beləliklə, yeni qaydaların fəsadları – qanuni siqaretlərin qıtlığı, kontrabanda siqaretlərinin geniş vüsət alması, qiymətlərin süni artması, istehlakçıların mənşəyi bilinməyən məhsullarla üz-üzə qalması və dövlət büdcəsinə gedən vergi və rüsumların azalması – deyəsən hələ aysberqin görünən hissəsidir. Eyni zamanda,belə vəziyyətin nə qədər davam edəcəyi də məlum deyil.
Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.