Kürd separatizmi –Azərbaycana və Türkiyəyə qarşı ən təsirli rus silahı
10-02-2017, 09:27
Rusiya-Türkiyə münasibətləri yenidən pisləşə bilər. Buna səbəb rəsmi Moskvanın kürd separatçılarını açıq şəkildə dəstəkləməsidir.
Strateq.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksandr Botsan-Xarçenko Türkiyədə fəaliyyət göstərən PKK və onun Suriya uzantısı YPG-ni terrorçu təşkilat kimi tanımadıqlarını etiraf edib.
“Sputnik Türkcə”nin verdiyi məlumata görə, rus mətbuatına açıqlamasında Botsan-Xarçenko kürd separatçıları tərəfindən törədilən terror aktlarını bütövlüklə onların mənsub olduğu təşkilatlara şamil etməyin əleyhinədir: "Biz hər hansı konkret hadisəyə və onları törədən şəxslərə öz əməllərinə görə qiymət veririk”.
Rusiyanın bu mövqeyinə baxmayaraq, Türkiyə məsələyə xeyli həssas yanaşır. ABŞ-Türkiyə arasında son zamanlar yaranan soyuqluğun da əsas səbəbi məhz kürd separatizminə fərqli baxışlardan doğub. Vaşinqton İŞİD-ə qarşı aktiv mübarizəsini bəhanə gətirib Suriyada PYD və onun silahlı qanadı olan YPG-ni dəstəkləyir, silahla təchiz edirdi. Məhz buna görə də öz ərazi bütövlüyünü təhdid olunduğunu düşünən Türkiyə dünyanın ən böyük hərbi qüdrətiylə müttəfiqlikdən üz döndərmiş, rəqib Rusiyayla yaxınlaşmışdı. Rusiya Xarici İşlər Nazirliyi rəsmisinin fikirləri isə Ankaranın yeni müttəfiqi ilə də əməkdaşlıqlarının uzunmüddətli olmayacağından xəbər verir.
Kürd separatizm tarixinə qısa baxış
Tarixinə nəzər salanda da Moskvanın kürd separatçılarına sevgisinin təsadüfi olmadığı ortaya çıxır.
Məlumatlara görə, Moskvanın “kürd sevdası” hələ Çar Rusiyası dövründən başlayıb. Dünyada ilk “kürdologiya” araşdırmalarına başlayan ölkələrdən olan Rusiyanın xəyali “Kürdüstan” projelərini açıq və aktiv şəkildə dəstəkləməsi isə II Dünya müharibəsindən sonraya təsadüfi edir.
Müharibədən qələbəylə ayrılan SSRİ-nin pozulan geopolitik dəngələrdən istifadə edərək, özününküləşdirməyə çalışdığı ölkələrdən biri də İran idi. 1946-cı il 22 yanvar tarixində Moskvanın yardımıyla Mahabad Kürd Respublikası quruldu. Bu, kürd separatçılarının dövlətləşmə yolunda atdıqları ilk addım sayılır. Bir ildən sonra Moskvanın İranla razılaşması nəticəsində tənəzzülə uğrayan bu dövlət Tehranın repressiyası siyasətinin qurbanı oldu.
Kürd separatizmini İrana sataraq ona ağır zərbə vursa da, Moskva nə özü bu kartdan, nə də separatçılar rus qoltuğuna sığınmaqdan əl çəkdilər. Mahabad Kürd Respublikasının Baş qərargah rəisi Molla Mustafa Bərzani İran repressiyalarından qaçıb Rusiyaya sığındı. Bu ölkədə keçirdiyi 12 illik mühacirət həyatı Molla Mustafanın kommunizm ideologiyası ilə "yoluxmasında" mühüm rol oynadı və o, Moskvaya meylinə görə daha sonra “Qırmızı Molla” ləqəbini aldı.
Hazırda oğlu Məsud Barzani tərəfindən idarə olunan və Şimali İraqda dövlətləşmə prosesinin aparıcı təşkilatına çevrilən Kürdüstan Demokrat Partiyası da “Qırmızı Molla”nın müharicət həyatının son ilində Rusiyada quruldu. 1957-ci ildə təsis konfransı keçirən partiya Marksist-Leninçi ideologiyanı mənimsədiyini bəyan etdi.
Maraqlıdır ki, elə həmin illərdə krallıq üsuluyla idarə olunan İraqda siyasi vəziyyət gərginləşir, ölkə inqilabi şəraitə doğru sürüklənirdi. 1958-ci ildə mütləqiyyətə son qoyan hərbi çevrilişdən sonra İraqa qayıdan Molla Mustafa Barzani ilk əvvəl yeni rejimi dəstəklədi. Lakin ona verilən sözlər yerinə yetirilməyərək, kürdlərin muxtar hüquqları tanınmayınca, 1961-ci ildə üsyan bayrağı qaldırdı. O zaman da kürd silahlıları indiki kimi İraqın şimal əyalətlərini tamamilə öz nəzarətləri altına aldılar. Beləcə, Rusiyanın dəstəyi ilə ikinci kürd dövlətlərinin təməlləri atılmağa başladı.
1968-ci ildə İraqda yeni bir dövlət çevrilişi ilə ərəb sosialistləri olan Bəzz partiyası hakimiyyətə gəldi və Əhməd Həsən əl-Bəkirin prezidentliyi dövründə – 1970-ci ildə kürdlərə muxtar hüquqlar verildi və Barzani silahlı mübarizəyə son qoydu.
Bərzaninin bu sevinci də uzun sürmədi. 1973-cü ildə bağlanan SSRİ-İraq dostluq və əməkdaşlıq müqaviləsindən sonra Moskva ikinci dəfə Bərzaninin arxasından çəkildi. Bu səfər İraqla anlaşmazlıq içərisində olan İran və SSRİ-nin Yaxın Şərqdə yayılmasının qarşısını almaq istəyən ABŞ Bərzaninin növbəti himayədarına çevrildi. 1975-ci ildə İranla İraq arasında bağlanan Əlcəzair müqaviləsindən sonra Tehran da öz dəstəyini ondan çəkdi və Molla Mustafa İraqdan qaçmalı oldu. Əvvəl İrana sığındı. Daha sonra tale rüzgarı molladan kommunistə çevirdiyi Bərzanini ABŞ-ın qoynuna atdı. 1976-da ABŞ-a mühacirət edən kürd lideri 1979-cu ildə orada həyatını itirdi.
Beləcə, Rusiyanın himayəsi ilə yaranmış kürd separatizmi İranın və ABŞ-ın nəzarəti altına düşdü. İran İslam inqilabından sonra oğul Barzaninin rəhbərliyi altına keçən Kürdüstan Demokrat Partiyası ABŞ-ın 1990-cı ildə Birinci Körfəz müharibəsində İraqa ilk hərbi müdaxiləsiylə Türkiyənin də himayədarlığını qəbul etdi. Dolayısıyla, bir sıra dövlətlərin bir-birinə qarşı istifadə etdiyi kürd separatizmi beynəlmilləlləşdi və bugünkü vəziyyətə gəldi.
Rusiyanın ikinci “kürd kartı”
Yuxarıdakı tarixi xronikadan da göründüyü kimi, Rusiya Yaxın Şərq hegemonluğu məqsədilə dəstəklədiyi Bərzani hərəkatını İran və İraqda öz məqsədinə çatdıqdan sonra qurban verdi. Amma bu, hələ Moskvanın kürd separatizmindən tamamilə imtinası mənasına gəlmirdi. 1973-ci ildə Bərzanidən imtina edən rus imperializmi bir neçə ildən sonra ikinci bir “kürd kartı”nı ortaya çıxaracaqdı. Bu da 1978-ci ildə yarandığını rəsmən elan edən PKK idi.
Türkiyəni ABŞ cizgisindən ayırmaq üçün yaradılan və bu yöndə yetərincə istifadə edilən PKK-nın Moskva tərəfindən dəstəklənməsi hətta SSRİ dağıldıqdan sonra da, Rusiyanın ən ağır iqtisadi böhran keçirdiyi dövrlərdə belə, dayanmadı. Əksinə, 1990-2000-ci illər bu terror təşkilatının ən aktiv olduğu dövrləriydi. Ağır iqtisadi böhrana rəğmən, Rusiyanın PKK kartından vaz keçməməsi bir sıra amillərlə izah olunur.
1-ci məqsəd: Türkiyənin post-sovet məkanına yayılmasının qarşısını almaq
Bu amillərdən biri ABŞ-ın Türkiyə vasitəsilə Qafqaza və Orta Asiyaya yayılma siyasətini dayandırmaq üçün kürd faktorundan sövdələşmə predmeti kimi istifadə etmək, böyük təxribatlar yaradıb qardaş ölkədə hakimiyyət dəyişikliklərinə nail olmaq idi. Həqiqətən də, 1990-2000-ci illər arasında PKK Türkiyədə qurulan bütün hakimiyyətlərin ən böyük baş ağrısına çevrildi. 2002-ci ildə AKP-nin hakimiyyətə gəlməsilə Türkiyənin üzünü post-sovet məkanından Yaxın Şərqə çevirməsilə PKK terrorizminin səngidiyini görürük. Separatizm dalğası bir də Türkiyənin rus təyyarəsini vurmasıından sonra aktivləşməyə başladı. Türkiyə mətbuatının həmin dövrlərdə verdiyi məlumatlara görə, Rusiya PKK-nın öz mübarizəsini davam etdirməsi üçün bölgəyə xüsusi xidmət orqanlarının çox sayda əməkdaşlarını göndərir və onlar separatçılarla eyni səfdə yer alırdılar.
2-ci məqsəd: Azərbaycanın enerji siyasəti önündə mane yaratmaq
Digər bir amil isə, nə qədər təəccüblü olsa da, Azərbaycanın enerji siyasətilə bağlıdır. Mütəxəssislərin fikrincə, Rusiya post-sovet məkanının enerji mənbələrinin yeganə satıcısına çevrilmək istəyirdi. Bunun üçün isə digər layihələrin keçəcəyi marşrutlar terror təhlükəsi altında qalmalı və xarici şirkətlər Rusiyadan asılı vəziyyətə salınmalıydı. İddia edilir ki, 1990-2000-ci illərdə Türkiyə ərazisini bürüyən PKK hücumları Bakı-Ceyhan boru xəttinin çəkilməsini ən azı 10 il yubatdı. 1989-cu ildə layihəsi hazırlanan boru xəttinin inşasına yalnız 2002-ci ildə başlamaq nəsib oldu – o da ABŞ-ın rəsmən BP-yə təzyiqləri nəticəsində. Həmin dövrlərdə Rusiya da, İran da öz boru xətlərini Türkiyədə rahatlıqla çəkə bilirdilər.
Ən maraqlı hadisə isə Bakı-Ceyhan boru xəttinin ilk variantdakı marşrutunun dəyişilməsi idi. Xəritələrdən aydın görünür ki, Ərzuruma qədər ən qısa yolla keçən boru xətti bu nöqtədən sonra qövsvarı forma almağa başlayır. Həmin xətt isə Türkiyədə qurulmaq istənilən xəyali “Kürdüstan”ın sərhədləridir. Sanki beynəlxalq şirkətlər boru xəttinin təhlükəsizliyi üçün dolanbac yolları seçiblər.
bakı ceyhan kürdüstan1
Şəkildə: Bakı-Ceyhan xətti və xəyali "Kürdüstan" xəritəsi
Bununla belə, Bakı-Ceyhan boru xəttini PKK hücumlarından da qorumaq mümkün olmadı. 2006-cı ilin yay aylarında ilk neft nəqlinin həyata keçirildiyi Bakı-Ceyhan xətti 2008-ci ilin avqustunun 5-də terror hücumuna məruz qaldı. Ərzincanın Rəfaniyə rayonunda partladılan kəməri söndürmək 3 həftə çəkdi. PKK-nın üstləndiyi bu terror hadisəsindən ən çox itirən də elə Azərbaycan oldu. 30 min barrel neftin ətrafa yayılması, xeyli neftin yanması nəticəsində Türkiyə gündə 500 min, BP və ortaqları gündə 5 milyon dollar ziyana düşdü. Azərbaycanın itkisi isə 1 milyard dollar idi.
Hadisənin Rusiyanın Gürcüstana hücumundan 3 gün əvvəl törədilməsi də diqqətçəkicidir. Həmin hücum zamanı rus ordusunun Gürcüstandan keçən boru xəttinə qədər irəlilədiyi bildirilir. Sanki Moskva beynəlxalq şirkətlərə Bakı-Ceyhanın təkcə Türkiyə yox, həm də Gürcüstan ərazisində təhlükədə olduğunu xatırlatmaq istəyirdi.
Rus diplomatının PKK ilə bağlı açıqlamalarına bu konteksdən nəzər salanda təhdidin təkcə Türkiyəyə qarşı yönəlmədiyi aydın olur. Açıq şəkildə deyilməsə belə, deyəsən, Rusiyanı həm də Azərbaycanın enerji siyasəti narahat edir. Nəzərə alsaq ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfərində də TANAP və TAP layihələri gündəmə gətirilmişdi. Elə həmin ərəfədə Rusiya prezidentinin öz alternativ layihələri olan “Türk axını”nı təsdiqləməsi və üzərində bir neçə gün keçməmiş diplomat Aleksandr Botsan-Xarçenkonun PKK-nı terrorçu təşkilat kimi hələ tanımadıqlarını xatırlatması nəyəsə işarə kimi görünür.
Amma nəyə? Doğrudanmı, bu sualın əlavə cavaba ehtiyacı olduğunu düşünürsünüz?
Heydər Oğuz
Strateq.az