Azərbaycanlı “investor”dan Kiprdə 2.5 milyon avroluq-FIRILDAQ
17-05-2017, 14:52
Kipr polisi Azərbaycandan olan 53 yaşlı kişinin həbsinə order verib. Virtualaz.org xəbər verir ki, buna səbəb həmin şəxsin özünü nüfuzlu investor kimi təqdim edərək Kipr adasında otel tikintisi layihəsi adı altında 35 yaşlı yunan biznesmendən 2.5 milyon avro alaraq aradan çıxmasıdır.
“Cyprus Mail” nəşrinin yazdığına görə yunan biznesmen polisə şikayətində Azərbaycandan gedən şübhəlinin onu aldatdığını və Kiprdə otel tikintisi ilə məşğul olduğunu deyib. Yunanın etibarını qazanan azərbaycanlı fırıldaqçı onu inandırıb ki, həmin otelin 2.5 milyon avroluq səhmlərini alsın.
Şikayətçinin bildirdiyinə görə, onlar 53 yaşlı azərbaycanlı ilə ötən ilin yayında Limasolda tanış olublar. Kurort şəhəri Limasol Kiprin cənubunda yerləşir və ölkənin ikinci ən iri şəhəridir. Məlumata görə “tərəfdaşlar” şifahi razılığa gəliblər ki, yunan biznesmen azərbaycanlı “investorun” adada inşa edəcəyi oteldən 2.5 milyon avroluq səhm alsın. Yunan biznesmenin bildirdiyinə görə, o, həmin azərbaycanlı ilə cəmi üç dəfə görüşüb və üst-üstə 2.5 milyon avro ödəyib. Lakin ötən ilin oktyabr ayından ondan xəbər ala bilməyib.
Biznesmen ona milyonlarla avro “atan” şəxsin dalınca Azərbaycana da gəlib. Polisə müraciət edib. Lakin bəxti gətirməyib. Azərbaycan hakimiyyətindən yunan biznesmenə deyiblər ki, həmin adam dələduzdur və başqa adamları da aldadıb, pullarını mənimsəyib. Hazırda axtarışdadır.
Məlumata görə Limasol polisi azərbaycanlının barəsində həbs orderi çıxarıb və onun adını göründüyü yerdə saxlanılmalı olan şəxslər siyahısına daxil edib. Lakin şəxsin barəsində İnterpol xətti ilə beynəlxalq axtarışın verildiyinə dair məlumat yoxdur.
Xatırladaq ki, son illər Azərbaycanda dələduzluq, o cümlədən iri məbləğlərdə dələduzluq əməlləri ilə bağlı cinayətlər artıb. İnsanların tamahı və asan yolla varlanmaq istəyi onları sayları günü-gündən artan peşəkar dələduzların toruna salır. Hazırda məhkəmələrdə iri məbləğlərdə dələduzluq əməli üzrə çoxsaylı işlərə baxılmaqdadır.