Qarabağda qəbirləri eşən kəşfiyyatçılar və Azərbaycana taun yaymaq istəyən həkim
25-05-2017, 17:47
80 il əvvəl sovet bioloqu Leva Zilber ölümcül virus aşkarlayaraq, onun qarşısını aldı. SSRİ-ni böyük bəladan qurtarmış məşhur bioloq sonradan həbs edildi. Onun həbs olunmasına səbəb Bakı idi, daha doğrusu, bioloqu Bakını taun bəlasına yoluxdurmaqda ittiham edərək barmaqlıqlar arxasına atmışdılar.
Publika.az Bakını tauna yoluxdurmaqda ittiham edilən bioloq Lev Zilber haqda tarixi faktları təqdim edir.
Məxfi məktub və Uzaq Şərq ekspedisiyası
Hər şey 1937-ci ilin mayında başlandı. SSRİ-nin Uzaq Şərq qoşunlarının komandanı marşal Blyuxer müdafiə komissarı Voroşılova şifrələnmiş məktub göndərdi.
"Naməlum xəstəliyə görə əsgərlər və zabitlər arasında yüksək ölüm halları müşahidə olunur”, - məktubda deyilirdi.
SSRİ Xalq Səhiyyə Komissarlığı Blyuxerə 10 professor göndərməyə qərar verdi. Onların başında Zilber gedəcəkdi. Lakin Zilber şərt qoydu ki, "ya ekspedisiyanı şəxsən özüm təşkil edirəm, bütün məsuliyyəti üzərimə götürürəm, ya da getmirəm”. Əvvəlcə onu rədd etdilər. Lakin uzaq Şərq SSRİ üçün vacib idi. Bölgədəki meşə, filiz, qızıl yataqları istismar edilirdi. Kreml isə Yaponiya təcavüzündən ehtiyat edərək, orada böyük qoşun saxlayırdı. Əsgərləri qorumaq vacib idi. Buna görə də Voroşılovun sərəncamı ilə Zilberə bütün səlahiyyət verildi. Zilber ekspedisiyaya köhnə və yanlış elmi fikirləri qəbul etməyən gənc mütəxəssisləri topladı. Əslində, o, düzgün addım atmışdı.
1935-ci ildə Uzaq Şərqdəki həkimlər sirli xəstəliyi "zəhərli” qrip olaraq təqdim edirdilər və qeyd edirdilər ki, buna səbəb yapon ağcaqanadıdır. Əgər Moskvada oturub bu iddia üzərində baş sındırmaq lazım olardısa, o zaman minlərlə insan ölə bilərdi. Zilber hərəkətə keçdi. 1937-ci ilin 5 may tarixində SSRİ Xalq Səhiyyə Komissarlığının ona bütün səlahiyyətlər verən və lazımı orqanların köməyini təmin edən 1-17 nömrəli mandatını aldı. Artıq iki həftə sonra Zilber öz komandası ilə Uzaq Şərqdə tədqiqatlara başlamışdı.
Sirli xəstəlik
Zilber ilk növbədə meşə sənayesi müəssisəsinin xəstəxanasında son üç ildə qeydə alınmış xəstəliklərin tarixlərini öyrəndi. Məlum oldu ki, sirli xəstəlik insanlara əsasən yayda yox, yazda yoluxur. Halbuki, yapon ağcaqanadları yayda bölgəyə gəlirlər. Bununla yanaşı, əsasən tayqa meşələrində işləyənlər xəstələnirdi və onların əksəriyyəti bir-biri ilə təmasda olmurdu. Bu, "zəhərli qrip”in hava-damcı yolu ilə keçməsi nəzəriyyəsini təkzib edirdi.
Bioloq xəstəxanada ilk xəstələnən qurbanla görüşdü. Xəstə evdar qadın idi və son iki il ərzində doğma tayqa meşəsini tərk etməmişdi. Başqa insanlarla ünsiyyət saxlamırdı və onun yaşadığı ərazidə heç vaxt ağcaqanad olmurdu. Zilber hiss edir ki, virusun izinə düşüb. Evdar qadın xatırlayır ki, o, xəstələnməmişdən iki həftə əvvəl tayqada keçənilki sidr fındıqlarını toplayırmış, evə qayıdanda isə bədəninə batmış gənələri görüb. Və bununla Zilber virusun mənbəyini tapır: bu gənələr idi.
O, dərhal hərəkətə keçir və iyunun 10-da yerli səhiyyə orqanlarının iclasında xəstəliyə qarşı profilaktik tədbirləri tamamilə dəyişdirməyin lazım olduğunu elan edir. Beləliklə, dünya səhiyyə tarixində naməlum virus tez bir zamanda aşkar edildi. Və bunu "Sovet tibbinin qələbəsi” elan etdilər. Zilberə Stalin mükafatı verdilər.
1937-ci ildə isə professoru və onun iki əməkdaşını DTK agentləri həbs etdi. Səbəb nə idi?
.... Uzaq Şərq ekspedisiyasını uğurla başa vuran Zilberi bir gün Azərbaycanın Xalq Səhiyyə Komissarlığı təcili çağırır. Artıq gecə saat 04:00-da professor lazımı avadanlıq və əməkdaşları ilə birlikdə qatarla Qarabağa yola düşmüşdü. Məqsəd taunun qarşısını almaq idi. Daxili İşlər Xalq Komissarlığının Qarabağdakı yerli nümayəndələri bildirirdilər ki, xarici ölkənin bölgəyə atılmış diversantları-kəşfiyyatçıları qəbirləri açır, cəsədlərin ürəyini, qaraciyərini kəsərək, infeksiyanı yayırlar. Lakin Zilber bu versiyanı cəfəngiyyat adlandırdı.
"Bir neçə gün ərzində laboratoriyada taun virusunu hazırlamaq və minlərlə insanı öldürmək olar. Nə üçün diversantlar cəsədlərin orqanlarını kəsirlər? Axı onların özü də buna yoluxa bilərlər”, - deyə o bildirir.
Başı kəsilmiş, ürəyi çıxarılmış cəsədlər
Zilberi qəbiristanlığa aparırlar. Çünki İslam dini qəbirləri açmağın əleyhinə idi. Buna görə də işi gecəyarısı gizli həyata keçirirlər. Zilber məşəllərin işığında 10-a qədər təzə qəbiri açır. Alim dəhşətə gəlmişdi. Həqiqətən də bir neçə cəsədin başı yox idi, bəzilərinin dalağı, qaraciyəri, yaxud ürəyi çıxarılmışdı.
Zilber ümumi karantin elan edir, lakin o, diversant xəbərinə inanmır. Köhnə tibb jurnallarından tapır ki, bölgədə vaxtilə taun olub və indi həmin xəstəlik yenidən oyanıb.
Bəs başları, orqanları kəsilmiş cəsədlər nə idi?
Bir az rus dilində danışmağı bacaran yerli müəllim Zilberə sirri açır. Bildirir ki, yerli əhali arasında qəribə bir mövhumat var: "Əgər ailədə bir nəfər ölürsə, onun canlı olması inancı var. Əgər ölü qəbirdə canlıdırsa, deməli digər doğmaları da "aparmağa gələcək”. Ölünün canlı olub-olmadığını bilmək üçün qəribə üsuldan istifadə olunur. Atı qəbirin üstünə aparır və ona yulaf verirlər. Əgər at qəbirin üstündə yulafı yeməsə, deməli həmin ölü canlıdır və qəbiri qazıb, həmin ölünün başını kəsmək, yaxud ürəyini və digər orqanlarını çıxarmaq lazımdır. Çıxarılan orqanlar qohumlara verilir, beləliklə də, onlar ölümdən xilas olunurlar”.
Məhz bu sirdən sonra Zilber müəyyən edir ki, vaxtilə bölgədə olmuş infeksiya bu yolla yayılır. O, infeksiyanın yayılmasının qarşısını almağı bacarır. Bakıda onu qalib kimi qarşılayırlar və Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edirlər.
Azərbaycanda taun yaymaq ittihamı
Lakin tezliklə Zilber həbs olunur. Onu Dağlıq Qarabağda taunun yayılmasında və Bakını "qara ölüm”ə yoluxdurmaq cəhdində ittiham edirlər. Bütün SSRİ-ni bəladan qurtaran insan qəfil "xalq düşməni” elan edilir. Zilber 4 ay zindanlarda qalır, lakin bütün ittihamları rədd edir. Bir il yarımdan sonra kiçik qardaşı, yazıçı Venyamin Zilberin (təxəllüsü: Kaverin) köməyi ilə həbsdən xilas olur. Qardaşı yazırdı ki, Zilberi SSRİ Mikrobiologiya İnstitutunun müdirinin "danosu” əsasında tutmuşdular. Müdir Zilberə ya paxıllıq edirdi, ya da onu Uzaq Şərq ekspedisiyasına götürmədiyi üçün qisas alırdı.
Yuxarıların göstərişi ilə Zilberi məhkəməsiz azad etdilər, bütün hüquqları bərpa olundu. O, Mərkəzi Epidemiologiya İnstitutunda və SSRİ Xalq Səhiyyə Komissarlığında virusologiya bölməsinə rəhbərlik etdi, gənələr haqda monoqrafiyasını tamamladı. Alimin həbsxanada böyrəkləri sıradan çıxmışdı, həmçinin, onun qabırğalarının çoxu sınıq idi. Lakin bunu bilənlərə belə deyirdi: "Mənim qabırğalarım uşaqlıqdan əyri bitib”.
Həyat Zilberin üzünə gülmədi. 1940-cı ildə onu yenidən həbs etdilər. Bu dəfə o dövr üçün dəhşətli hesab olunan ittihamlarla: əksinqilabi təbliğat, vətənə xəyanət, casusluq, həmçinin, xalq düşməni Rıkovla əlaqə.
4 il ərzində Zilber dustaq həyatı yaşadı. Yalnız 1944-cü ildə azad olundu. Buna səbəb isə kəşf etdiyi dərmanların həmin il minlərlə sovet əsgərini xilas etməsi idi. Stalin onu mükafatlandırdı və alimi təcili azad etdilər.